Qarğaotu

Qarğaotu

Qarğaotu (lat. Actaea alba) və ya kukla gözləri — qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki növüdür. Şimali Amerikanın dağlıq yerlərində bitən zəhərli otdur. Uzunömürlü və hündür bir bitki növüdür.

Yarpaqları oval tünd yaşıl, çiçəkləri isə ağ rəngdə olur. May ayında çiçəkləyir, meyvələr isə iyul və avqust aylarında yetişir. Parlaq qırmızı budaqların (ayaqların) üzərində möhtəşəm noxud boyda 10 və ya 20 ədəd kukla gözünü xatırladan “ağ” üzərində “qara nöqtə” olan meyvə bitir. Bu qeyri-adi meyvələrə görə qarğaotuna xalq arasında “kukla gözləri” və ya “ağ muncuqlar” deyilir.

Missisipinin şərqində Şimali Amerikanın qaya yamaclarında yetişən qarğaotu yerli aborigenlər tərəfindən dərman kimi istifadə edilirdi. Onlar revmatizminin əlamətlərini bu otun köməyi ilə müalicə edirdilər. Hazırda qarğaotu müasir tibdə ginekoloji xəstəliklərin müalicəsində geniş istifadə olunur.
Top