Firni Azərbaycanın milli mətbəxinin reseptlərindəndir. O, zərif, faydalı, dadlı — darçınlı südlü desertdir. Xüsusilə də səhər yeməyinə hazırlasanız, gün ərzində tox və gümrah olacaqsınız. Firni tez və asan hazırlanır.
Ərzaqlar:
Düyü unu – 5 x.q.
Süd – 500 ml.
Şəkər tozu – 3 x.q.
Duz – bir çimdik
Gülab və ya vanilin – zövqə görə
Darçın – üstünü bəzəmək üçün
Hazırlanması:
Əvvəlcə düyü ununu ələyirik. Sonra bir qazan götürüb, içinə soyuq südü, şəkər tozu, duz və ələnmiş düyü ununu əlavə edirik. Orta odun üzərinə qoyub dayanmadan qarışdırırıq ki, “yumrular” əmələ gəlməsin. Kütlə qatılaşan kimi içinə öz zövqünüzə görə ya gülab (qızılgül suyu – 5 damcı), ya da vanilin (1 ç.q.) töküb qarışdırırsınız və oddan götürürsünüz.
Firnini iki cür yemək olar: ya isti halda — üzərini darçınla bəzəyib, kərə yağı qoyub süfrəyə verə bilərsiniz. Və ya üzərini darçınla bəzədikdən sonra 10 dəqiqə saxlayırsınız. Sonra soyuducuya qoyub, tam soyudursunuz və pudinq kimi yeyirsiniz. Nuş olsun!
sufrem.az