Şabalıdın iki növü mövcuddur – at şabalıdı və nəcib şabalıd (əsil şabalıd). Yalnız nəcib şabalıdın barı yeməlidir. Ölkəmizdə Şəki-Zaqatala zonası şabalıd bağları ilə məşhurdur. Bir çox dükan və bazarlardan almaq mümkündür. Dünyanın bir sıra ölkəsində yetişdirilməsinə baxmayaraq fransızlar şabalıdı öz milli məhsulu kimi tanıyırlar.
Şabalıdı əsasən qızardıb və ya qovururlar. Nadir hallarda onu müxtəlif şirin xəmir işlərində və desertlərdə istifadə edirlər. Azərbaycanda şabalıd həmçinin müxtəlif növ plovlarda istifadə edilir.
Şabalıdı hazırlamaq heç də çətin deyil. Kifayətdir ki onların üst hissəsində dərin, xaç şəklində kəsik edib və onları əvvəlcədən 200°C temperaturunda qızdırılmış sobada 20-30 dəqiqə bişirəsiniz. Bişmə zamanı şabalıdın üst hissəsi partlayır və içərisi yumşalır. Hazır şabalıdlar soyudulur və təmizlənir. Duz vurmaq lazım deyil, çünkü duz vurulduqda onların üzərində ağ rəngdə ərp əmələ gəlir. Dadına görə şabalıd bir qədər meşə fındığını xatırladır.