Kokoslu Peçenye
25 ədəd peçenye üçün
Ərzaqlar:
130 qram kərə yağı – otaq hərarətində yumşaldılmış
160 qram şəkər tozu (stəkanın 3/4-ü)
2 yumurta
100 qram un (stəkanın 2/3-ü)
200 qram kokos yonqarı
Hazırlanma Qaydası:
Əvvəlcə kərə yağını şəkər tozu ilə bir neçə dəqiqə mikserlə çalın. Ayrı qabda yumurtaları rəngi bir az açılanadək bir neçə dəqiqə çalın.
Yumurtanı yağlı kütləyə əlavə edib qarışdırın.
Unu və kokos yonqarını da buraya əlavə edib əlinizlə xəmir yoğurun.
Xəmir yumşaq olub bir qədər ələ yapışmalıdır. Xəmiri kündələyib və üstünü örtüb 30 dəqiqəlik soyuducuya qoyun.
Sobanı 180Cdək qızdırın. 2 iri listin üstünə perqament kağızı sərin (mən silikon örtüdən istifadə edirəm). Soyuducudan çıxartdığınız xəmirdən 25 ədəd qoz boyda parça qopardıb əlinizlə yumrulayın. Listlərə bir-birindən aralı olmaq şərtilə düzün.
Peçenyeləri 20 dəqiqə, yaxud kənarları bir qədər qızarıb üstləri çox az qızaranadək bişirin. Peçenyeləri sobadan çıxardıb listdə soyudun (isti peçenyelər kövrək olduğuna görə soyumaları mütləqdir)
Soyumuş peçenyeləri qaba düzüb süfrəyə verin.