Skan ləzgi mətbəxinin ən dadlı təamlarındandır. Şəkidə piti, Lənkəranda ləvəngi nə qədər məşhurdursa, Qusarda da skan bir o qədər sevilir. Bu yeməyi ləzgilər ən sevimli qonaqları üçün bişirirlər. Yeməyin adı ləzgi dilində "çın-kan" yəni «odun üstü» mənasını verir.
Qusarda skanın onlarla növü bişirilir. Görünüş eyni olsa da, tərkibinə qatılan ərzaqlara görə dadları fərqli olur. Ən çox bişirilən skan isə ət və kartofla hazırlanır.
Skanın hazırlanması üçün un, yağ, 0,5 kiloqram qoyun əti, 0,5 kiloqram kartof, 100 qram quyruq, iki baş soğan, duz, istiot və zövqə görə başqa ədviyyələr tələb olunur.
Əvvəlcə un, süd, su, yumurta, duz qatılaraq yumşaq xəmir yoğrulur. Hazır xəmir üstü örtülərək kənara qoyulur. Sonra skanın içliyi hazırlanır. Bunun üçün ət və soğan ət maşınından keçirilərək, çox nazik doğranmış çiy kartof, göyərti, duz və istiotla qarışdırılır. Skanın içliyi zövqə görə dəyişir. Göbələkli, lobyalı, pendirli, qozlu skanlar da var.
İçlik hazır olandan sonra xəmirdən iki lavaş yayılır, yağlanıb kündələnir. Lavaşlardan birinin üstünə hazır içlik qoyulur, o birisi ilə üstü örtülür və kənarları bərkidilir. Skan tavaya qoyulduqdan sonra üstünə yağ sürtülür və çəngəllə bəzək vurulur. Sobada təxminən 40 dəqiqəyə bişir. Skan sobadan çıxarılaraq qalın süfrənin arasında saxlanılır və 10-15 dəqiqə sonra yemək üçün təqdim olunur.
İyirmi ildən çoxdur aşbazlıq edən Rəmziyyə Allahquliyeva AZƏRTAC-a müsahibəsində bildirib ki, skan restoranda ən çox sifariş verilən ləzgi yeməyidir. Qusara gələn hər kəs bu yeməyin dadına baxmaq istəyir. Xüsusilə əcnəbi turistlər skana böyük maraq göstərirlər. Yeməklə yanaşı, onun hazırlanması qaydasını soruşurlar. Skan müştərilərə 15 manata təqdim olunur.
«Ləzgilərin qədim yeməklərindən olan skan bərəkətli və doyumlu olması ilə seçilir. Bir skan böyük ailə üçün kifayət edir. Çünki onun tərkibində yağlı qoyun əti və başqa qüvvətli komponentlər var», — deyə R.Allahquliyeva qeyd edib.
Skan Qusarda, xüsusilə də kəndlərdə hər evdə bişirilir. Yeməyə el arasında skan piroqu və ya ləzgi pizzası da deyirlər.
milli.az