Artıq yay mövsümü yaxınlaşır, bu isə o deməkdir ki, isti havalarda daha sərin içəcəklərə üstünlük verəcəyik. Aşağıda sizə müxtəlif meyvə, tərəvəz və bitkilərdən hazırlanmış buz kublarını təqdim edəcəyik. Bu kubları içdiyiniz suya əlavə etməklə həm suyu sərinləşdirəcək, həm içkinizə xüsusi görünüş vermiş olacaqsiniz. Eləcə də kublar xüsusi tədbirlərdə, yığıncaqlarda qonaqlara və dostlarınıza hazırladığınız masaya əyləncə qatacaq. Bu buz kubları süfrəyə xüsusi gözəllik və qeyri-adi bir görüntü bəxş edir.
Qaragilə və laymlı buz kubları– Qaynanmış suyu soyuducuda tamamilə soyuyana qədər saxlayın. Buz qablarının içinə 1 laym dilimi və 2-3 qaragilə qoyun və üzərinə soyuq suyu əlavə edin. Dondurucuda saxlayın.
Çiyələkli buz kubları– Eyni prosesi təkrar edin. Çiyələkləri yarıya bölün və hər bir buz qabının hər bir kvadratına yarım çiyələk qoyun.
Kəklikotulu buz kubları– Bunun üçün bir ovuc kəklikotu lazımdır. Eyni qayda təkrarlanır.
Limonlu buz kubları– Limonları çox nazik və kiçik dilimlərə bölüb eyni prosesi tətbiq edin.
Xiyar və nanəli buz kubları– Xiyarı çox kiçik dilimlərə bölün və hər bir buzqabının hər bir hissəsinə bir nanə yarpağı və bir nazik xiyar dilimi yerləşdirin.
Qızılgül buz kubları– Buz qabının hər bir hissələrinə bir qızılgül ləçəyi yerləşdirin və yuxarıdakı prosesi təkrar edin.
Eyni zamanda stəkanda sadəcə maraqlı görünüş almaq üçün bənövşə, çobanyastığı və digər çiçəklərin ləçəkləri və ya nar dənələrini də eyni qaydada donduraraq istifadə edə bilərsiniz. Hətta görünüşə bir az da əyləncə qatmaq üçün buz kublarını ürək, ulduz və digər formalarda dondura bilərsiniz.
Afaq Aslanova
«Züleyxa» jurnalı