Klassik süngər biskviti

Klassik süngər biskviti

Qənnadçılar biskvit bişirəndə xüsusi metodla hazırlanan biskvit unundan istifadə edirlər. Mən sizə onun evdə hazırlanma qaydasını reseptdə izah edəcəyəm. Bu un biskviti yumuşaq və yüngül edir. Stəkan bir çay fincanı (servis çaşka kimi) qədər tutur.

1 stəkan biskvit unu (resepti aşağıda verilir)
5 ədəd iri yumurta – ağı sarısından ayırılmış – mütlər otaq temperatunda olmalıdırlar!
1 stəkan şəkər tozu
yarım çay qaşığı vanil ekstraktı (duru vanil) 

Əvvəlcə  biskvit ununu hazırlayın. Bunun üçün sizə adi əla növ buğda unu və qarğıdalı nişastası lazım olacaq (basqa nişastalar olmaz). Bir stəkan unu ölçün, sonra isə üstündən 2 xörək qaşığı un götürüb un qabınıza geri qoyun. Bu 2 xörək qaşığı un sizə lazım olmayacaq. Qalan una 2 xörək qaşığı qarğıdalı nişastası əlavə edin. Sonra un və nişasta qarışığını ən az 5 dəfə ələyin. Nə qədər çox ələsəniz, biskvit ununuz o qədər yüngül olacaq və nəticədə biskvitiniz də elə olacaq. Beləliklə 1 stəkan biskvit ununuz hazırdır. Kənara qoyun.

Sobanı 180C-dək qızdırın. Biskvit mütləq qızdırılmış sobada bişməlidir!

Diyametri 23 sm olan yumru biskvit formasının dibini və kənarlarını yağlayın. Formanın dibinə eyni diyametrdə kəsilmiş perqament kağızı sərin. Perqament kağızını da yağlayın. Sonra isə formanın həm dibinə, həm kənarlarına bir az un səpin. Artıq gələn unu formanı silkələyərək boşaldın. Formanı kənara qoyun.

İri dərin qabda yumurta sarılarıyla yarım stəkan şəkər tozunu mikserlə kütlənin rəngi açılanadək və kütlə qatılaşanadək çalın, təxminən 5 dəqiqə. Vanil ekstraktını əlavə edib qarışdırın. Kənara qoyun.

Ayrı iri qabda yumurta ağlarını orta-yüksək sürətə qurulu mikserlə yumuşaq köpüklər əmələ gələnə və kütlə üç qat artanadək çalın. Sonra isə yavaş-yavaş qalan yarım stəkan şəkər tozunu buraya əlavə edib, köpüklər bərkiyənədək çalın. Kütlənin hazır olub olmadığını belə yoxlayın – Qabı alt-üst tutun. Əgər kütlə tökülmürsə və qaba yapışıbsa, ağlar hazırdır.

İndi isə rezin spatula (qənnadı yastı qaşıq) və ya taxta qaşıqla ağların üçdə bir hissəsini sarılara əlavə edib, yavaşca qarışdırın. Sonra biskvit ununun yarısını da əlavə edib qarışdırın (MİKSERLƏ DEYİL!). Sonra ağların üçdə bir hissəsini də əlavə edib qarışdırın. Qalan unu da əlavə edib qarışdırın. Axırda isə qalan ağları əlavə edib kütlələr bir birinə yaxşı yedirilənədək qarışdırın. Qarışdırmağı sərt hərəkətlə deyil, yumuşaq hərəkətlə edin. Çox qarışdırmayın, yoxsa şişi yatar.

 

Alınan kütləni formaya töküb, üstünü hamarlayın. Sobanın orta yerində təxminən 20-30 dəqiqə bişirin. Hazır biskvitin üstünə barmağınızla basdığınızda, biskvit geti qalxmalıdır. Kibritlə biskvitin ortasına batırıb çıxartdığınızda, kibrit təmiz olmalıdır. Deməli biskvitiniz hazırdır. Sobadan çıxardın.

Çıxardan kimi, formanın kənarı boyu bıçağ gəzdirin ki, biskvit formadan ayrılsın. Sonra isə biskviti soyuma telinə endərin (şəkildə gördüyünüz tel). Perqament kağızını soyub çıxardın. Sonra biskvitini çevirin. Biskvit tortlarda istifadə edilmədən əvvəl tamamilə soyumalıdır. Soyumuş biskviti büküb otaq hərarətində 2 gün saxlaya bilərsiniz, buzluqda isə 2 həftə.

azcookbook.com 

Top