Kahı

Kahı

Digər tərəvəzlər kimi, kahıda da insan orqanizmi üçün lazım olan bir çox dəyərli elementlər var. O cümlədən, dəmir və maqnezium. Dəmir hemoqlobin yaratmaq prosesində fəal iştirak edən elementdir, onun bədəndə tez-tez təzələnməsi çox vacibdir.
Qara ciyərlə dalaq dəmirin yığılıb qaldığı əsas yerdir. Orqanizm onun qapısını yalnız böyük ehtiyac duyulduqda döyür. Məsələn, bədən çoxlu qan itirəndə, yaxud da qəbul olunan qidada, hansı səbəbdənsə, qırmızı qan kürəciklərini formalaşdıran elementlər ya tamam yoxdur, ya da cüzidir.Dalaqdakı dəmir ehtiyatı bir növ akkumulyator batareyası rolunu oynayır. Orada qanın yüklənməsi prosesi baş verir. Bu vacib prosesdə, dəmirlə zəngin olan kahı öz sözünü deməyə qadirdir.
Kahının tərkibində bol olan maqnezium isə bir neçə vacib funksiyanı həyata keçirə bilir. Bu element təzələyici gücə malikdir. O, beyin, sinir sistemi və əzələ toxumaları üçün çox gərəklidir. Üzvi maqnezium həm sinir sisteminin hüceyrələrini, həm də ağ ciyər hüceyrələrini qida ilə təchiz edir. Qanın bədəndə normal dövr etməsinə yardımçı olur. Unutmayın ki, qan dövranı normal olmasa, maddələr mübadiləsi düzgün getməz.
Kahını dəyərli edən başqa bir keyfiyyəti də var. Məlumdur ki, qidada kifayət qədər kalsium olmasa, maqnezium duzu nə qədər bol olursa-olsun, fayda vermir. Kahıda bu iki üzvi duzun nisbəti ideal qaydadadır.
Kahı şirəsinə yerkökü şirəsi qatanda bu qarışıq A vitamini ilə zənginləşir və daha dəyərli olur. Üstəlik, kökdə olan natrium kahıdakı kalsium duzunu məhlul vəziyyətində saxlayır, kristala çevrilməyə qoymur. Bu da sağlamlıq üçün çox vacibdir.
Kahının tərkibində 6 faizdən bir qədər artıq dəmir və 6 faizə yaxın maqneziumla bərabər, sağlamlıq üçün vacib olan digər elementlər də, məsələn, 38 faiz kalium (toxumaların əsas qidası) və 15 faiz kalsium (sümüyün, qığırdaqların, vətərlərin, tükün əsas qidası), 9 faizdən artıq fosfor, 8 faizdən artıq kremen və çoxlu kükürd vardır. Fosfor beyinin əsas qidalarından biridir, hemoqlobinin tərkibinə daxil olub oksidləşdirici rol oynayır. Əsəb xəstəliklərinin əksəriyyəti yuxarıda göstərilən elementlər orqanizmə üzvi şəkildə deyil, qeyri-üzvi formada daxil olduqda yaranır. Kahıdakı kükürd isə dərinin və vətərlərin normal vəziyyətdə qalması, baş tükünün yaxşı inkişaf etməsi üçün gərəkdir. Yerkökü, kahı, göy bibər və yonca şirəsi baş tükünün şəfa vermək qabliyyətini xeyli gücləndirir.
Kahı şirəsi vərəm xəstəliyindən və mədə-bağırsaq qüsurundan əzab çəkən xəstələr üçün də əvəzsiz dərmandır. O, həm də gözəl sidikqovucu vasitədir.
Yerkökü şirəsi ilə kahı şirəsinin qarışığını südəmər körpələrə və uşaqlara hər gün vermək məsləhətdir. Belədə uşaqlar sağlam, gümrah böyüyəcək. Yarpaqları tünd göy olan kahı xlorofillə və digər vacib elementlərlə zəngindir, açıq-göy yarpaqlarda isə bunlar azdır.

Ərşad ƏZİMZADƏ,
"Ana Təbiət" natural gigiyena mərkəzinin
rəhbəri, yazıçı-jurnalist
Top