Tort bütün dünya xalqlarının mətbəxində geniş yayılan un məmulatı və şirniyyat növüdür. Böyük əksəriyyət tərəfindən bu şirniyyat növü çox sevilir və ailələrdə mühüm əlamətdar günlərdə tort süfrəmizin əsas bəzəyidir. Azərbaycanda da çox çeşidli tortlara rast gəlmək mümkündür Hazırkı dövrdə xüsusi kulinarlar tərəfindən hazırlanan şirniyyatlar öz görkəmi, keyfiyyəti ilə seçilir.
Tortlar təsdiq olunan qaydalara uyğun olaraq qüvvədə olan sanitar qaydaları gözləməklə reseptlərə və texnoloji qaydalara, standartların tələblərinə uyğun olaraq hazırlanmalıdır. Hazırlanma tərkibindən asılı olaraq tortları şəkərli,
biskvitli, qatlı, fındıqlı, vaflili, havalı, qırıntılı və müxtəlif yarımfabrikatlardan kombinə olunmuş kimi növlərə bölürlər.
Orqanoleptiki göstəricilərinə görə, istifadə üçün nəzərdə tutulan yarımfabrikatların xarakteristikası, üzərində qüsuru olmayan bişmiş bir, yaxud bir neçə qat yarımfabrikatlar kənar dad və iy verməməməlidir. Tort bişirilərkən uyğunluq sertifikatı olan idxal olunan xammal və yarımfabrikatlardan istifadə edilməlidir.
Tortları çəki və dilim halında buraxırlar. Lakin onların böyük əksəriyyəti çəki halında olur. Dilim formasında olan tortları qüvvədə olan normativ sənədlərə uyğun olaraq kartondan, yaxud polimer materialdan olan qutulara yerləşdirilir.
Tort qablaşdırılan zaman qutunun dibinə perqament materiallı salfetka, sellofan, parafinlənmiş kağız kimi materiallar salınır. Vaflili tortlar qablaşdırılan zaman salfetkanın həcmi digərlərindən daha böyük olmalıdır. Bu halda bu çeşid tort bütünlüklə salfetkanın, yaxud cığ-cığ kağızın içində olur.
Şəhərlərarası daşımalarda tortlar müxtəlif yeşiklərdə, faner və karton qablarda daşınır. Yeşikdəki boşluqları kağızla doldururlar. Müvafiq dövlət orqanlarının tələbinə cavab verən digər qablaşdırma formalarına da icazə verilir.
Tortlar markalanarkən əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, məhsulun adı, xalis çəkisi, istehsalın tarixi, saatı, saxlama müddəti, sertifikatlaşan məhsul üçün uyğunluq nişanı, məhsulun 100 qramının qida və enerji dəyəri haqda məlumat, mövcud standart, saxlama şəraiti kimi mühüm göstəricilər üzərində qeyd olunur.
Diabet xəstələr üçün nəzərdə tutulmuş tortlar da var. Belə tortların üzərində həkimin təyinatına əsasən istifadə olunması qeyd olunur.
Məhsulun tərkibindəki toksik element və mikrobioloji göstəricilərə nəzarət məhsulun istehsalçısı və təhlükəsizliyinə zəmanət verən dövlət orqanları tərəfindən həyata keçirilir.
Tortları mövcud sanitar qaydalara uyğun olaraq örtülü nəqliyyat vasitələrində daşıyırlar. Tortların spesifik qoxusu olan təzə bişmiş çörək və digər məhsullarla bir yerdə daşınmasına icazə verilmir. Yükləmə, daşınma və boşaldılma prosesi məhsula ziyan və xələl gətirmədən ehtiyatla həyata keçirilməlidir. Bu qeyd olunan şəraitlər olmadan ticarət şəbəkəsində tortların realizəsi qadağandır.
Kremli və meyvəli tortlar soyuducunun şkaf və kameralarında (4+2)ºC temperaturda, şokoladlı-vaflili tortlar isə (18+-3)ºC temperaturda saxlanmalıdırlar. Qeyd olunan temperatur rejimlərinə əməl etməklə tortları 5 günə qədər saxlamaq mümkündür.
Mənbə: anspress.com