Kəklikotu

Kəklikotu

Soyuqdəymənin ən yaxşı dərmanı kəklikotudur. Müalicəvi bitkilərdən olan kəklikotu faydalı xüsusiyyətləri ilə əsl şəfa mənbəyidir. Kəklikotu hələ qədimdən xalq təbabətində əsasən soyuqdəymənin dərmanı kimi işlədilib. Tərlədici, bəlğəmgətirici və antiseptik xassəyə malik olduğu üçün laringit, bronxit, göy öskürək, pnevmaniya kimi xəstəliklərdə, eləcə də boğaz ağrılarında ondan faydalı vasitə kimi istifadə etmək olar.
Kəklikotu dəmləməsi qarqara şəklində ağız boşluğunun və udlağın iltihabı zamanı, eləcə də mədə-bağırsaq xəstəliklərində əhəmiyyətli sayılır. Onun çiçəklərini çeynəmək diş ağrısına, damaqların möhkəmlənməsinə müsbət təsir edir. Kəklikotu həmçinin iştahı yaxşılaşdırır, həzmə kömək edir, mədəni və ciyəri təmizləyir. Bu bitkinin həlimi qarında köp və spazmı götürür, bağırsaq qurdlarını tökür. Qan təzyiqi yüksək olanlar da kəklikotundan faydalana bilər.

Kəklikotu dəmləməsi qan dövranını yaxşılaşdırdığı üçün insanda xoş əhval-ruhiyyə yaratmaq, sinir sistemini sakitləşdirməq qabiliyyətinə malikdir. Dərinin parlaqlığı, eləcə də yaraların sağalması üçün onun məlhəmi çox xeyirlidir. Məsələn, kəklikotu və baldan hazırlanmış məlhəmi zəhərli cücülərin dişlədiyi yerin üstünə çəksəniz, tezliklə kömək edər. Eləcə də gözün qarasına ağ ləkə düşərsə, ora kəklikotu şirəsi damcılatmaq lazımdır.
Amma həkimlər hamilə qadınlara, kəskin böyrək və qaraciyər xəstəliyindən əziyyət çəkənlərə kəklikotundan istifadəni məqsədəuyğun saymır.

Mənbə: http://anspress.com
Top