Elektron poçt ənənəvi poçtdan daha əlverişlidir. Məlumatı günün istənilən zamanında göndərə və bir neçə dəqiqəyə cavab ala bilərsiniz. Elektron poçt bir neçə saniyəyə ünvanına çatır. Məhz bu səbəbdən, adətən, ənənəvi poçtu “ilbiz poçtu” (snail mail) adlandırırlar. Məktub göndərilən zaman adresatın kompüteri İnternetə bağlı olmasada, sonradan poçt qutusunu yoxladığı zaman həmin məktubu alacaq. Bundan başqa, elektron poçt pulsuzdur, yəni onun göndərilməsi üçün nə markaya, nə də əlavə ödənişə gərək var. Adresatın harada yaşamasının da heç bir önəmi yoxdur.
Bəzən adresata məktubla yanaşı, fayllar da göndərmək lazım gəlir. Ümumiyyətlə, elektron poçt məktubuna istənilən növ fayllar – mətn və ya cədvəl sənədləri, qrafik fayllar, audio- və video- fayllar, müxtəlif proqramlar və başqa fayllar əlavə etmək olar. Elektron poçtda məktubla birlikdə göndərilən fayla qoşma deyilir.
Məktuba fayl əlavə olunması və onun göndərilməsi.
- Elektron poçtunuz olan saytı (www.___.az) açın.
- İstifadəçi adı və parolunuzu yığmaqla poçt qutunuza daxil olun.
- Pəncərənin sol panelində bəndini çıqqıldadın. Pəncərənin sağ panelində məktub yazmaq üçün boş vərəq açılacaq.
- Kimə sahəsinə məktub göndərmək istədiyiniz sinif yoldaşınızın e-poçt ünvanını yazın.
- Cc düyməsini çıqqıldadın və açılan sahəyə daha bir neçə sinif yoldaşınızın elektron poçt ünvanlarını yazın.
- Mövzu sahəsinə məktubun mövzusunu yazın.
- Məktub sahəsinə keçin, məktubun mətnini yığın və redaktə edin.
- Fayl Əlavə Edin düyməsini çıqqıldadın. Open dialoq pəncərəsi açılacaq.Məktuba qoşmaq üçün kompüterinizdə olan şəkil, musiqi, yaxud hər hansı başqa bir faylı tapıb seçin.
- Open düyməsini çıqqıldadın. Seçdiyiniz fayl məktubunuza əlavə olunacaq.
- Məktubu göndərmək üçün düyməsini çıqqıldadın. Əgər məktubun nəzərdə tutulduğu e-poçt ünvanı işləyirsə, məktubun göndərilməsi barədə ekranda bildiriş əks olunacaq.
Elektron poçtla göndərilən məktuba qoşulan fayl qısqac simgəsi ilə bildirilir.
Norveçli İohann Vaaler 1899-cu ildə qısqacın patentini alıb. Onun düzəltdiyi qısqac düzbucaqlı formasında idi. İndi istifadə etdiyimiz qısqacın küncləri isə dəyirmi formada olur.
Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 7 Ümumtəhsil məktəblərinin 7 — ci sinfi üçün İnformatika fənni üçün Dərslik