Novruzçiçəyi

Novruzçiçəyi

Təbiətdə qar-sazaq çəkilib getməmiş torpağın altından baş qaldıran novruzçiçəyinin al-əlvan çiçəkləri baharın müjdəçisi hesab edilir. El arasında onu novruzgülü də adlandırırlar.

Qədim dövrlərdən etibarən ondan müalicə məqsədilə də istifadə olunub. Məsələn, Yunanıstanda novruzçiçəyinə «Olimpin dərman çiçəyi» adı verilib, İngiltərədə isə onu sehrli çiçək hesab ediblər. Qədim həkimlər novruzgülü ilə iflici müalicə etdiklərinə görə onu "İflic otu" da adlandırırdılar.

Xalq təbabətində novruzçiçəyinin dəmləmə, bişirmə və şirəsi bronxit, astma, qəbizlik, yuxusuzluq, öskürək, başgicəllənmə, qıcolmalar, iflic, ümumi zəiflik zamanı istifadə olunur. Onu adətən aptek çobanyastığı, dərman gülümbaharı, dərman cəbrayılotu və adi cirə ilə birlikdə təyin edirlər. Tərkibindəki saponinlərin hesabına öskürək əleyhinə tərqovucu və sidikqovucu təsir göstərir. Həmçinin C və A vitaminləri ilə zəngin olduğuna görə həmin vitaminlərin çatışmazlığı zamanı istifadə olunur.

Novruzçiçəyi preparatlarının istifadəsində əks göstəriş yoxdur. Lakin bəzi xəstələrdə ona qarşı yüksək dərəcədə həssaslıq olur. Onunla təmas zamanı həmin xəstələrin dərisində güclü qaşınmalar yaranır və qabarmalar əmələ gəlir.

Emallı qabda bitkinin 1 xörək qaşığı miqdarında kökümsovunun üzərinə 1 stəkan qaynar su əlavə edilərək yarım saat su hamamında dəmlənilir, 15 dəqiqə soyuyandan sonra süzülür. Xammalın qalığını sıxıb süzüntü ilə birləşdirir, qaynanmış soyuq su əlavə edərək bişirmənin həcmi 1 stəkana çatdırılır, gündə 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı qəbul edilir. 5-10 qram novruzgülü yarpağının tozu qaynar suda dəmlənilərək gündə 3-4 dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul edilir. Novruzgülünün təzə toplanılmış yerüstü hissəsindən alınan şirə gündə 3 dəfə üçdə bir stəkan qəbul edilir.

Azertac
Top