Anam, bacım qız gəlin,
Əl-ayağı düz gəlin,
Yeddi oğul istərəm,
Bircə dənə qız gəlin...
Mərasim başa çatır. Ata qızına öyüd-nəsihət verir: “Suyun sərin, çörəyin bişmiş olsun. Ruzun bol, ocağın isti olsun. Allah səni xoşbəxt eləsin, oğullu-qızlı olasan, getdiyin yerdən yarıyasan, qayınatan atan, qayınanan isə anan olsun. Sən də bu evin yox, o evin qızı olasan”.
Yolboyu uşaqlar ip çəkərək gəlin maşınının qabağını kəsib, onlardan xələt istəyirlər. Bu, yolboyu bir neçə dəfə təkrar olunur. Gəlin maşını oğlan evinə çatanda maşının üstünə şirin noğul və konfet səpilir. Gəlinlə bəyin başı üzərində duz-çörək kəsilir. Gəlin öz otağına çatmamış bir qaba doldurulmuş suyu dağıdır və bir boşqab sındırır. Bəzən də gəlinin ayağı altında qurban kəsilir və onun qanından gəlinin alnına sürtürlər. Bəzən gəlini otuzdurmaq üçün ya qayınanası, ya da qayınatası ona qiymətli hədiyyə verir.
Qız evinin adamları “bəy çıxartmaq” mərasimi üçün hazırlıq görürlər. Bəy digər məhəllədən və ya qonşu evdən musiqi sədaları altında çadıra gətirilir. Əvvəlcə qız evnin adamları bəyin qarşısında oynayır və xələtlik parçaları bəyin və onun yanındakılarının boynuna dolayırlar.
Beləcə, çadırda başlanan toy axşamadək davam edir.
Həmçinin bax:Toylar və adət-ənənə