Unudulmuş Azərbaycan plovu

Unudulmuş Azərbaycan plovu

Bildiyimiz kimi aşın (plovun) 90-dan çox növü var. Bu növlərin hər birinin ayrı-ayrılıqda hazırlanma metodu və özünəməxsus dadı vardır.
Amma indi söz açdığımız aş (plov) növündən yəqin ki, əksəriyyətin xəbəri yoxdur. Bu aşın (plovun) çox nadir bir növüdür, çox unikaldır və unikal da hazırlanma metoduna malikdir. Belə ki, əvvəllər bu aşı (plovu) əsasən, ölkəmizin cənub zonasında daha çox hazırlayarmışlar. İndi yalnız cənub bölgəsindən olan uzunömürlülərin bu aş barəsində məlumatı olar.

Bu aşın hazırlanma metodu belədir: düyü suda qaynadılır, süzülür və soyudulur. Düyü bir az soyuduqdan sonra qamışdan (nazik göl qamışından) hörülmüş dar səbətlərə qoyulur və hər hansı bir yerdən asılır. Düyü bir müddət səbətin içində asılı halda qalır və bu müddət ərzində düyülər bir-birinə möhkəm yapışaraq quruyur — “düyü lavaşı” formasını alır. Sonra aşı daha doğrusu, “düyü lavaşı”nı səbətdən çıxarılır. Yeyərkən isə o hissə-hissə qoparılaraq soyuq halda yeyilir, bu aşın əlavəsi olaraq balıq və kababdan istifadə olunur.

Bu aş növündən adətən, çobanlar, uzun yol gedənlər daha çox istifadə edirmişlər. Çunki aş çox gec xarab olur, hətta demək olar ki, xarab olmurdu. Bu aş “səbət aşı” adlanır və kulinariyamıza unudulmuş aş növü kimi daxil edilmişdir.

Mənbə: azens.az
Top