Şəfalı bitkilər - Kəklikotu

Şəfalı bitkilər - Kəklikotu

Bitkilər haqqında məlumatlar hər zaman insanları maraqlandırır. Xüsusilə də şəfalı bitkilər haqqında. Modern.az öz oxucularına şəfalı bitkilər, onların faydası, müalicəvi xüsusiyyəti barədə məlumatlar çatdırmaqda davam edir. Növbəti təqdimatımız kəklikotu barədədir.

Kəklikotu dodaqçiçəklilər fəsiləsindən olan bitki cinsidir. Hündürlüyü 20-35 santimetrə çatır və 400-ə yaxın növü var. Kəklikotu Qərbi və Şərqi Avropada daha çox bitir. Buna baxmayaraq bu bitki vətənimizin dağlıq və dağətəyi rayonlarında da kifayət qədər  yetişir. Kəklikotunun yaşıl yerüstü hissəsini bitki çiçəklədikdə və ya ondan əvvəl yığırlar.
Kəklikotu bitkisinin faydaları
Qədim yunanlar kəklikotunu gözəllik ilahəsi Afroditanın şərəfinə yandırırmışlar. Onun ətirli tüstüsü (fimiam) göyə qalxanda qurbanın Allahlar tərəfindən qəbul edildiyi hesab olunurmuş. Kəklikotu yunanlar üçün həm də zəhmətsevərlik rəmzi idi. Qədim slavyanlar isə kəklikotu dəstələri ilə Müqəddəs Məryəmin ikonalarını bəzəyirdilər. Belə hesab olunurdu ki, bu bitki insana nəinki sağlamlığını, hətta həyatını qaytara bilər. Yəqin ki, bu səbəbdən bayılma zamanı kəklikotunun tozunu iyləyirdilər. İbn Sina, Dioskorid və Böyük Pliniyin əsərlərində kəklikotuna rast gəlinir.

Kəklikotu yeməklərə ləzzzət vermək məqsədiylə də az istifadə olunmur. Kölgədə qurudub efir yağı əldə edirlər. Əsas təsiredici maddəsi 0,5-1% miqdarında efir yağıdır. Efir yağı 10-80%-ə qədər timol, karvakrol, borneol və terpinen adlı ətirli maddələrdən ibarətdir. Bundan əlavə, bu bitkinin tərkibində peyvənd maddəsi, kamedlər, flavanoidlər, ursol və olenaol turşuları da var.
Bu bitkinin ən geniş istifadə olunduğu sahələrdən biri də təbabətdir. Bir xörək qaşığı xammalın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 2-3 dəfə, hər dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.

Qarqara şəklində ağız boşluğunun və udlağın iltihabi xəstəliklərində tətbiq edilir. Bundan başqa bəlğəmgətirici və antiseptik vasitə kimi laringitdə, traxeitdə, bronxitdə, göyöskürəkdə və bronxopnevmoniyada, eləcə də mədə turşuluğunun azalması, köp, bağırsaqların atoniyası və spazmı ilə gedən mədə-bağırsaq xəstəliklərində qəbul edilir.

Kəklikotu çiçəyinin  9 q-nın sirkə və duzla qarışığını ödqovucu vasitə kimi qəbul еdirlər.

Kəklikotu həlimi qarında spazmanı götürür, qurdları çıxardır, həzmə kömək еdir, qusma və kolitə qarşı xеyirlidir.

Bundan başqa, kəklikotu və baldan hazırlanmış məlhəm zəhərli cücülərin dişlədiyi yеrin  üzərinə qoyulur.

Kəklikotunun əncirlə həlimini astma və öskürəkdə içirlər.

Hamilə qadınlar və ürək fəaliyyətinin dekompensasiyası, kəskin böyrək və qaraciyər xəstəliklərində kəklikotunun qəbulu məsləhət deyil.

Bundan başqa kəklikotu bir çox təsirlərə malikdir. Sakitləşdirici təsirə malikdir. İmmuniteti artırır, soyuqdəyməyə və ağciyər xəstəliklərinə qarşı, revmatizm, spazma, zökəm və qripin müalicəsində yararlıdır

Həmçinin diş ağrısını və öskürəyi kəsir. Damaqları möhkəmləndirir. Xolesterolun miqdarını nizamlayır. Aritmiya ehtimalını azaldır. Qan dövranını nizamlayır. Yuxusuzluğu, qanazlığını aradan qaldırır. Yüksək təzyiqin dərmanıdır. Şəkər xəstəliyinə qarşıda faydalıdır.

Azərbaycanda kəklikotundan dəmlənmiş çay da məşhurdur. İnsanlar bu cür çay qarışığını ləzzətlə içirlər.

Kəklikotundan kulinariyada (xüsusilə konservləşdirmədə), həmçinin kosmetika və əczaçılıq sənayesində də geniş istifadə olunur.

Mənbə : Modern.az
Top