Bitkilərdə dayaq sistemi

Bitkilərdə dayaq sistemi

Bitki orqanizminin əsas xüsusiyyətlərindən biri fəzada müəyyən vəziyyətdə qalmağa imkan verən dayaq sisteminin olmasıdır.
Gövdənin vəziyyəti. Böyümə istiqamətinə görə gövdələr dikduran (ağac, əksər kol və otlar), sərilən gövdələrə bölünür (çəmənçayı, qaytarma). Sərilən gövdələrdə mexaniki toxuma az olduğu üçün onlar dik vəziyyətdə dura bilmir. Sərilən gövdələr sürünən (üçyarpaq yonca, çiyələk, yemiş, qarpız, xiyar və s.), sarmaşan (çölsarmaşığı, lobya) və dırmaşan (daşsarmaşığı, üzüm, noxud) olur. Bitkilərdə gövdə müxtəlifliyi
Gövdəni fəzada saxlamaq üçün dırmaşan gövdəli bitkilər xüsusi orqanları, məsələn, bığcıqları ilə dayaqdan yapışır, sarmaşanlar isə bədənlərini dayağa sarıyır. Sarmaşan və dırmaşan gövdəli bitkilər – lianlar adlanır.
Ağac və ot bitkilərində dayaq sistemini əmələ gətirən mexaniki toxuma quruluşuna və yerləşməsinə görə müxtəlif olur.
Bitkilərdə dayaq sistemi. Gövdənin qabıq qatında və oduncaqda xüsusi mexaniki toxumadan ibarət liflər yerləşir. Onlar divarı qalınlaşmış və daxili möhtəviyyatı məhv olmuş hüceyrələrdən təşkil edilmişdir.
Bəzi ot bitkilərinin özəyi sorularaq itir və gövdənin içərisi boş küləş əmələ gətirir.
Dairə şəklində gövdədə yerləşən mexaniki liflər möhkəm dayaq əmələ gətirərək ot bitkilərinin əyilməsi zamanı onların sınmasının qarşısını alır.
Kökdə və yarpaq damarlarında mexaniki toxumalar əsasən ötürücü toxumaların ətrafında yerləşir və onlara möhkəmlik verir.
Hüceyrə turqoru. Bəzi bitkilər kifayət qədər su udarkən onların daxilində olan hüceyrə mayesinin bütün hüceyrə divarlarına təzyiqi artır. Bu zaman hüceyrə divarı gərilir, bitkiyə və onun orqanlarına möhkəmlik verir. Bu proses turqor (lat. “turgere” – şişkin, dolmuş) adlanır. Nəticədə gövdə fəzada müəyyən vəziyyətdə qalır. Әgər hüceyrə təzyiqi aşağı düşərsə, bitki ilkin möhkəmliyini itirir və büzüşür.
Bitki və göbələklərdə hərəkət. Bitki və göbələklərin əksəriyyəti aktiv hərəkət etmir. Lakin bu orqanizmlərdə baş verən böyümə prosesləri nəticəsində müəyyən hərəkətlər meydana gəlir.
Bitkilər daim işığa doğru əyilir. Onların işığa doğru əyilməsinə səbəb bitkilərin işıq düşən hissəsində olan hüceyrələrin zəif, əksinə, kölgəli tərəfində yerləşənlərin isə sürətli bölünmələridir. Kölgəli hissədə hüceyrələr daha çox bölündüyünə görə bura işıqlı hissəyə nisbətən daha tez böyüyür. Bunu qaranlıqda saxlanılan bitkinin gövdəsinin uzanması da sübut edir. Bu, bitkilərdə baş verən hərəkətdir. Yarpaqların işığa doğru əyilməsi, çiçəklərin açılması da hərəkətə misaldır. Belə hərəkətlər sayəsində bitki orqanı işıq, rütubət və qida maddələrindən maksimal səviyyədə istifadə edə bilir.
Bitkilərdə bəzi hərəkətlər xarici amillərin təsirindən yaranır. Məsələn, bitkinin əsas kökü Yerin cazibə qüvvəsinin təsiri ilə aşağıya doğru, əsas gövdəsi isə işığın təsirindən yuxarıya doğru inkişaf edir.

Müəllif: Yaşar Seyidli, Xumar Əhmədbəyli, Nailə Əliyeva
Mənbə: BİOLOGİYA — 6 Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK
Top