Alça azkalorili və çox faydalı meyvədir. Alçanın tərkibində alma və limon orqanik turşuları, A, B qrupu, C, PP vitaminləri, kalsium, maqnezium, fosfor, dəmir kimi vacib minerallar, pektinlər, qidalı liflər və s. var. Alçanın bağırsaqları işlətmək, qəbizliyi aradan qaldırmaq xüsusiyyəti xalq təbabətində geniş istifadə olunur.
Alça vitamin çatışmazlığı, qanazlığı zamanı da kömək edir. Alçanın tərkibində olan orqanik turşular orqanizmdə xolesterolun səviyyəsini tənzimləyir və bununla da ürək-damar sistemi xəstəliklərinin inkişafının riskini azaldır.
Kalium və maqneziumla zəngin olan alça ürək əzələsini möhkəmləndirir, aritmiyaların qarşısını almağa kömək edir, arterial təzyiqi aşağı salır.
Alça sakitləşdirici təsirə malikdir, sinir sisteminə müsbət təsir edir. Qidalı liflər və pektinlərlə zəngin olan alça mədə-bağırsaq sisteminin sağlamlığına müsbət təsir edir, metabolik prosesləri sürətləndirir, xərçəng və şəkərli diabetin inkişafı riskini azaldır, orqanizmi ziyanlı maddələrdən təmizləyir.
Alça tumlarının ləpələri də çox faydalıdır. Onların tərkibinə qlikozid amiqdalin daxildir. Amiqdalin güclü xərçəngəleyhinə və antioksidant xüsusiyyətlərə malikdir, lakin çoxlu miqdarda istehlak etdikdə zəhərlənməyə səbəb ola bilər. Qırmızı alça növləri daha faydalı sayılır.
saglamolun.az