Novruz bayramının ən maraqlı simvollarından biri yəqin ki, səmənidir. Yazın ilk müjdəçisi səməni bir növ təbiətin yenidən canlanmasını göstərir.
Əvvəllər səmənini yazda səpiləcək toxumun yaxşı olub-olmadığını yoxlamaq üçün göyərdirlərmiş. İnanırdılar ki, səməni yaxşı cücərsə, məhsul bol olacaq.
İndiki dövrdə isə əksəriyyətimiz tənbəllik edib, evə səməni cücərtmir, satın almağa üstünlük veririk. Ancaq evdə səməni cücərtmək elə də çətin deyil.
Səməni ilk iki çərşənbədən sonra, Novruz bayramına 10 gün qalmış cücərdilməyə qoyulur. Yəni elə indi səməni qoymağın tam vaxtıdır.
Səməni əsasən, buğdadan (və ya arpadan) qoyulur.
Səməni qoymaq üçün istədiyiniz miqdarda buğda götürün.
Buğdanı tənzifə büküb, bir gün suda saxlayın. Səhəri gün çıxarıb rişə atması üçün bir-iki gün işıqlı yerdə saxlayın. Otağın soyuq olmamasına diqqət edin.
Buğda çırtlayıb cücərməyə başlayanda qablara sərin.
Üstünə nəm tənzif atıb hər gün bir az su verin ki, buğda qurumasın. Səməninin bir azca qalxdığını görəndə tənzifi götürün. Hər gün bir neçə dəfə əlinizlə üzərinə su çiləməyi unutmayın.