Çiyələk mürəbbəsi

Çiyələk mürəbbəsi

Tərkibi:
1 kq çiyələk
1 kq şəkər tozu

Hazırlanması:
Çiyələyin irisini xırdasından seçib ayrı qablara yığın, yuyun, saplağını təmizləyin, aşsüzənə yığıb suyunun çəkilməsini gözləyin. Ləyənə yığıb üzərinə şəkər tozu səpin (mürəbbələr üçün həmişə enli şirli ləyəndən istifadə edin).
3-4 saatdan sonra çiyələyin şirəsi çıxacaq.

Ləyəni vam ocağın üstünə qoyun. Kəfkirlə qarışdıranda əzilməsin deyə ləyənin iki qırağından tutaraq arada ehtiyatla silkələyin, fırladın. Üzünə yığılan kəfi yığın.

Qaynara düşəndən sonra iti odda 20 dəqiqə də bişirin. Ocaqdan götürün. Soyudun. Təxminən 1 gün saxlayın, yuyulub qurulanmış bankalara yığın (tez yığanda çiyələklər üzə çıxır, şirə altda qalır).

(Başqa cür də bişirmək olar: qaynara düşəndən sonra 5-6 dəqiqə bişirin. Təxminən 3 saat soyudun. Yenə 5-6 dəqiqə qaynadın. Yenə ocağı söndürün. Sonra arada 5 saat intervalla daha iki dəfə 5-6 dəqiqə qaynadın).

Hazır mürəbbənin şirəsindən boşqaba damızdırın, soyumasını gözləyin. Sonra boşqabı əlinizlə azacıq əyin. Yaxud da barmağınızla ortasından şırım açın. Damla axıb getməməli, giləmeyvə isə şəffaf olmalıdır.

İri çiyələkləri bir, xırdaları bir bişirmək daha yaxşıdır, belədə əzilmir.
Top