Tərkibi:
5-6 porsiya üçün:
200 qr gicitkən yarpağı
300 qr spagetti
4 x/q zeytun yağı (+ 2 x/q sonda əlavə edilir)
4 diş sarımsaq
1 ç/q qırmızı quru bibər (acısız)
0.5 ç/q əzilmiş qara istiot
0.5 ç/q duz
150 qr parmesan pendiri
Hazırlanma qaydası:
Lazım olan inqredientlər hazırlanır. Gicitkən yaxşı yuyulmalıdır (adətən buna sərf olunan vaxt ümumi hazırlanmaya gedən vaxtdan çox olur). Gicitkəni yumağın iki üsulu var. Ya gərək əlcəkdən istifadə edəsiniz, ya da ilk olaraq gicitkən dəstəsinin üzərinə qaynar su töküb sonra isə onu soyuq suda yaxalayaraq yarpaqlarını dərəsiniz. Ümumilikdə inqredientlərin sayı az olduğu üçün: yağ, spagetti, gicitkən, pendir — onların keyfiyyətinin yaxşı olması məsləhətdir.
Yağ — zeytun yağı, pasta — ən yaxşısından, pendir — parmesan. Əlbəttə hər kəs zövqə görə istədiyi inqredientlərdən istifadə edə bilər. Gicitkən təmizlənəndən və yarpaqları dəriləndən sonra (200 qr yarpaq), tavaya 4 xörək qaşığı zeytun yağı əlavə edilir. Sarımsaq xırda doğranılır və az-maz qızardılır. Tavanın altının alovu yüksəkdir.
Sarımsağın yanmasına imkan verməyin, təqribən 1-1.5 dəqiqə qızardılması kifayətdir. Ardınca sarımsağın üzərinə gicitkən yarpaqları əlavə edilir. Tavanın qapağını bağlayaraq bir neçə dəqiqə pörtlədilir. Yarpaqların tərkibində olan su tez bir zamanda ifraz olaraq onları həcmdə xeyli azaldacaq. İndi isə tavaya qırmızı bibər (acısız), istiot və duz əlavə edilir. Üzərinə 1-2 çömçə su əlavə edilir (daha yaxşı olardı ki spagettini bişirdiyiniz sudan) və tavanın qapağını bağlayaraq bir dəqiqə pörtlədilir.
İndi isə hər şey blenderə əlavə olunub qarışdırılır. Gicitkəni hazırlayarkən eyni zamanda spagettinidə bişirməyiniz daha məsləhətlidir. Adətən spagetti paketinin üzərində onun bişmə vaxtı qeyd edilir (5-7 dəqiqə). Nəticədə spagettinin halı al-dente olmalıdır, yəni xəşil kimi (həlim) olmamalıdır. Spagettinin suyu süzülür, üzərinə gicitkənli «sous» və 2 xörək qaşığı zeytun yağı əlavə edilir. Qarışdırılır. Süfrəyə verərkən üzərinə sürtkəcdən keçirdilmiş parmesan pendiri səpilir. Nuş olsun!