Yaşıl çəmənin əlvanlığı son dərəcə cazibədardır. İsti yay günündə buludsuz səma altında güllərin parlaq rəngləri yaşıl otların arasında son dərəcə heyrətamiz, tanış və sevimli mənzərə yaradır. Ağ qamətli birəotu, bənövşəyi, utancaq zəngçiçəyi, al-qırmızı qərənfillər… Təbiət insandan ötrü necə rəng müxtəlifliyi, qəribə naxışlar, gözəlliklər yaradılıb!
Təkcə insan üçün? Dostlar, bu sualın üzərində dərindən düşünmək lazımdır. İnsan Yer üzündə yaxın keçmişin qonağıdır. Tutqun simalı, təbiətin gözəlliyini hələ duya bilməyən əcdadlarımız mağaralarda gizlənən zaman çəmənlərdə güllər açır, onların üzərinə nektar və tozcuq toplayan həşəratlar qonurdu. Milyon illər əvvəl bitkilərin əksəriyyətində görkəmsiz, balaca, tozcuğu küləklə yayılan çiçəklər olub. Lakin tədricən bitkilər və həşəratlar bir-birinə uyğunlaşıb.
Çiçəklər parlaq, böyük və ətirli olmağa başlayıb. Bal arıları, eşşək arıları və kəpənəklər özlərinə hər hansı bitkini seçərək bir neçə gün ərzində ancaq ondan qidalanmağı öyrəniblər, eləcə də çiçəkdən-çiçəyə qonaraq onları tozlandırıblar. Buna görə də bitkilərin çoxu həşəratsız, həşəratlar isə bitkilərsiz yaşaya bilmir. Onlar bir-birindən asılıdır, birinin məhv olması o birinə də təsir edir.
Arılar digər həşəratlardan fərqli olaraq ləçəklərin rəngini daha yaxşı seçir. Onlar sarı, göy, bənövşəyi rəngləri xüsusilə yaxşı görürlər. Qırmızı rəng ən parlaq olsa da, nə bal arısı, nə də eşşəkarısı onu görmür. Halbuki yazda Qafqaz dağətəyi və Orta Asiya çölləri lalə və ya zanbaqdan ibarət qırmızı xalı ilə örtüləndə arılar onları çaşmadan tapa bilir. Niyə görə? Günəşin Yer kürəsinə gördüyümüz şüalarla yanaşı, insanın görə bilmədiyi ultrabənövşəyi şüaları da düşür… Bu şüalar lalə və zanbaqların ləçəklərində düşərək, onları həşəratların görə biləcəyi, bizim üçün isə seçilməz olan xüsusi rəngə boyayır. Nəticədə, qırmızı lalə bal arısına parlaq bənövşəyi kimi görünür.
Alimlər müəyyən ediblər ki, bir çox bitkilərdə çiçəyin rəngi ultrabənövşəyi şüaların təsirindən boyanır. Buna görə də həşəratlar onları bizdən daha əlvan və naxışlı görür. Bəzi güllərin yarpağındakı damarcıqlar ultrabənövşəyi rəngə boyanıb, digərlərində isə ultrabənövşəyi ləkə və zolaqlardır.
Bəzi bitkilərin ləçəklərinin rənginə görə bal arıları həmin güldə nektarın çox və ya az olmasını müəyyən edə bilərlər. Elə bitkilər var ki, ləçəklərinin rəngi yaşlarına əsasən dəyişir. Məsələn, ballıcanın qönçəsi parlaq çəhrayıdır. Qönçə açılanda nektarla dolu, tozlanmaya hazır və yasəmən rəngli olur. Boş və rəngi solmuş çiçək əvvəlcə mavi, sonra isə demək olar ki, ağ rəngə çevrilir. Arılar ballıcanın çəhrayı və ya mavi çiçəyinə qonmazlar. Onlar inamla bənövşəyi çiçəklərə uçurlar və heç vaxt yanılmırlar.
Lakin toranlıq düşür. Bal arıları və eşşək arıları iş gününü başa çatdıraraq yuvalarına uçurlar. Bu zaman meydana qaranlıqda görməyi bacaran həşəratlar çıxır. Gecə bitkilərinin bükülmüş ləçəkləri açılaraq ətrafa tünd və şirin ətir saçır. Səhərədək kəpənəklər və digər qanadlı həşəratlar onların üzərində çalışır, nektar hasil edir və çiçək tozlarını birindən digərinə daşıyır. Həşəratları bitkilərin gecələr aydın görünən ağ çiçək tacından çox, güclü ətirləri cəlb edir. Gecə bitkiləri xüsusilə ətir saçaraq ətrafa bu xoş rayihə ilə “Buradayam…. Buradayam… Buradayam…” deyirlər.
Həşəratlarla tozlanan bitkilər görkəmsiz olsalar da, güclü ətir saçırlar. Cökə ağacının çiçəklərinin bal ətri və əspərəyin büzüşdürücü ətri hamıya məlumdur. Onların çiçəkləri isə balaca və gözə çarpmayandır. Lakin balqabağın böyük çiçək tacı, yaxud acıçiçəyin göy ağızlığı uzaqdan hamıya görünür, lakin hər hansı ətir deyil, ot və torpaq ətri verir.
Həşəratlar özləri də bilmədən çəmənlikdə, çöllərdə, meşələrdə və bağlarda ən gözəl, ətirli çiçəkləri seçirlər. Bitkilər isə öz növbəsində saysız-hesabsız bal arılarını, eşşək arılarını, kəpənəkləri və milçəkləri nektar və toz ilə qidalandırır.
azertag.az