Bitkilərin yeraltı qidalanması. Orqanizmlər qidasız yaşaya bilmədiyindən xarici mühitdən daim qida maddələri alırlar. Qidalanma sayəsində orqanizm böyüyür, inkişaf edir və çoxalır. Qidalanma — ətraf mühitdən həyat fəaliyyəti üçün lazım olan qida maddələrinin udulması və mənimsənilməsi prosesidir. Bitkilərin bir çoxunun qidalanmasında kök iştirak edir. Kök vasitəsilə suda həll olmuş mineral maddələr torpaqdan bitkiyə daxil olur. Bu, yeraltı və ya torpaqdan qidalanma adlanır.
Kök təzyiqi. Әmici tellərlə udulan su və mineral maddələr kökün
qabıq hüceyrələrindən keçərək borucuqlara çatır. Buradan borucuqlar vasitəsilə kökün yaratdığı təzyiq altında gövdəyə ötürülür. Beləliklə, kök təzyiqi su və mineral duzların kökdən gövdəyə ötürülməsini təmin edir. Әgər bitkini ilıq su ilə suvarsaq, su boru ilə daha tez qalxacaq. Aşağı temperaturda isə kök vasitəsilə suyun sorulması azalır və hətta dayanır. Nəticədə kök təzyiqi aşağı düşür.
Bitkilərə lazım olan maddələr. Bitki hüceyrələrinin tərkibinin əsas hissəsini su təşkil edir. Bitkilər susuz yaşaya bilmir. Onların böyümə dövründə suya daha çox ehtiyacı olur, meyvələr yetişdikdə isə suya tələbatları azalır. Bitkiləri su və mineral maddələrlə torpaq təmin edir. Bitkinin əsas qida maddəsini azot, fosfor və kalium birləşmələri, az miqdarda isə dəmir, mis, yod, bor və digər elementlər təşkil edir.
Mühitdə lazım olan bu maddələrdən biri çatışmasa, bitkinin həyat fəaliyyəti kəskin surətdə pozulur. Ona görə də bitkinin məhsuldarlığını artırmaq üçün torpağa yaz və ya payız aylarında gübrə verirlər.
Gübrələr. İki cür olur: üzvi və mineral gübrələr. Üzvi gübrələrə peyin, torf, quş zılı, bitki və heyvan çürüntüləri aiddir. Mineral maddələrin miqdarından asılı olaraq azot, fosfor və kalium gübrələrini ayırırlar.
Mineral gübrələr və onların xüsusiyyətləri
- Azot — Gövdənin və yarpaqların böyüməsini sürətləndirir.
- Fosfor — Çiçəkaçmanı, meyvələrin inkişafını və yetişməsini sürətləndirir. Soyuğadavamlılığı artırır.
- Kalium — Köklərin, soğanaqların, gövdə və kök yumrularının böyüməsini gücləndirir. Soyuğa və quraqlığa davamlılığı artırır.
Mineral gübrələr artıq duz halında olduğundan bitki tərəfindən daha tez mənimsənilir. Ümumiyyətlə, bütün gübrələri əkindən qabaq və ya əkin zamanı müəyyən norma daxilində torpağa vermək lazımdır. Torpağa gübrənin normadan çox verilməsi bitkiləri qurudur və ya bunlarla qidalanan insanları zəhərləyə bilir
.
Müəllif: Yaşar Seyidli, Xumar Əhmədbəyli, Nailə Əliyeva
Mənbə: BİOLOGİYA — 6 Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK