Nisuaz salatı

Nisuaz salatı

Nisuaz salatı aristokrat fransız salatıdır. Onu bütün dünyada tanıyırlar. Hara gedib salat Nisuaz desəz, biləcəklər, gətirəcəklər. Tuns və ançous balıqlarından istifadə olunur.

Ərzaqlar:
Yaşıl uzun lobya – 200 qr.
Kartof – 3 ədəd
Pomidor – 2 ədəd
Kahı salat yarpaqları – 3 ədəd
Qırmızı soğan – 1 ədəd
Ançouslar – 100 qr.
Bildirçin yumurtası – 4 ədəd.

Sousu üçün:
Sarımsaq – 1 diş
Sirkə – 2 ç.q.
Şəkər tozu – 1 ç.q.
Duz
Zeytun yağı – 2 x.q.
Xardal – 1 ç.q.

Hazırlanması:
Lobya duzlu qaynar suda bişirilir. Çalışın çox yumşaq olmasın, şux qalsın. Sonra suyunu süzüb soyudursuz. Kartofu qabıqlı bişirib, soyursuz. Pomidorlar uzunsov 4-5 yerə doğranılır. Kahı yarpaqları əllə iri bölünür.
İndi sous hazırlayın: Sarımsaq əzilir, üzərinə sirkə, duz, şəkər tozu əlavə olunub, qarışdırılır. Sonra zeytun yağı töküb mikserlə çalınır. Ən sonda xardal əlavə olunub, daha 1 dəqiqə mikserlə qarışdırılır. Sous 20-30 dəqiqəlik bir kənara qoyulur.

Salat üçün qaba kahı yarpaqları qoyulur, üzərinə nazik halqavari doğranmış qırmızı soğanlar düzülür. Kartoflar 4-5 yerə uzunsov doğranıb, üzərindən səliqə ilə düzülür. Kartofların cərgəsinə doğranmış pomidorlar düzülür. Bunların üzərindən yaşıl lobya əlavə olunur.

Suda bişmiş bildirçin yumurtalarını soyub, ortadan bölüb, salatın kənarından düzürsüz. Ançous balıqları sümükdən təmizlənir, salatın üzərinə qoyulur. Sous salata gəzdirilir və Nisuaz süfrəyə verilir. Ançousların əvəzinə tuns balığı da istifadə edilə bilər. Nuş olsun!

sufrem.az
Top