Kruassan

Kruassan


Bu şirniyyat(un məmulatı) 1683-cü ildə Vyanada türklərin burada məskunlaşdığı dövrdə yaranıb. Gecə Osmanlı İmperiyası ordusu hücum etmək istəyərkən vyanalı şirniyyatçı (Adam Spiel) sübh zamanı qalxır və xalqı xəbərdar edir. Beləliklə, şəhər qorunmuş olur. Bu qələbəni ölümsüzləşdirmək üçün şirniyyatçılar Osmanlı bayrağındakı simvolun formasına oxşayan «Hörnchen» (alman dilində kiçik buynuz deməkdir) hazırlayırlar.

Beləliklə, bu məşhur şirniyyat doğulmuş oldu, hansının ki, tarixi türklərlə əlaqədardır. Bəs ən dadlı kruassan harada hazırlanır və Parislə əlaqəsi nədir? Fransaya kruassanı gətirən və məşhurlaşdıran vyanalı Marie-Antoinette d’Autriche olub. Bununla belə, bu məşhur şirniyyat artıq 16-cı əsrdə kral ailəsinin təşkil etdiyi ziyafət süfrələrində öz yerini tapmışdır.

18-ci əsrdə kruassanın forması daha da yaxşılaşdırıldı. Bu gün yediyimiz yağlı qat-qat xəmirdən hazırlanan kruassan parisli şirniyyatçılar tərəfindən təxminən 1920-ci illərdə hazırlanıb. Təəssüf ki, bu gün ev üsulu yağlı xəmirdən hazırlanan kruassan tapmaq çətindir. Hazırda yarım fabrikat (marqarin yağında bişirilmiş) şəklində şirniyyat dükanlarına gəlir və asanlıqla bişirilir.

Biz isə sizə evdə asanlıqla hazırlaya biləcəyiniz kruassanın reseptini təqdim edirik.
Xəmir üçün:
Un – 500 qr.
Maya – 15 qr.
Süd – 300 ml.
Kərə yağı – 60 qr.
Duz – 1 ç.q.

Qatların arası üçün:
Kərə yağı – 250 qr.

İçlik üçün:
Zövqə görə cem, şokoladlı krem və ya qaynadılmış, qatılaşdırılmış süd

Üstü üçün:
Yumurta sarısı – 2 ədəd

Hazırlanması:
Ələnmiş unun üzərinə maya, duz, süd, yumşalmış kərə yağı əlavə edilib, 15 dəq. ərzində yumşaq xəmir yoğrulur. Yoğrulmuş xəmir 1 saat soyuducuda saxlanır. Xəmir oxlovla dördkünc şəkildə yayılır, üzərinə otaq temperaturunda yumşaldılmış kərə yağı qoyulur. Xəmir zərf şəklində bükülüb yenidən yayılır. Proses 3 dəfə təkrarlanır. Xəmir kündələrə bölünür. Açılmış kündə 8 ədəd üçbucaq hissəyə bölünür. Hər hissəyə zövqə görə içlik qoyulub bükülür. Kruassanın üzərinə yumurta sarısıçəkilib, 180 dərəcəyədək qızdırılmış sobada 25 dəq. bişirilir. Nuş olsun!
Top