Çobanyastığı gözoxşayan, cazibədar bitkidir. Onu adətən “utancaq”, “çöl çiçəyi” kimi epitetlərlə müşayiət edirlər. Lakin çələng hörəndə, buket bağlayanda onsuz ötüşmək çəkindir. Bu bitkinin çiçəyinin forması çətirə oxşayır. Əfsanəyə görə çobanyastığı qədim zamanlarda çöl cırtdanlarının çətiri olub. Yağış yağanda cırtdan onun altına sığınar, ya da onu qoparıb başı üzərində tutaraq addımlayar. Yağış damlaları çobanyastığı çətiri döyəclər, ləçəklərindən süzülüb axar, çırtdan isə tamamilə quru qalar.
Çiçəyin adı latınca “romana” sözündən götürülüb. Orta əsr tibb ədəbiyyatında çobanyastığını “Roma çiçəyi” adlandırıblar. Bitkinin yunanca adı (“Leucanthemum”) isə “ağ çiçək” kimi tərcümə olunur. Qədim Misirdə çobanyastığı çiçəyi günəş Tanrısı Raya həsr edilib. Onu ləçəkləri ilə çoxlu taleləri, yolları birləşdirən balaca günəş biliblər.
Aptek və ya dərman çobanyastığısı (latınca Matricaria chamomilla) bir illik ot bitkisi olub, mürəkkəbçiçəklilər fəsiləsindəndir. Avrasiyada və Şimali Amerikada geniş yayılıb.Ondan antik dövrün və orta əsrlərin həkimləri — Hippokrat, Dioskorid, İbn-Sina, Parasels istifadə ediblər. Çobanyastığıdan alınan efir yağı bir çox şeydə tətbiq edilir. Bu yağın tərkibində ən qiymətli maddə isə iltihab əleyhinə, sakitləşdirici, keyləşdirici xüsusiyyətlərə malik olan xamazulendir.
Aptek çobanyastığısının cövhərindən kosmetika istehsalında istifadə olunur, habelə sabunların, kremlərin və şampunların tərkibinə əlavə edilir. Xüsusi qulluq tələb etməyən bu dərman bitkiləri geniş müalicəvi xüsusiyyətlərə malikdir. Tibet təbabətində çobanyastığı möcüzəli cavanlaşdırıcı vasitənin komponentidir. Rahiblər çobanyastığı şirəsini yatmamışdan öncə içiblər, bu proseduru hazırlanmış iksir tam qurtaranadək bəzi dəyişikliklə səhər də davam etdiriblər. Beş ildən sonra həmin kursu təkrarlayıblar.
Çobanyastığının 350 növü var. Ən geniş yayılanı Roma, alman, dalmat, Qafqaz, piretrum fəsiləsindən olan İran çobanyastığıdır. Aptek çobanyastığısı toxumlarla çoxalır. O, yüksək toxum məhsuldarlığına malikdir. Bir hektar plantasiyadan təxminən 100 kiloqram toxum yığmaq olar.
Çobanyastığı bal arısından çox eşşək arısı ilə tozlanır. Erkən açılan çobanyastığının qəşəng ağ-sarı çiçəklərinə artıq mart-aprel ayında rast gəlinir, isti rayonlarda isə onu fevral ayında da görmək olar. Bitkinin gül açması eyni vaxtda olmadığı üçün çiçəkləyən çobanyastığına bütün yay boyu, oktyabr ayınadək rast gəlmək mümkündür.
azertag.az