Kaktus

Kaktus


Kaktus bitkisi müxtəlif formalı və tikanları bol bir bitki növüdür. Kaktusa qulluq etmək olduqca asandır və şəraitə dərhal uyğunlaşan bir bitki növüdür. Qeyd edək ki, kaktus bitkilər arasında yetişdirilməsi ən asan və baxıma ən az ehtiyacı olan bitkilərdən biridir.

Amma kaktusunuzun çiçək açmaması sizin ona qulluq edə bilməməyinizin bariz göstəricisidir. Əgər kaktusunuzun çiçək açmasını istəyirsinizsə, ona öz təbii şəraitini yaratmaq lazımdır. Beləliklə, siz də evinizdə çiçək açan sağlam kaktuslar yetişdirə bilərsiniz.

Mühitin temperaturu
Kaktus səhra bitkisi olduğundan istiyə olduqca davamlıdır. Bu səbəblə də kaktusu birbaşa günəş düşən yerə qoyun. Günəşli günlərdə kaktusun günəş görməsinə şərait yaratmanız ona faydalı olacaq.

Sulama
Kaktus bitkisi suya çox ehtiyac duyan bir bitki deyil. Onu sulayan zaman torpağını barmağınızla yoxlaya bilərsiniz. Əgər torpaq həddindən artıq quruyubsa, sulaya bilərsiniz. Kaktusun torpağının çox quruduğu zamanlar adətən qovurucu istilərin olduğu yay fəslidir. Temperaturun yüksək olduğu zamanlarda kaktusunuzu həftədə bir dəfə sulaya bilərsiniz. Ancaq dibçəyin altındakı boşqaba su yığılanda mütləq boşaltmalısınız.

Gübrələmə
Kaktus qışda dincəlir. Bu səbəblə gübrələmə işini adətən yaz aylarında etmək lazımdır. Kaktus bitkisinə qətiyyən heyvan gübrəsi qoymaq olmaz. Əks təqdirdə bitki çürüyər və bir daha özünə gəlməz. Bunun əvəzinə kaktusun torpağına çiçəklər üçün olan vitaminlərdən tökə bilərsiniz. Bu cür vitaminlər çiçəyinizə daha yararlı olacaq.


Kaktusu necə çoxaldaq?
Kaktus bitkisini çoxaldarkən kökündən ayırma formasından istifadə etməlisiniz. Bu formada kaktusu dibçəyindən çıxaran kimi dərhal o biri dibçəyə qoyun. Kökündən ayırmış olduğunuz kaktus digər dibçəkdə dərhal böyüməyə başlayacaq.

Bundan əlavə bitkini çoxaltmaq üçün yaz fəslini seçməlisiniz. Kaktusu torpağa basdırdıqdan sonra 1-2 gün su verməyin. Köklərinin islaq qalıb çürüməməsi üçün torpağını təmizlədikdən sonra 4-5 gün qurumasını gözləyin. Bitkini daha çox oksigenlə zəngin şəraitdə saxlamağa çalışın.











Top