Bu giləmeyvənin faydalı xüsusiyyətləri insanlara qədim vaxtlardan məlumdur.
Yemişan bir çox vitaminlər (xüsusilə C və B qrupu vitaminləri), mikroelementlər, orqanik turşular, efir yağları və s. faydalı maddələrlə olduqca zəngindir. Bu giləmeyvənin tərkibində olan bəzi insan orqanizmi üçün faydalı maddələrə təbiyətdə az rast gəlinir. Məhz bu zəngin tərkibinə görə yemişan insanın sağlamlığı üçün ən faydalı giləmeyvələrdən biri sayılır.
Yemişan xüsusilə ürək-damar və sinir sistemi üçün faydalıdır. Bir çox ürək üçün olan və sakitləşdirici dərman preparatların tərkibinə yemişan ekstraktı daxil edilir.
Yemişanın tərkibində olan xeyirli maddələr ürəyin tac damarlarını və beyin damarlarını genişləndirir, sinir sistemində olan oyanıqlığı azaldır.
Yemişan ürək əzələsini tonuslaşdırır, taxikardiya və aritmiyanı aradan qaldırır.
Yemişan ürəyin və beyinin oksigenlə təchizatını artırır, maddələr mübadiləsini yaxşılaşdırır, yuxusuzluqla mübarizədə kömək edir, qanda xolesterinin səviyyəsini azaldır.
Yemişan yaşlı insanlar üçün çox xeyirlidir. Homeopatlar (təbii vasitələrlə müalicə edən həkimlər) yemişanı «qoca ürəyin dərmanı» adlandırırlar. Bu giləmeyvənin əsasında hazırlanmış preparatlar işemik xəstəliyi, ürək çatışmazlığı müalicəsi zamanı istifadə olunur.
Ağır və uzunsürən xəstəliklərdən sonra yemişan daha tez sağalmağa kömək edir. İnfarkt keçirilmiş insanlar üçün bu giləmeyvə çox xeyirlidir.
Yemişan iltihab və mikrobəleyhinə təsir edir. Bəzi araşdırmalar təsdiq edir ki, yemişan şişəleyhinə təsirinə malikdir.
Yemişan pektinlərlə zəngindir. Pektinlər bağırsaqları orada yığılan müxtəlif toksiki maddələrdən təmizləyir.
Yemişanı kompot, dəmləmə şəklində qəbul etmək olar, çay kimi dəmləmək olar.
Nəzərinizə çatdıraq ki, yemişanı normadan artıq qəbul etmək olmaz. Bu arterial təzyiqin düşməsinə, ürək ritminin pozulmasına, baş ağrılarına səbəb ola bilər. Günlük norma — 100-150 qr təzə meyvə (quru meyvəni daha az miqdarda qəbul etmək olar).
Yemişan çayı
1 xörək qaşığı quru giləmeyvənin üzərinə 200 ml qaynar su əlavə edin və 5 dəqiqə ərzində dəmləyin. Daha sonra yumşalmış giləmeyvələri sıxın, 1 çay qaşığı bal əlavə edin və için. Belə çayı adi çay kimi gündə 2 dəfə içmək olar.
Yemişan dəmləməsi
7 xörək qaşığı quru giləmeyvəni 2 l-lik termosda dəmləyin və səhərə saxlayın. Səhər dəmləməni süzün, meyvələri sıxın və gündə 1 stəkan olmaqla qəbul edin. Dəmləməyə bal da əlavə etmək olar.