Otaq bitkilərinin bu ziyanını bilirdinizmi?

Otaq bitkilərinin bu ziyanını bilirdinizmi?

Çox vaxt evin havası təmiz olmur, belə ki, qapalı yerlərdə müxtəlif toksik maddələr toplanır.
Bu toksik maddələr yuyucu, ətir vasitələrindən, siqaretdən və s. ayrılır. Eləcə də kompüterlər, mobil telefonlardan olan şüalanma da sağlamlığa mənfi təsir göstərir. Bütün bu problemlərlə otaq bitkiləri mübarizə aparmağa kömək edir. Həm də dibçək gülləri əhvalı yüksəldir, gözəl görünür. Lakin bu bitkilərin arasında da sağlamlığa mənfi təsir edənlər və ya sadəcə, düzgün seçilmədiyi, saxlanmadığı üçün tez solanları var.



Bakı sakini Nüşabə Abbasovanın sözlərinə görə, bitki mağazalarda yaxşı görünsə də, evə gətirdikdən bir həftə sonra solmağa başlayır. «Müxtəlif yerlərdən otaq bitkiləri almağıma baxmayaraq, nəticə eyni olur. Xüsusilə də çiçəkli bitkilər gözəlliyini tez itirir, gülləri tökülməyə başlayır», — deyən N.Abbasova əlavə edib ki, bitkini alarkən satıcıdan ona düzgün qulluq etmək qaydasını da dəqiq öyrənir. «Gülə bağban və ya satıcının məsləhəti ilə düzgün qulluq etməyimə baxmayaraq, solurlar. Artıq satılan otaq bitkilərin keyfiyyətsiz olduğunu düşünürəm».

28 yaşlı Pərviz Həsənov isə iddia edir ki, otaq bitkilərini satanlar alıcıları aldadırlar. «Vitrində bitkilər gözəl və üzərində çiçəklərlə olur. Satıcılar bitkilərin il boyu çiçək açdığını demələrinə baxmayaraq, bitkilərin bir-iki aydan sonra çiçəkləri solur. Xüsusilə də yaz aylarında alınan bitkilərin gülləri bir aya solur, hətta bitki özü də məhv olur. Demək, belə çıxır ki, bu bitkilər heç birillik də deyil. Amma satıcılar onların uzun müddət təravətli qalacağına söz verirlər».

Bağban Vüqar İbrahimovun sözlərinə görə, otaq bitkilərini yol kənarında, metro keçidlərində, bazarlarda almaq məsləhət deyil. «Belə yerlər daimi olmur. Satıcılar keyfiyyətsiz, düzgün qulluq edilmədiyi üçün artıq solmaq üzrə olan bitkiləri satıb, sonra yerlərini dəyişdirirlər. Belə yerlərdə bitkilərin qiyməti ucuz olsa da, ömrü qısa olur. Çox vaxt satıcılar isə bu işlə təsadüfü məşğul olan adamlar olur. Onlar hətta bitkilərin düzgün adlarını da bilmirlər. Onlara qulluq edilməsinə dair verdikləri məsləhətlər də məlumatsızlıqları üzündən yanlış olur. Həmin bitkilərin bu yerlərə hansı üsulla gətirildiyi də məlum deyil»,- deyən bağban otaq bitkilərini gül mağazalarından, otaq bitkilərinin, münasib torpağın, dibçəklərin, qulluq üçün müxtəlif vasitələrin satıldığı böyük mağazalardan almağı məsləhət görür.

Saxlanılmasına gəlincə, müsahibim bildirib ki, otaq bitkiləri fərqli olduğu kimi, onları fərqli şəraitdə və növünə uyğun saxlamaq lazımdır. «Otaq bitkilərindən bəzilərini tez-tez sulamaq vacib olduğu halda, misal üçün, kaktus tipli bitkilər gec-gec sulanmalıdır. Bu cür bitkiyə çox su verdikdə məhv olur. Ümümiyyətlə, bitkilərin yarpaqlarının 75-95 %-ni su təşkil edir. Su bitkinin inkişafı üçün çox önəmlidir. Bitkilərin yarpaqlarına da zəif təzyiqli su çiləmək, yarpaqların tozunu silmək lazımdır. Lakin yarpaqlarının üstü tüklü olan bitkilərin üzərinə tez-tez və çoxlu miqdarda su çiləmək olmaz. Ona görə ki, su tükcüklərin arasında yığılır və bitkinin çürüməsinə səbəb olur. Bundan başqa, otaq bitkilərini işıq düşən yerlərdə saxlamaq lazımdır. Lakin bu o demək deyil ki, bitkiləri düz günəş şüalarının altına qoymaq olar. Çünki günəş şüaları bitkilərin yarpaqlarını, çiçəklərini yandıra bilər. Onu da yadda saxlamaq lazımdır ki, çiçək açan otaq bitkilərinin digərlərindən daha çox işığa ehtiyacı var».



O qeyd edir ki, bitkiləri ölçülərinə görə də fərqli yerlərə qoymaq lazımdır. «Misal üçün, alçaq gülləri pəncərənin qabağında birinci cərgəyə, hündürləri isə onlardan sonra yerləşdirmək lazımdır. Onda həm alçaq, həm də hündür güllər işıq və havanı yaxşı ala biləcək. Bundan başqa, bitkilərin yaxşı inkişaf etməsi üçün otağın havasını tez-tez dəyişmək, qışda nəfəsliyi, yayda isə pəncərəni açmaq lazımdır. Eləcə də gülləri qızdırıcı cihazlardan uzaqda saxlamaq vacibdir».

Bağban bildirib ki, satışda olan bitkilər ya oranjereyalarda əkilir, ya da xaricdən gətirilir. «Hollandiyadan gətirilən çiçəklər iri ölçülü və gözəl olurlar. Onlar xaricə satılmaq üçün yetişdirildiyi üçün daha davamlıdırlar. Belə bitkilər daha baha olsa da, onun yeni şəraitə uyğunlaşması üçün uzun müddət gözləmək lazım olmur».

Müsahibim qeyd edib ki, otaq bitkilərinin bəzi növləri insanlarda allergiya yaradır. «Bundan başqa, bitkilər zəhərlənməyə də səbəb ola bilər. Bu haqda bitki alarkən satıcıdan maraqlanmaq lazımdır. Məsələn, yalançı quş üzümünün giləmeyvələri zəhərlənməyə səbəb ola bilər. Alabəzək kroton bitkisi isə dəri ilə təmas zamanı qıcıqlanma yaradan şəffaf mayeyə malikdir. Bu səbəbdən də dibçək gülü almazdan əvvəl onların xüsusiyyətləri, insanın sağlamlığına, əhvalına təsiri ilə maraqlanın».

Onun dediyinə görə, otaq bitkiləri virus və bakteriyaları öldürmək qabiliyyətinə malikdir. «Belə bitkilərdən biri ətirşahdır. Bu bitki streptokokk və stafilokokk bakteriyalarını məhv edə bilir. Bu bitkiyə qulluq etmək çətin deyil. Bu dibçək gülü üçün münasib yer yataq otağıdır. Çünki ətirşah bitkisinin buraxdığı maddələr sakitləşdirici təsirə malikdir. Bu bitkinin pəncərənin qabağına, gün düşən tərəfə qoymaq lazımdır. Bu bitki isti vaxtlarda çox su tələb edir, — deyən həmsöhbətim kaktus bitkisinin xeyri barədə də danışıb. — Kaktus xeyirli bitki hesab olunur. Kaktusa baxmaq çox asandır və bu bitki geniş yayılıb. Kaktusun növləri də çoxdur. Ən xeyirli kaktuslar uzun iynələrə malik olanlardır. Bu bitkilər bakteriyaları məhv etməklə yanaşı insanı zərərli elektromaqnit dalğalarından da qoruyur. Bu səbəbdən də kaktusları televizor, kompüter və digər şüalanmaya səbəb olan avadanlıqların yanında saxlamaq lazımdır. Lakin bununla yanaşı kaktusun üzərinə çoxlu işıq düşməlidir. Çünki bu bitki isti yerlərdə bitən bitkidir. Kaktusları xüsusilə də ofislərdə qoymaq lazımdır. Belə ki, ofislərdə kompüter və digər avadanlıqlar daha çox olur. Havası da dəyişilmədikdə belə yerlərdə şüalanma çoxalır».

İnsan üçün xeyirli olan bitkilər sırasında dəfnənin də adını çəkən bağban nəzərə çatdırır ki, bu bitki zərərli bakteriya və virusları öldürə bilir. «Mədə-bağırsaq, ürək və damar xəstəliklərindən əziyyət çəkənlər üçün bu bitkinin xeyri var. Dəfnə bitkisini yaxşı işıqlandırılmış yerə qoymaq lazımdır».

Top