Qıjıkimilərin əlamətləri. Mamırlardan fərqli olaraq, qıjıkimilərin gövdə və yarpaqdan başqa inkişaf etmiş kökləri də olur. Onlar sporlar vasitəsilə çoxalır. Mayalanma prosesi, mamırlardakı kimi, suyun iştirakı ilə gedir.
Qıjıkimilərin müxtəlifliyi. Qıjıkimilərə qıjılar, qatırquyruğular və plaunlar aiddir. Qədim bitkilər olan qıjıkimilərə rütubətli və kölgəli yerlərdə, xüsusən meşə örtüyü altında rast gəlinir. Əksəriyyətinin gövdəsi otşəkillidir, lakin tropik Asiya, Avstraliya, Mərkəzi və Cənubi Amerika kimi zonalarda bəzi ağacşəkilli formalara da təsadüf edilir. Qıjıkimilər arasında lianlara da rast gəlinir.
Qıjılar. Qıjıların bədən ölçüləri bir neçə mm-dən bir neçə metrə qədər olur. Geniş yayılmış nümayəndəsi olan erkək qıjı çoxillik bitkidir, yerüstü gövdəsi olmur. Yeraltı gövdəsi kökümsovdur. Kökümsovlardan əlavə köklər və yerüstü yarpaqlar çıxır. Erkək qıjının cavan yarpaqlarının ucları spiralvari burulur və zoğ kimi uc hissədən böyüyür. Fotosintez nəticəsində yaranan üzvi maddələrin bir qismi kökümsovda ehtiyat halında toplanır.
Çoxalması. Qıjıların çoxalması zamanı qeyri-cinsi nəsil cinsi nəsillə növbələşir. Mamırlardan fərqli olaraq, yetkin qıjı bitkisi qeyri-cinsi nəsil hesab edilir. Əgər qıjının yarpağına baxsaq, onun alt hissəsində kiçik, qonur qabarcıqları görmək mümkündür. Onların daxilində sporangilər adlanan kisəciklər yerləşir. Bunların içərisində sporlar yetişir.
Yetişmiş sporlar külək vasitəsilə yayılır. Cücərən spordan əlverişli şəraitdə kiçik, yaşıl rəngli cinsi nəsil – protal inkişaf edir.
Protal sərbəst halda yaşayır və torpağa rizoidlər vasitəsilə yapışır. Onun alt hissəsində yerləşən xüsusi orqanlarda spermatozoid və yumurta hüceyrə inkişaf edir. Spermatozoidlər qamçılarının köməyi ilə yağış suyu və ya şeh damcısında hərəkət edərək yumurta hüceyrə ilə birləşir. Bu zaman mayalanma baş verir və nəticədə ziqot əmələ gəlir. Ziqotdan inkişaf edən yeni cücərti özü fotosintez edənə qədər protalın hesabına qidalanır. Müəyyən dövrdən sonra ondan yetkin bitki inkişaf edir.
Müəllif: Yaşar Seyidli, Xumar Əhmədbəyli, Nailə Əliyeva
Mənbə: Biologiya 7 Ümumtəhsil məktəblərinin 7-c sinfi üçün Biologiya fənni üzrə dərslik