4 porsiya üçün nəzərdə tutulub
1 stəkan qırmızı mərci
1 ədəd orta boy soğan — xırda-xırda doğrayın
1 ədəd orta boy yerkökü — xırda-xırda doğrayın
1 ədəd orta boy kartof — xırda-xırda doğrayın
1 xörək qaşığı tomat (tomat pastası)
6 stəkan su
zövqə görə duz
zövgə görə istiot (şorbanın acı olmasını istəyirsinizsə, bir az acı qırmızı pul bibər əlavə edin)
1-2 qaşıq yağ
Üstü üçün (bu zəruri deyil və şorbanın süfrəyə verəndə gözəl görünməsi üçün edilir - şəkildəki kimi)
2 x. qaşığı kərə yağı və yaxud zeytun yağı
1/3 çay qaşığı qırmızı şirin bibər tozu (paprika)
Süfrəyə vermək üçün:
limon
çörək
Variant 1:
Mərci, soğan, kartof, yerkökü və suyu bir qazana qoyub qaynadın. Orta odda üstünü örtmədən təxminən 20-25 dəqiqə ərzində bişirin. Bu müddət ərzində şorbanın üzünə kəf çıxarsa, kəfi yığın. Tez-tez qarışdırın ki, dibi yanmasın. Ərzaqlar yumuşalanda, blenderdən keçirin ki, püre halına gəlsin. Duz və istiot vurun. Şorbanızın daha ləzzətli olması üçün yağ əlavə edib qarışdırın. Dİyetik şorba istəyirsinizsə, onda yağa gərək yoxdur.
Şorbanı qablara tökün. Üstünü bəzəmək istəyirsinizsə, balaca tavada yağı qızdırın. Qızan kimi, şirin bibər tozunu yağa əlavə edin (fışıldamalıdır). Sonra isə bu sousdan bir az qabdakı şorbalara tökün.
Şorbanın üstünə limon sıxıb, çörəklə yeyin.
Variant 2:
Mərci, kartof, yerkökü və suyu bir qazana qoyub qaynadın. Bu vaxt soğanı yağda bir az qızardın. Üstünə tomatı əlavə edib, qarışdıra-qarışdıra bişirin. Sonra bu qarışığı mərci olan qazana tökün. Qoyun hamısı bir yerdə yumuşalanadək bişsin. Bu müddət ərzində şorbanın üzünə kəf çıxarsa, kəfi yığın. Tez-tez qarışdırın ki, dibi yanmasın. Ərzaqlar yumuşalanda, blenderdən keçirin ki, püre halına gəlsin. Duz və istiot vurun.
Şorbanı qablara tökün. Üstünü bəzəmək istəyirsinizsə, balaca tavada yağı qızdırın. Qızan kimi, şirin bibər tozu əlavə edin (fışıldamalıdır). Sonra isə bu sousdan hər qaba bir az tökün. Şorbanın üstünə limon sıxıb, çörəklə yeyin.
QEYD 1: Bu şorba qaldıqca qatılaşır. Üstünə su əlavə edib qarışdırın.
QEYD 2: Əgər blenderiniz yoxdursa, onda ərzaqları ya kartof əzənlə əzin, ya da heç əzməyin. Belə halda kartof və yerkökünü sürtkəcin iri dişlərindən keçirin ki, bişəndə ərisinlər.
Mənbə: azcookbook.com