Balqabaq çox xeyirli tərəvəzdir. Onun tərkibində müxtəlif vitaminlər (A, C, D, E, PP, K, B qrupu), aminturşular, zülallar, sellüloz, müxtəlif faydalı mineral maddələr (kalium, kalsium, maqnezium, ftor, sink, fosfor və s.) var.
Balqabaq dəmirlə olduqca zəngindir. Bu balqabağı uşaqlar və hamilə qadınlar üçün çox faydalı edir. Balqabaq karotinlə də çox zəngindir. Karotin insan orqanizmində güclü antioksidant olan A vitaminə çevrilir. Uzun müddət ərzində saxlanıldıqda balqabaq öz faydalı xüsusiyyətlərini itirmir.
Meyvə və tərəvəzlər az olan soyuq fəsillərdə balqabaq orqanizmi bütün ona lazım olan vitamin və mikroelementlərlə təmin edir. Balqabaq immunitet yaxşılaşdırır, həzm, ürək-damar, sinir sistemi, böyrəklər, gözlər, dəri üçün olduqca xeyirlidir. Lakin balqabağın bu xüsusiyyətlərindən faydalanmaq üçün bu tərəvəzi rasiona daha tez-tez daxil etmək lazımdır.
Təqdim etdiyimiz sıyıq həm böyüklər, həm uşaqlar üçün çox xeyirlidir. Uşaqlara bu sıyığı 6 ayından başlayaraq vermək olar.
Lazım olan məhsullar:
— Düyü — 1 stəkan (ağ yumru düyüdən istifadə olunur. Qəhvəyi düyüdən də istifadə etmək olar, bu düyü növü daha faydalıdır.)
— Su — 2 stəkan
— Süd — 1 stəkan
— Balqabaq — 400 qr
— Kərə yağı, bal — zövqə görə.
Hazırlanması:
1. Düyü təmizlənir, yuyulur və 30 dəqiqə ərzində suda isladılır. Sonra divarları qalın olan qazana (çuqun qazan ən yaxşı seçimdir) qoyulur və üzərinə 2 stəkan qaynar su tökülür, duz əlavə olunur. Qaynadıqdan sonra düyü vam odda təxminən 15 dəqiqə ərzində bişirilir (qarışdırmaq lazımdır).
2. Balqabaq təmizlənir, yuyulur və gözü iri olan sürtgəcdən keçirilir.
3. Düyünün üzərinə süd və balqabaq əlavə olunur və vam odda təxminən 10-15 dəqiqə ərzində bişirilir.
4. Hazır sıyığa bal, kərə yağı (zövqə görə) və darçın əlavə olunur və yaxşı qarışdırılır. Nuş olsun!