Çoxumuzun soyuq qış günlərində isti yeməyin yanında sarımsaqlı, sirkəli, acı badımcan turşusundan ötrü ürəyi gedir… Bu dəfə sizə təqdim edəcəyimiz resept isə olduqca acı sevərlər üçün əla seçimdir. Misirsayağı badımcan şorabası süfrələrinizin bəzəyi olacaq!
Ərzaqlar:
Badımcan – 10 ədəd
Bolqar bibəri – 1 ədəd
Çili bibəri – 1 ədəd
Sarımsaq – 7 diş
Zeytun yağı – 200 ml.
Cəfəri – 1 dəstə
Sirkə – 1 x.q.
Limon şirəsi – 5 x.q.
Keşniş tumu (üyüdülmüş) – 1 x.q.
Karri (toz )– 1 x.q.
Cirə (toz) – 0,5 x.q.
Paprika (qırmızı toz istiot) – 0,5 x.q.
Duz – zövqə görə.
Hazırlanması:
Təmiz və quru badımcanların üzərinə zeytun yağı sürtüb folqa sərilmiş listə düzürük, 200 dərəcə temperaturda 20 dəqiqə yumşalana kimi bişiririk. Badımcanları soyuması üçün bir kənara qoyuruq, bəndəmlərini kəsirik. Həmin hissələri duzlayıb, 1 saat saxlayırıq.
İçliyi hazırlayırıq: şirin və acı bibəri xırda kub formasında doğrayırıq. Sarımsağı əzirik. Cəfəri xırdalanır. Bütün ərzaqlar qarışdırılır, duz, istiot, karri, sirkə, limon şirəsi, cirə, keşniş tumu, zeytun yağı əlavə edilir, qarışdırılır. İçlik hazır!
Badımcanları tən ortadan kəsirik, azca duzlayırıq, qaşıqla içliyi qoyuruq. Onları bir-bir konteynerlərə yığırıq, üzərinə zeytun yağı gəzdiririk. Qapağını örtürük və soyuducuya qoyuruq, 5 gündən sonra badımcanlar hazır! Nuş olsun!