Qədim diyarımız Naxçıvan həm də müalicəvi bitkiləri ilə tanınır. Bu bitkilərdən xalq təbabətində geniş istifadə edilir. Çaytikanı da belə faydalı bitki növlərindəndir. Bu bitki haqqında oxucularımıza müfəssəl məlumat vermək üçün AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmlər doktoru, dosent Varis Quliyevlə həmsöhbət olduq.
O bildirdi ki, çaytikanı iydəkimilər fəsiləsinə məxsusdur. Hündürlüyü 4-6 metrə çatan bu bitkinin gövdəsinin diametri 30 santimetrdir. Qaramtıl-boz rəngli budaqları üzərində tikanları vardır. Yarpaqları ardıcıl düzülüb, neştərşəkilli-dilimli, bütövkənarlı olub, üst hissəsi yaşıl, alt hissəsi isə gümüşü rəngdədir. Çoxalması toxum, kök pöhrələri və qələmlərlə olur. Fəsilənin təqribən 3 cinsinə daxil olan 55 növü vardır. Naxçıvan Muxtar Respublikasında təbii halda yalnız bir yabanı çaytikanı növü bitir. Bioresurslar İnstitutunun təcrübə sahəsində Abşeron rayonundan introduksiya edilmiş “Zəfərani” və “Şəfa” sortları becərilir.
Öyrəndik ki, çaytikanı aprel-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, ətirli və sarı olur. Meyvələri avqust-sentyabr aylarında yetişir, fevral-mart aylarına kimi kolun üstündə qala bilir. Meyvəsi şirəli, narıncı və qırmızı rəngdə olub, əsasən, girdə, oval və uzunsov formadadır. Dadı şirin, turş, turşməzə, ananas ətirlidir. Meyvəsinin tərkibində 3,5 faiz şəkər, 3,2 faiz üzvi turşu, 6 faizə qədər zülal, 9 faiz yağ vardır. Toxumunda olan yağın miqdarı 12,5 faizə çatır.
Çaytikanı həmərsin kimi vitamin mənbəyidir. Yetişmiş meyvəsinin 16 faizini toxum təşkil edir. Çaytikanı yağı özünəməxsus dad və iyə malik, açıq-narıncı rənglidir, A vitamini ilə zəngindir. Tərkibində yüksək miqdarda E və F vitaminləri də vardır ki, bu da dəridə maddələr mübadiləsini tənzimləyir.
Çaytikanından müalicəvi məqsədlə qədim zamanlardan istifadə edilir. Belə ki, Şərq xalq təbabətində çaytikanının meyvələri və yarpaqları mədə xəstəliklərinin müalicəsində, yel və dəri xəstəliklərində istifadə olunub. Qədim Yunanıstanda isə yarpaqlarının və budaqlarının həlimi ilə insanları müalicə ediblər, baytarlıq təbabətində də istifadə olunub.
Tibbi ədəbiyyatlarda onun meyvəsindən bir çox xəstəliklərin, o cümlədən göz, şəkərli diabet, qaraciyər, hipertoniya və qanazlığının müalicəsində geniş istifadə olunması barədə ətraflı məlumatlar verilir. Bitkinin yağı qəbul edilməklə həzm sisteminin selikli qişasının iltihabının, mədə və onikibarmaq bağırsağın xorasının müalicəsi aparılır. Mədə və onikibarmaq bağırsağın xorası gündə 3 dəfə, yeməkdən 30 dəqiqə əvvəl bir çay qaşığı qəbul etməklə müalicə oluna bilir. Yağı isti süd və ya çayla da qəbul etmək mümkündür. Cavan budaqlarının qabığı dəmləmə halında daxili şişlərə qarşı mübarizədə olduqca effektlidir. Dəmləmə iki xörək qaşığı qabığı 2-3 saat 0,5 litr qaynar suda saxlamaqla alınır ki, onu da gündə 3-5 dəfə isti halda yeməkdən əvvəl yarım stəkan içirlər. Dəmləməni bal ilə də içmək məqsədəuyğundur. Meyvələrində olan vitaminlər isə dəri xəstəliklərinin müalicəsində, avitaminozda son dərəcə faydalıdır. Çaytikanı meyvələrində olan vitaminlərin hər birinin mühüm müalicəvi əhəmiyyəti vardır.
Yoluxucu xəstəliklərə qarşı müqaviməti artıran A vitamini, xüsusən uşaqlar üçün çox faydalıdır. O, gözün görmə qabiliyyətinə müsbət təsir göstərir. B1 vitamini sinir sisteminin möhkəmlənməsinə və iş qabiliyyətinin artmasına kömək edir. B2 vitamini diabet, qaraciyər xəstəliklərinin müalicəsində, eləcə də qanazlığında və antibiotik dərmanlarla uzunmüddətli müalicədən baş verən müxtəlif xəstəliklərdə müsbət təsirə malikdir. A və P vitaminləri birlikdə hipertoniya xəstəliyinin müalicəsi üçün əlverişli vasitədir. C vitamini orqanizmin normal inkişafını tənzimləyir, maddələr mübadiləsini yaxşılaşdırır, qan təzyiqini normallaşdırır, iltihabı aradan qaldırır. Ona görə də C vitamini bir sıra xəstəliklərdə (qanazlığında, sinqada, anginada, səpkili yatalaqda) geniş tətbiq olunur.
Onu da qeyd edək ki, çaytikanının meyvəsindən müalicəvi əhəmiyyəti olan müxtəlif şirə, kompot, mürəbbə, cem, jele, püre, marmelad, vitaminli çay və sair hazırlanır. Adıçəkilən təamları sadə yollarla da hazırlamaq olur.
Ev şəraitində meyvə şirəsindən yağ da əldə edilir. Varis Quliyevin dediyinə görə, çaytikanı həm də dekorativ bitki olduğundan ondan bəzək vasitəsi kimi istifadə etmək olar. O həmçinin torpaq bərkidəndir, atılan qrunt qarışığında torpağı azotla zənginləşdirərək münbitliyini artırır, rekultivasiya edir və orada yeni fitosenoz yaratmaqla torpağı əkinəyararlı hala gətirir. Çaytikanı bitkisinin mühüm bioloji xüsusiyyətlərindən biri də atmosferdəki molekulyar azotu mənimsəmək qabiliyyətidir.
Təbiətin bizlərə bəxş etdiyi sağlam həyat mənbəyi olan belə bitkiləri qorumaq, artırmaq və onlardan səmərəli istifadə etmək hamımızın borcudur.
Nail ƏSGƏROV
"Şərq qapısı" qəzeti