Gül kələmi şorbası

Gül kələmi şorbası

İnqridientlər:
Gül kələmi – 250 qram
Yaşıl bibər (başqa rəngli bibərlər də ola bilər) – 2 ədəd
Kök – 2 ədəd
Soğan (qırmızı soğan da ola bilər) – 2 ədəd
Kartof – 4-5 ədəd
Sarımsaq – 3-4 diş
Orta ölçüdə pomidor – 5-6 ədəd
Duz
Qırmızı istiot
Cəfəri (olmasa hazır göyərtili ədbiyyatdan və ya başqa göyərtilərdən istifadə etmək olar)
Zeytun yağı

Hazırlanması:
Gül kələmi müəyyən balaca hissələrə ayrılır. Təmiz yuyulur və qoyulur qaz sobasında qaynamağa. İki kökü yuyub, qabığını soyub zövqə görə doğrayıb qaynayan kələmlərin üzərinə əlavə edirik. Bunlar ayrıca qazanda qaynayan zaman pomidorlar yuyulur, qabıqları soyulur və doğranılır. Bibərləri təmiz yuyub, tumlarını təmizləyib orta ölçüdə kub-kub doğrayırıq. Soğanların və sarımsağın qabığını soyub xırda-xırda doğramaq lazımdır. Qaynayan kələm və kökü sobadan alıb suyunu süzüb soyumağa qoyuruq. Kartofların qabığını soyub kub-kub çox da böyük olmayan ölçüdə doğrayırıq.

Soğanlar zeytun yağında qovrulur. Sonra üzərinə pomidor əlavə edilir və bir az qovrulduqdan sonra bibərləri də əlavə edib qovururuq. Sonra kartofu əlavə edirik. Kartofu da azca bu qarışımda qovurduqdan sonra 2 stəkən qaynadılmış suyu əlavə edib bişməyə qoyuruq. Kartof bişənə yaxın kələm və kökü əlavə edirik. Və istədiyimiz qədər qaynadılmış su əlavə edirik. Bişməyə qoyuruq. Qaynayan zaman duzu, istiotu əlavə edirik. Sonda göyərtini əlavə edib sobanı söndürürük. Nuş olsun!
Top