İtalyansayağı çuğundurlu əriştə

İtalyansayağı çuğundurlu əriştə

Xanımlar, bu günlərdə hamımızın ortaq problemi – az kalorili və yüsək proteinli yeməklərdir. Etiraf etmək lazımdır ki, bu adət etidyimiz xəmir yeməkləri ilə heç də tutmur. Sizinlə paylaşacağımız resept bizim milli əriştə yeməyini xatırlatsa da, bu təamın əsas inqredienti çuğundur köküdür.

Əslində bu resepti çuğundur tozu ilə də hazırlamaq olar. Lakin nəzərə alsaq ki, bizim yerli marketlərdə onu tapmaq o qədər də asan deyil, onu bişirməyin ən asan yolu çuğundurdan istifadə etməkdir.

İçindəkilər:
* 300 qr buğda unu
* 2 yumurta
* 2 x.q. zeytun yağı
* 80 qr. qovrulmuş çuğundur (təxminən 1,5 çuğundurdan bu miqdarı əldə etmək olar)
* əriştələri yaymaq üçün buğda unu (bu resept 4 nəfərlik menu üçün nəzərdə tutulmuşdur)

Hazırlanması:
Yumurta, çuğundur və zeytun yağı püre halına gələnə qədər qarışdırılır və un qatılaraq yumru forma verilir. Xəmir 5 dəqiqə yumuşalana qədər yoğrulur.

Oxlovla yayılan xəmir plastik torbaya bükülərək 1.5 saat soyuducuda saxlanılır. Daha sonra əriştə formasında bıçaqla uzun-uzun doğranılır. Bunu makaron kəsən aparatla da edə bilərsiniz. Kəsilmiş əriştələri 1 saat quruması üçün gözləyirik. Yapışmaması üçün isə un səpilir. Daha sonra qaynayan duzlu suya atılaraq pörtlədilir.

Süfrəyə verilərkən rikotta və ya buratta pendirlərini qovrulmuş ləpə ilə qarışdırıb üzərinə səpməklə çox ləzzətli təam alacaqsınız. Nuş olsun!

Hazırladı: Şəbnəm İsrayılova
«Züleyxa» jurnalı
Top