Rahat-lokum – çox dadlı türk şirniyyatıdır. Kub formasında olub marmelada bənzəsə də, dadı seçilir. Həm böyüklərin, həm də uşaqların xoşuna gəlir. Əgər siz də onu sevirsizsə, mətbəxinizdə hazırlamağı sınayın. Biz sizə ən sadə reseptini təqdim edirik.
Ərzaqlar:
Çiyələk – 200 qr.
Jelatin – 15 qr.
Şəkər kirşanı – 150 qr.
Yarım dənə limonun şirəsi
Hazırlanması:
Çiyələklərin bəndəmləri çıxarılır, yuyulur, qurudulur. Blenderdə püre halına salınır. Əgər çiyələk mövsümü deyilsə, o zaman dondurulmuş çiyələkdən də istifadə etmək olar. Bu zaman onu yumağa gərək yoxdur.
Çiyələk püresinin içinə jelatini tökürük və bir müddət gözləyirik ki, o şişsin. Sonra bura 120 qr. şəkər kirşanı və yarım dənə limonun şirəsini tökürük, qarışdırırıq və zəif odun üzərinə qoyuruq. Jelatin həll olana kimi qarışdıra – qarışdıra bişiririk, amma qaynamağa qoymuruq(!)
Kütləni oddan götürürük və bir kənara qoyuruq ki, soyusun. Sonra kütləni həcmli və qatı olması üçün 5-6 dəqiqə mikserdə çalırıq.
Rahat-lokum üçün buz formalarını götürə bilərsiz. İçinə kağız sərirsiz, kültəni bir-bir bu kubların içinə boşaldırsız, üzərini hamarlayırsız. Özünü tutması üçün azı 5-6 saat sərin otaqda qalmalıdır. Daha sonra çıxarıb üzərinə şəkər kirşanı səpib yeyə bilərsiz. Nuş olsun!
sufrem.az