“Qara Məxmər” şokoladlı mus

“Qara Məxmər” şokoladlı mus

Fransız dilində mousse “köpük” deməkdir. Mus (mousse) şirniyyatına elə məhs köpüklü və yüngül olduğuna görə bu ad verilib. Bu mənim ən çox sevdiyim mus reseplərindən biridir. 

Resept Lori Longbothamın ”Luscious Chocolate Desserts” kitabından adaptə edilmişdir

Qeyd: Orijinal reseptdə bildirilir ki, bu mus üçün həm acı-şirin (bittersweet) həm yarı-şirin (semisweet) şokoladdan istifadə etmək olar. Acı-şirin şokoladdan istifadə edirsinizsə, onda reseptdə qeyd edilən şəkərin miqdarı musda gərəkən şirinliyi təmin edəcək.

Yox əgər yarı-şirin şokoladdan istifadə edirsinizsə, onda şəkərin miqdarını bir az azaldın və yaxud ondan heç istifadə etməyin. Bu qalıb sizin musu necə şirin xoşladığınıza.

4 pay üçün
115 qram acı-şirin (bittersweet) və yaxud yarı-şirin (semisweet) plitka şokolad – doğrayın
dörtdə bir stəkan yağlı süd qaymağı (ruscası: slivki)
dörtdə bir stəkan şəkər tozu
4 ədəd iri yumurta – ağını sarısından ayırın
bir çimdik duz

Şokolad və qaymağı istiyə dayanıqlı bir kasaya qoyun. Balaca qazanda su qaynadın, və kasanı qazanın üstünə yerləşdirin. Kasa qaynayan suya dəyməməlidir! Kasadakı ərzaqları qarışdıra qarışdıra əridin. Şəkər tozunu əlavə edib, əriyənəqək qarışdırın. Kasanı kənara çəkin, və qarışığa bir-bir yumurta sarılarını əlavə edib, çırpma teliylə qarışdırın. Mikserlə deyil! Alınan qarışığı kənara qoyun.

Ayrı qaba yumurta ağlarını və bir çimdik duzu qoyub mikserlə ağlar köpüklənib bir qədər bərkiyənədək çırpın. Mikserin çırpma telini qaldırdığınızda, ağlar gərək tökülməsin.

İndi isə çırpma teli və ya rezin spatula vasitəsiylə kənara qoyduğunuz şokoladlı kütləni hissə-hissə çaldığınız yumurta ağlarına əlavə edib, yavaşca, yüngül hərəkətlə iki kütləni bir-birinə “yedirdin.”

Musu 4 stəkan və ya kiçik kasalara boşaldın. Üstlərini örtüb soyuducuda ən azı 4 saat, ən çoxu isə 2 gün saxlayıb süfrəyə verin.

azcookbook.com
Top