Piti - (Qoyun əti (sümüklü və yağlı) bir porsiya üçün 1 parça, kartof 1 böyük 1 porsiya üçün, noxud, 1 baş soğan, tomat pastası, alça, sarıkök, duz, istiot ). Bu milli Azərbaycan şorbasıdır. Adətən onun xüsusi gil qablarda və xüsusi sobalarda bişirirlər. Əksəriyyətin belə sobalarda və küpədə bişirmək imkanı olmadığından, idni biz pitini adi qazanda, qaz və ya elektrik plitəsində bişiririk. Şəkidə olarkən mənə əsl pitini dadmaq nəsib oldu.
Orada, ləzzətli pitisi ilə bütün Azərbaycanda məşhur olan bir restoranda yediyim pitinin dadı heç vaxt yadımdan çıxmaz. Piti o qədər dadlı idi ki, mən adətən noxudu xoşlamadığım halda, həmin pitini axıradək yedim. Əvvəlcədən noxudu soyuq suda isladın və bir-neçə saat sonra natamam bişirin. Əti yuyub qazanın içinə qoyun və su tökün. Su ətin üstünədək olmalıdır. Qazana bir baş təmizlənmiş soğan atın və orta temperaturda bişirin. Ətin kəfini yığın, bulyon şəffaf omlaıdır. Qoyun ətini bir saata yaxın bişirin və duz əlavə edin. Ətin bişməyini çəngəllə yoxlayın, bişəndən sonra baş soğanı çixarıb atın. Soğan onun üçün atılır ki, qoyun ətinin qoxusunu özunə çəksin. Kartofu təmizləyib qazana tökün, bir az sarıkök, noxud və alçanı əlavə edin. Kartof bişərkən yarım xörək qaşığı tomat pastası ya xırda doğranmış pomidor tökün. 5-10 dəqiqə bişirin. Hazır pitini süfrəyə verərkən, yanında lavaş ya çörək, nazik həlqələrlə doğranmış soğan, göyərti və ya şoraba da verilir.
Sulu xingəl - (Xəmir, un, 1 yumurta, su, duz, şorba, xırda hissələrə bölünmüş qoyun əti 500 gr, baş soğan 2, noxud, duz, istiot, tomat pastası - 1 ç.q., sirkə, sarımsaq). Bu sulu xəngəlin Bakı zonasında bişirilən variantıdır. Mənim çox sevdiyim bu şorbanı nənəm tez-tez hazırlayardı. Şorba çox asanlıqla və tez bişirilir.Xəngəlin xəmiri düşbərə xəmiri kimi hazırlanır və eləcə də kəsilir. Kvadratlar taxtanın üstünə yığılır və qurudulur. Doğranmış xəngəli dərhal bişirmək olar. Əgər istəsəniz, yaxşıca qurudub sonraya da saxlaya bilərsiniz. Bunun üçün qurumuş xəngəli elastik və ya şüşə qaba yığıb, ağzını bağlamaq lazımdır.Noxud axşamdan soyuq suda isladılır və səhər yarımçıq bişirilir.
Ət xırdaca doğranır, yuyulur, qazana qoyulub üstünə su tökülür. Qazana bir baş soğan salınır. Ətin kəfi yığılır. Ət bişəndən sonra, bulyonu süzgəcdən başqa bir təmiz qazana süzülür. Ət də bu qazana qoyulur. Noxud əlavə olunur, sonra tomat pastası və 4 ovuc xəngəl. Xəngəl bişənədək bir baş soğan təmizlənir, xırdaca doğranaraq qızılı rəngə düşüncə qızardılır.
Süfrəyə verərkən şorbanı boşqaba töküb qızardılmış soğani əlavə edin və üstünə nanə tökün. Sulu xəngəlin yanında süfrəyə sirkənin içində xırdalanmış sarımsaq da verilir.
Şorba - (Parçalanmış toyuq, Qirdə düyü, Quru alça, Zəfəran, Noxud, Şüyüd, Keşniş). Onu hazırlamaq çox asandır və eyni zamanda o, çox xeyirlidir.Noxud axşamdan soyuq suda isladılır və səhər yarımçıq bişirilir. Toyuq yağlı yaxşıdır. Toyuqu yaxşı yuyun, çoxlu miqdarda suda bişirin, sonra bulyondan çixarın, bulyonu isə başqa bir qazana süzün. Bulyonu qaynadın, 4.5 saplaq zəfəran əlavə edin, sonra quru alça, düyü. Düyü bir qədər olmalıdır ki, şorba həlimli olsun. Hamı bir yerdə bişsin və sonra noxudu əlavə edin, 5-10 dəqiqə bişsin. Düyü bişibsə, deməli şorba hazırdır.