Qış aylarında bir tərəfdən soyuq hava, bir tərəfdən də mikroblarla savaşan immuniteti gücləndirmək lazımdır. Xəstəliklərdən qorunmaq üçün həm də sağlam qidalanmaq önəmli şərtlərdən biridir. Orqanizmə faydalı olan qidalardan biri də kələmdir.
Tox tutma və toksinləri təmizləmə xüsusiyyətləri kələmin pəhriz siyahılarında yer almasını təmin edir. 100 qramında 25 kalori olan kələm, salat, zeytun yağlı tərəvəz xörəyi və şorba olaraq yeyilir. Xüsusilə kələm şorbası yemək həm maye azalmasını təmin edir, həm də tox tutur.
Qış aylarında kələmin süfrələrdən əskik etməmək lazımdır. Tərkibində C, B və E vitaminlərindən əlavə, dəmir, potasium və maqnezium mineralları da olan kələm toksik maddələrin orqanizmdən atılmasına kömək edir. Antioksidant xüsusiyyəti ilə bir çox xəstəliklərdən qoruyur.
Çiy istifadəsi bağırsaqlara faydalıdır
Zəngin lif qaynağı olan kələmin mədə və bağırsaq xəstəliklərinə qarşı qoruyucu özəlliyi var. Bağırsaqların sağlıqlı işləməsini təmin edir, qəbizliyin qarşısını alır.
Toksinlərdən təmizləyir
Çiy olaraq salatını hazırlayıb yemək, ya da suyunu içmək sidikqovucu, toksin təmizləyici təsir edir. Həftədə iki gün yarpaqlarını isti suda qaynadaraq suyunu içmək toksin atmağa kömək edir. Güclü C vitamini qaynağı olan kələmin bu xüsusiyyətini itirməməsi üçün çox uzun müddət bişirməmək və təzə olaraq yemək lazımdır.
Salatı ilə sağlam nahar
Axşam yeməyini xəfif keçirmək istəyənlər kələm salatını pəhriz menyusuna rahatlıqla sala bilərlər. Nazik doğranmış kiçik bir kələmin içinə 2 orta boy kök rəndələyin, 1-2 diş sarımsaq, cəfəri və şüyüdlə 2 stəkan qatıq əlavə edərək, ləzzətli bir salat əldə etmiş olarsınız.
İmmuniteti gücləndirir
Kələmin tərkibində olan kükürd immunitet sistemini gücləndirir, xəstəliklərə qarşı qoruyur, sağalma zamanını sürətləndirir. Qastritə qarşı qoruyaraq, həzmi asanlaşdırır.
Dərini gözəlləşdirir
Kələm kükürd tərkibi sayəsində ekzema, sədəf kimi dəri xəstəliklərində sağalma müddətinə fayda verir. Bədəndə yığılan zəhərli toksinlərin bayıra atılmasını təmin edərək dərinin gözəlləşməsinə dəstək olur.
Xərçəngə qarşı qoruyucu özəlliyi var
Güclü antioksidant xüsusiyyəti sayəsində qış xəstəliklərindən xərçəngə qədər bir çox xəstəliyə faydası olan kələm qaraciyər yağlanması və piylənmənin də qarşısını alır. Bədəni toksinlərdən təmizləyərək, bağırsaq, mədə və ağciyər xərçənginə qarşı qoruyur. Son illərdə aparılan araşdırmalar prostat xərçənginə qarşı qoruyuculuğunu ortaya qoyur. Kələmin həftədə iki gün yeyilməsi məsləhət görülür.
Ürəyi qoruyur
Potasium tərkibi sayəsində yüksək qan təzyiqinə qarşı da təsirli olan kələm ürək damarlarının tıxanmasını əngəlləyərək, ürək xəstəliklərinin qarşısını alır. Tərkibindəki mineralları itirməməsi üçün bişirmə suyunun tökülməməsi, şorba olaraq, ya da suyunu içərək istehlak edilməsi məsləhət görülür.
Selülitləri azaldır
Sidikqovucu xüsusiyyəti sayəsində bədəndən toksinlərin atılmasını təmin edən kələm sellülitlərin azalmasına kömək edir. Qadınların menstruasiya dönəmlərindəki hormonal qaynaqlı şişkinliklərində də kələm suyu, ya da şorbasının istifadəsi şişliyin atılmasına fayda verir, bu dönəmin daha rahat keçməsinə şərait yaradır.
Sümük və əzələni gücləndirir
Kalsium, potasium və maqnezium mineralları ilə zəngin olan kələm sümük və əzələni gücləndirir. 30 yaşına qədər sümüklərdə yığılan kalsium irəliləyən yaşlarda sümük əriməsi riskini azaldır. Yaşlılıq dönəmində də daha möhkəm sümüklərə sahib olmanı təmin edir.