Bitkilər də danışır

Bitkilər də danışır

Görəsən, bitkilər söhbət edirlər? Qısa cavab versək, hə. Hollandiyanın Radboud Universitetinin tədqiqatçısı Yozef Ştauffer bitkilərin söhbət sistemini İnternet şəbəkəsinə oxşadır. O, bu nəticəyə gəlib ki, çiyələk və yonca kimi bitkilər öz aralarında yaratdıqları şəbəkə vasitəsilə informasiya mübadiləsi aparırlar.

Ancaq onlar bu zaman klaviaturadan yox, öz zoğlarından istifadə edirlər. Söhbət belə baş verir. Məsələn, çiyələk və yonca kimi bitkilər öz zoğlarını Yerin səthi boyunca və Yerin dibinə doğru inkişaf etdirirlər. Nəticədə onların zoğlarının uclarında yeni bitkilər yaranır. Ancaq bu yeni bitkilər həmin zoğ vasitəsilə öz valideynləriylə əlaqədə olurlar. Maraqlıdır, görəsən, onlar nədən danışırlar.

Sən demə, onlar da adamlar kimi, ətraflarında baş verənlərdən, həm də öz səhhətlərindən danışırlar. Məsələn, yaxınlaşan təhlükədən.

Bu necə olur. Kəpənəkqurdu və bitkilər üçün öldürücü olan başqa həşəratlar haqqında bir-birlərinə siqnal ötürürlər. Onlar bunu öz zoğları vasitəsilə edirlər. Siqnal alan bitki özünü yaxınlaşan həşərat üçün az cəlbedici etməyə çalışır. Onlar hətta kimyəvi maddələr də ifraz edə bilirlər. Bunun sayəsində yarpaqları həşəratlara dadsız gəlir. Həm də onları dişləmək çətinləşir.

İnternetdə olduğu kimi, bitkilərin informasiya şəbəkəsinə də virus düşə bilir. Belə olanda bütün bitkilər yoluxa bilərlər. Ştaufferə görə, bu, bitkilərin informasiya sisteminin əsas çatışmazlığı sayılır.

Bitkilər bir-birləriylə söhbət etməkdən başqa həm də bir ailənin qayğıkeş üzvləri də sayıla bilərlər. Məsələn, bəzi yabanı bitkilər öz qohum bitkilərinə nisbətən özgələrə daha aqressiv olurlar. Yabanı bitkilər qohum bitkiylə yanaşı əkilibsə, öz köklərini uzatmağı cilovlaya bilirlər ki, onlar da yaxşı inkişaf etsinlər. Yadlarla isə belə eləmirlər. Lazım gələndə öz zoğlarını o qədər dərinə yeridə bilərlər ki, yad bitkilər ordan çıxır.

Mənbə: Azadlıq radiosu Hazırlayan Kəbairan Dilavərli
Top