Tarixdən itirilmiş üç əsr

Tarixdən itirilmiş üç əsr

Qərbi Avropada orta əsrlərin ilkin dönəmlərdən barədə dünya tarix elmində etibarlı sayılacaq həddən ziyadə az mənbələr var. Hansısa adamın varlığı və ya baş vermiş hadisənin reallığını müəyyənləşdirmək üçün alimlər əksər hallarda bir sıra törəmə, ikinci dərəcəli sübutları bir araya gətirib tutuşdurmalı olurlar. Orta əsrlərdə Avropada baş vermiş hadisənin dəqiq tarixini müəyyənləşdirmək çox çətindir, axı ilkin orta əsrlərdən bəhs edən xronoloji yazılar, kitabələr və salnamələr yox dərəcəsindədir. Dəqiq tarixi yazılmış azsaylı sənədlər isə fantastik təqvim, illərin hesablanması ilə insanı heyrətə salır, ya da ağlagəlməz rəqəmlərdən ibarətdir.

Lakin bir qədər səbr edərək Avropadakı qədim monastır və kilsələrin kitabxanalarında eşələnəndə guya X əsrə şamil edilən, əslində isə tarixi sonradan yazılmış xeyli əlyazma tapmaq olar. Avropalı tarixçilərin tam əksəriyyətinin fikrincə, bu "sənəd"lər çox kobud saxtakarlıq təsiri bağışlayır.

İş o yerə çatıb ki, Müqəddəs Roma İmperiyasının imperatorunun şəxsi salnaməçisi naməlum səbəbdən 700-ci ildəki sənədə "1000-ci il" tarixi qoyub.
Bununla da Avropa ilə yanaşı, bizim də tariximizin tam 300 ili oğurlanıb.
614 və 911-ci illər arasında "fasilə" var. 300 illik fasilə barədə heç bir dəqiq sənədlər qalmayıb - sanki, həmin illər olmayıbmış.

Almaniyadakı Münhen Universitetinin tarixçisi Heribert İlliqin fikrincə, Müqəddəs Roma İmperiyasının imperatoru III Otton və Roma Papası II Silvestrin hakimiyyətdə olduqları vaxtlar real zamanla müqayisədə 300 il gec göstərilib.
Təbii ki, belə kobud səhvlər təsadüfən yarana bilməzdi və onların real, ciddi səbəbləri vardı.

Möhtəşəm kral və sarsaq maral


Bəs yaxşı, german (alman yox, məhz german - çünki o zaman "alman" milləti ümumiyyətlə, yoxdu) kralı ilə Roma Papasının tarixi saxtalaşdırmaq nələrinə gərəkdli?! Xristian təqvimində 1000-ci il yetərincə əlamətdar sayılır.


Keşişlərin dediklərinə görə, bu sənə Məhşər Günü ərəfəsində son dövrün başlandığını göstərirdi.
II Otton da xristian Avropasını Roma və Vatikan ətrafında birləşdirməyə çalışırdı. "Məşhər Günü ərəfəsində son dövrün" çatdığını bəyan etmək və Roma Papası ilə birlikdə xristianlı qorxutmaq ona sərf edirdi.
Çünki kütləni qorxu içində saxlamasan, onu idarə edə bilməzsən.

Di gəl, tarixi faktiki olaraq 3 əsr irəli çəkmək üçün imperatorlarla Papanın həddən az adamın oxuya biləcəkləri sənədlərdə dəyişikliklər etmələri yetərli deyildi. Onlar 297 ili olmamış, uydurma hadisələrlə doldurdular.

Beləcə, 614-911-ci illər arasındakı dövrdə guya baş vermiş macəralar, hadisələr, qəhrəmanlıq və satqınqlıq dastanları yaradıldı. Amma nə edəsən ki, həmin hadisələrdən bəhs edilən salnamələr işini yaxşı bilən tarixçi keşişlərin yazdıqları quru faktlar sadalanmasından daha çox dastan və rəvayət yığınına bənzəyir.

Məşhur italyan tarixçi, «Liber de Regno Sicilie»nin müəllifi Hüqo Falkand bildirir ki, belə yalançı rəvayətlərindən birində Avropada ilk xristian kral sülaləsinin əsasını qoymuş Böyük Karldan bəhs olunur. Hakimiyyətə və taxta olan iddialarını daha da möhkəm etmək üçün Müqəddəs Roma İmperiyasının imperatorları, o cümlədən III Ottton daim Böyük Karlın şücaət, cəsarətindən, onun sarayının hədsiz dəbdəbəsindən bəhs edərdilər.

Əfsanəvi kralın Sürix şəhərinin əsasını qoyması barədə rəvayəti xatırlamaq yetər.
Salnamədə yazılır: "... Günlərin birində Böyük Karl başının dəstəsi ilə ova yollandı və çox gözəl, nəhəng bir buğa maralın izinə düşdü. Ovçular buğanın arxasınca düşsələr də, maral yerindən götürülüb ildırım sürəti ilə yaşıl çəmənliklərlə qaçmağa başladı. Kral və onun dəstəsi Aahen şəhərindən ta sonradan Sürix şəhəri olacaq yerə qədər dayanmadan çapdılar.

Alp dağlarının ətəyindəki bu yerdə maral qəflətən durdu. Kral anladı ki, buğa maral boş yerə durmayıb. O, maral duran yeri qazmağı əmr etdi və məlum oldu ki orada xristian əzabkeşlərdən birinin məzarı var. Həmin məzarların üzərində kilsələr tikildi, kilsələrin ətrafında sonralar Sürix şəhəri yarandı".

Bu yerdə bir anlıq biz də duraq. Çünki Aahen və Sürix şəhərləri arasındakı məsafə 600 kilometrdir.
İndi təsəvvür edin: kral maralın arxasınca düşür, 600 kilometri dayanmadan çapır, bu zaman 5 çaydan keçir.

İnanılası işdirmi? Sizi bilmirəm, amma avropalı tarixçilər buna inanmırlar.
Başqa salnamədə deyilir: "... Günlərin birində ərəb xəlifəsi Böyük Karla qızıl nizə hədiyyə etdi. İmperator da ayağa durdu, nizəni atdı və nizə də ta Bizansa çatdı. Nizə Konstantinopoldakı Müqəddəs Sofiya kilsəsinin günbəzinə dəydi və geriyə, düz Böyük Karlın taxtının yanına qayıtdı".
Bu"tarixi fakt"ı isə şərh etmək belə, "günah"dır.

İnsanlar yalan danışar. Daşlar isə - əsla...


Həmin yalanların, habelə yaşanan illərin ən etibarlı şahidləri yalançı keşişlərin yazdıqları salnamələr yox, daş bina və tikililərdir. Avropada erkən orta əsrlərə aid bir sıra binalarda əcaib düzənsizlik var. Daha doğrusu, həmin binaların inşaat texnologiyaları vaxtını xeyli qabaqlayır.

Məsələn, Aahen şəhərindəki Böyük Karl kilsəsinin 800-ci ildə tikildiyi iddia olunur. Mütəxəssislər isə bu memarlıq şedevrinin inşası zamanı XII əsrdəki tiexnlogiyalardan istifadə olunduğunu deyirlər və dediklərini də faktlarla sübut edirlər.
Belə çıxır ki, Aahendəki kilsəni 800-ci ildə tikənlər divar hörmənin "şahmat" texnologiyasını, günbəz və tağların ağırlıqlarının həndəsi bölünməsini, erkən qotik stilin memarlıq üslublarını əla biliblər.

Halbuki elə həmin erkən qotik stil Avropa memarlığında yalnız XII əsrin ikinci yarısında formalaşmağa başlanmışdı.
Məşhur ispan tarixçi Alvaro de Fieroa-i-Torres bildirir ki, bundan başqa, Almaniyada 614-911-ci illərdə tikilmiş binalar yoxdur. Belə çıxır ki, almanlar 300 il ərzində Böyük Karl kilsəsindən başqa heç nə tikməyiblər?

III Ottonun salnamələrində İspaniyanın Əndəlüs vilayətindəki möhtəşəm saraylardan bəhs olunur. Amma həmin binaların istisnasız olaraq hamısı 950-ci ildən sonra tikilib.

Uydurma hadisələr, müəmmalı faktlar


İnadkar və savadlı araşdırmaçı "oğurlanmış" 3 əsrlik dövrdəki həyatla bağlı faktlar əldə etmək üçün tədqiqatlara başlayanda mütləq şəkildə uydurma hadisələr, müəmmalı faktlar və əfsanəvi şəxsiyyətlərin məkanına düşür.

Alman tarixçi Heribert İlliq müxtəlif təqvimlərdəəki maraqlı paralellərdən bəhs edir. İndiki İran ərazisində orta əsrlərdə baş vermiş hadisələri Avropa tarixinin müvafiq dövrü ilə əlaqələndirmək çozx çətindir.
Sadəcə, bəəzi əyan faktlara müraciət edək.

641-ci ildə ərəblər İranı ələ keçirdilər və oradakı zərdüştülüyü aradan qaldıraraq İslamı yaymağa başladılar. Di gəl, hətta X əsrdə belə, İran, xüsusilə də onun şərq bölgələri tamamən müsəlman deyildi. Bəlkə ərəb xilafətinin xəlifələri həddən ziyadə yumşaqlıq ediblər və təəbələrinin bir qisminin Günəşə, oda sitayiş etmələrinə izn veriblər?

İtalyan tarixçi Cüzeppe Boffa yazır ki, İslamı qəbul etməyən iranlılar ölkələrini tərk etdilər. Atəşpərəst iranlılar Hindistanda məskunlaşdılar və pars adlandılar. İndi onlar Hindistanda əlahiddə, ayrı kasta kimi yaşayırlar. İranın şərqində və qonşu ölkələrdə də atəşpərstliyi qorumuş zərdüştilər yaşayırlar.

İranlı zərdüştilər isə hələ də anlamırlar ki, Hindistanda yaşayan parsların təqvimi nə üçün İran və başqa ölkələrdəki təqvimdən 300 il fərqlənir.

Səbəb sadədir: Hindistana köçmüş iranlılar illəri əvvəlki təki, oğurlanmış üç əsr olmadan hesablayırlar.

İndi 2011-ci yox, 1711-ci ildir?


IIII Ottonun ağlına üç əsrlik tarixi uydurmağın niyə gəldiyyi barədə yalnıx təxminlər etmək, gümanlar səsləndirmək olar. 995-ci ildə, 15 yaşında taxta çıxmış III Otton 1002-ci ilin yanvarın 23-də, çox gənc ikən dünasını dəyişmişdi. O vaxt xristian Avropası üçün çox ağır dövrlərdi. Cənubda ərəblərin istilaları davam edirdi və müsəlmanlar o qədər irəliləmişdilər ki, german torpaqlarına real təhlükə yaradırdılar.

Şimalda vikinqlər və bütpərəst slavyanlar at oynadaraq germanların kəndləri ilə qalalarının viran qoyurdular. Gənc III Otton isə dönəmi üçün savadlı, geniş dünyagörüşünə malik insandı. O, Romanı dünyanın paytaxtına çevirmək, bütün xristian Avropasını Roma ətrafında birləşdirməyə çalışırdı.
Fransız tarixçi Jaklin de Romiyi yazır ki, vaxtının çoxunu Romada keçirən III Otton orada müxtəlif dəbdəbəli ayinlər və bayramlar "icad" edir, burclərin nişanları olan kral paltarı geyirdi. Onun beynindəki fantastik ideyalar dini fanatizm, ibadətlər və "xristianlıq uğrunda" vücüduna əzab verməklə tən gəlirdi.

Kralın sağ əli olan Roma Papası II Silvestr də gənc idealistdi və bununla da sələflərindən xeyli fərqlənirdi. Çünki X əsrdə Papa taxtı etiqad və mənəviyyat nişanəsi deyildi. Keşişlər hədsiz hakimiyyətə malik olduqlarından canlarına korluq vermir, eyş-işrətlə məşğul olurdular. Onların tamahkarlığı, şorgözlüyü və əxlaqsızlığı zərb-məsəllərə çevrilmişdi. Avropadakı xalqları belə kilsə ətrafında birləşdirmək olardımı?!

Çətin. Ona görə də kral və Roma Papası Məşhər Günü ərəfəsində son dövrü bəyan edərək insanları düşünməyə, Tanrını və onun buyurduqlarını xatırlamağa vadar etmək istədilər.
İdeya sadəlövh və ilk baxışdan bir qədər mənasız təsir bağışlasa da, işlək oldu.
Beləcə, avropalılar tarixlərinin tam 3 əsrini "itirdilər".

«Dünyada oğurlanmış hər şeyi qaytarmaq olar. Bir bizdən oğurlanmış bu varidatdan savayı...»


Avropalılarla yanaşı, bizlər də itirdik.
Çünki həmin dönəmlərdəki hadisələr arasında indiki Azərbaycanda baş verənlər də vardı. Avropa ta 1430-cu ilə qədər ulu babalarımızın meşədə yaşadıqlarını, türklərin ağac yeyən və ağacda yatan insan olduqlarını düşünürdü.

Məsələn, X əsrdə yaşamış alman tarixçi Şlauviqli Peter «Avropa və ondan kənardakı torpaqlar» adlı əsərində yazırdı: «Deyirlər ki, çox uzaqlarda, dağların qoynunda müxtəlif ölkələr var, orada ərəblərə qarşı vuruşan və dinlərini dəyişmək istəməyən, amma sonda məğlub olmuş insanların törəmələri yaşayır. Onlar müsəlman olsalar da, ərəb deyillər. Onların şəhərləri yoxdur və hamısı meşələrdə, ağaclarda yaşayır. Ağaclarda yaşadıqları üçün aclıq olanda ağac yeyir, bəxt üzlərinə güləndə də ov edirlər. Onların at sürüləri də var və bu adamlar atı özlərinə qardaş bilirlər. Amma atın südünü içir, günləri pis olanda atın ətini yeyirlər. Həmin adamlarda yazmaq və oxumağı bilən kimsə yoxdur, çünki vəhşilərdir».

Xatırladaq ki, Şlauviqli Peter bunları yazanda Azərbaycanda şəhər-dövlətliklər, sultanlıqlar və hətta kiçik qala-dövlətlər belə, vardı. Yazmaq-oxumağa gəldikdə isə, həmin dönəmlərdə yaşamış şair, riyaziyyatçı, astronom və digərlərini xatırlamaq yetər.

Avropada orta əsrlərin erkən dönəmlərində, tarixçilərin indi «qaranlıq çağlar» adlandırdıqları vaxtlarda kral və Papanın birgə səyləri nəticəsində tarixin saxtalaşdırılması 3 əsrlik hadisələrin üstündən xətt çəkdi. İndi tarixçilər hədsiz əmək və səy göstərərək, həmin dövrlərdə baş vermiş real hadisələrin xronologiyasını bərpa etməyə, hadisələrin gerçək axarını bərpa etməyə çalışırlar.

Fransanın ən məşhur tarixçilərindən sayılan Oqüst Karayon, Jan-Batist Rokol, Edqar Kine və Rene Müsso-Quların fikrincə, Avropa ilə yanaşı, Avrasiya xalqlarının tarixindən oğurlanıb həmin üç əsr.

«Dünyada oğurlanmış hər şeyi qaytarmaq olar. Bir bizdən oğurlanmış bu varidatdan savayı...» - Edqar Kine demişdi.

Məhur italyan alim, tarixçi və intellektual Benedetto Kroçenin bu barədə dedikləri də maraqlıdır: «Avropanın oğurlanmış üç əsri bizi uzun əsrlər boyu türklər və ərəblərlə münasibətlərdə çox pis davranmağa vadar etdi. Məsələn, Xəzər dənizinin sahilindəki insanların «vəhşi, ağaclarda yaşayan adamlar» olması barədə sərsəm fikirlərə Avropa tam 5 əsr inanırdı. Halbuki həmin dövrlərdə türklərlə aramızdakı əlaqələr daha sıx və normal olsaydı, bir-birimizə düşmən kəsilməzdik. Bir anlıq təsəvvür edin ki, belə olardısa, tariximiz necə dəyişər, inkişafımız necə sürətlənərdi. Bu illər hər birimizin itirdiyi sərvətdir».

Mənbə: milli.az/
Top