Toxumun quruluşu. Toxum – qabıq, endosperm və rüşeymdən ibarətdir. Toxum qabığı toxumu xarici təsirlərdən – qurumaqdan və zədələnmədən qoruyur. Endosperm xüsusi hüceyrələr qrupu olub özündə ehtiyat qida maddələri toplayır. Toxumun rüşeymini qidalandırmağa xidmət edir.
Rüşeym gələcək bitkinin ilk mərhələsidir. Rüşeymdə rüşeym kökcüyü, rüşeym gövdəciyi, rüşeym tumurcuğu və ləpə yarpaqları olur.
Rüşeym kökcüyündən bitkinin əsas kökü inkişaf edir.
Rüşeym gövdəciyinin üzərində rüşeymin hissələri yerləşir. Bəzi bitkilərdə yaxşı inkişaf etdiyi üçün (məsələn, lobya) ləpə yarpaqları torpaqdan kənara çıxa bilir. Rüşeym tumurcuğundan bitkinin əsas gövdəsi inkişaf edir. Ləpə yarpaqları bitki rüşeyminin ilk yarpaqlarıdır.
Birləpəli və ikiləpəli bitkilər. Çiçəkli bitkilərin rüşeymində, adətən, bir və ya iki ləpə yarpağı olur. Rüşeymində bir ləpə yarpağı olan bitkilərə birləpəlilər, iki ləpə yarpağı olanlara isə ikiləpəlilər deyirlər.
İkiləpəli bitkilər. Bunların toxumunda ehtiyat qida maddələri toxumun rüşeymində toplanır. Lobya, noxud kimi ikiləpəli bitkilərin toxumlarında ehtiyat qida maddələri rüşeymin ləpə yarpaqlarında, yabanı ağ turp və quşəppəyi bitkilərində isə tumurcuqdan savayı, rüşeymin hər yerində toplanır.
Qaymaqçiçəyi və üçrəng bənövşə bitkilərində qida maddələri rüşeymdən başqa, həm də endospermdə toplanır. Bu səbəbdən onların rüşeymləri endospermlə əhatə olunur.
• Birləpəli bitkilərdə toxumun quruluşu necədir?
Birləpəli bitkilər. Buğda, çovdar, soğan, zanbaq kimi birləpəli bitkilərin rüşeymində ehtiyat qida maddəsi olmur. Ehtiyat qida maddəsi toxumun yalnız endospermində toplanır. Toxum cücərərkən endospermdə olan ehtiyat qida maddələri ləpə yarpağı vasitəsilə rüşeymə daxil olur.
Müəllif: Yaşar Seyidli, Xumar Əhmədbəyli, Nailə Əliyeva
Mənbə: BİOLOGİYA — 6 Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK