Kəsmikli badımcan ruleti

Kəsmikli badımcan ruleti

Tərkibi:Kəsmikli badımcan ruleti
1-2 ədəd badımcan
200-250 qram kəsmik (qaymaqlı pendirlə də əvəz edə bilərsiz)
cəfəri, şüyüd, tərxun 
2 dilim sarımsaq
1 x.q. xama və yaxud yağlı qaymaq (mayonezlə də əvəz edə bilərsiz)
zeytun və yaxud bitki yağı
duz, yeni döyülmüş istiot
kahı yarpaqları və təzə tərəvəz (pomidor, xiyar, bolqar bibəri və b.)

Hazırlanma qaydası:
Badımcanları yuyub qurulayaraq uzunsov şəkildə dilimləyin. Üzərinə duz səpin və acısını çıxarın. Sonra onları yuyub, təmiz dəsmalla qurulayaraq zeytun yağında hər iki tərəfini yaxşıca qızardın. Qızardılmış badımcanları tavadan götürüb boşqaba qoyun.

İçlik hazırlamaq üçün:
Sarımsağı təmizləyib, yaxşıca əzin.
Göyərtiləri yuyub, qurulayaraq xırdalayın.
Kəsmik və yaxud qaymaqlı pendiri boşqabda çəngəllə yaxşıca əzin. Üzərinə xırdalanmış göyərti və sarımsağı əlavə edib qarışdırın. Sonra xama (qaymaq və yaxud mayonez) əlavə edib, üzərinə duz və istiot səpərək yenidən yaxşıca qarışdırın.
Daha sonra hər bir qızardılmış badımcan diliminin üzərinə 1 xörək qaşığı hazırladığınız içlikdən qoyub səliqəli rulet kimi bükün.
Beləliklə, kəsmikli badımcan ruletlərini hazırlayıb, süfrəyə soyuq halda verin. Süfrəyə verərkən, göyərti, təzə tərəvəz və kahı yarpaqları ilə bəzəyin.
Nuş olsun!

Top