Abqora şərbəti

Abqora şərbəti

Abqora şərbəti qədimdə həm toy süfrələrində, həm də bir çox ailələrdə hər gün masada olan spirtsiz içki növü idi.

Bildiyiniz kimi, Abqora – turş və kal üzüm dənələrindən sıxılmış şirədir. Ondan yeməklərdə: balıq, ət, turşu qovurma, kabab, düşbərədə zövqə görə istifadə olunur.Abqora çox turş olduğundan əti, yağlı yeməkləri yedikdən sonra təzyiqin qalxmasına mane olur və həzmi tezləşdirir. Beləliklə, orta yaşlı insan üçün abqora əsl tapıntıdır. 

Ötən əsrdə statistik orta Azərbaycanlı və xüsusən Bakı ailəsində həmişə bir şüşədə, ağzı bağlanmış abqora mütləq olurdu. İndi isə təəssüf ki, bu unikal vasitə süfrələmizdən, mətbəximizdən itir. Amma biz bu yaxında tədbirlərin birində, milli restoranımızın təqdimatında süfrədə Abqora şərbəti gördük.

Sərin, turşməzə, ətirli Abqora şərbəti dolma, plov, kabab, qutab kimi ağır kalorili yeməklərin yanında əla vəhdət yaradırdı. Yaz və yay aylarında siz də bu faydalı içkini hazırlayıb, soyuducuda saxlaya və süfrənizə verə bilərsiz.

Abqora şərbətini hazırlamaq üçün:
Dolçaya 30-50 ml. abqora şirəsi əlavə olunur, üzərinə soyuq su qatılır. 2 xörək qaşığı şəkər tozu qatılır, həll olunur. Bir az limon suyu sıxılır. Bu, şəkər xəstələri, artıq çəki və yüksək təzyiqdən əziyyət çəkənlər üçün əla içkidir.

sufrem.az
Top