Müsəlman dünyası Yeni il bayramını bayram kimi qeyd edə bilərmi?!

Müsəlman dünyası Yeni il bayramını bayram kimi qeyd edə bilərmi?!

Səudiyyə Ərəbistanının hakimiyyət dairələri əhaliyə xəbərlarlıq edərək Yeni İlin istənilən formada bayram edilməsinin küfr və yasaq olduğunu bəyan edib.
"Okaz"ın verdiyi xəbərə görə, Yeni İl simvolikalı mallar satan dükanların hamısı çox böyük məbləğdə cərimələnəcək.
Səudiyyə Ərəbistanının Hallalığın Yayılması və Günahın Qarşısının Alınması Komitəsinin yaydığı bəyanatda bildirilir ki, ictimai yerlərdə Yeni İlin bayram edilməsinə yol verilməyəcək. Bundan başqa, Səudiyyə Ərəbistanına Yeni İl simvolikalı istənilən malların idxalı qadağan olunub.

Yeni İl tək Səudiyyə Ərəbistanında yasaq deyil.
Şəriət qaydalarının tətbiq edildiyi bütün yerlərdə Yeni İl haram və bica iş sayılır.
Əcəba, niyə?
İslam nə deyir?

Şəriət müsəlmanlara Allahdan savayı kimsəyə sitayiş etməməyi tapşırır. Qurani-Kərim də Allahdan böyük kimsənin olmadığını buyurur, Allaha edilməyən ibadəti böyük şirk, yəni Yaradana şərik qoşmaq və haram sayır. Şirk isə insanı birbaşa cəhənnəmin əbədi alovlarına doğru aparır.
İslam alim-üləmalarının qəti fikirlərinə görə, şirkin, yəni Allaha şərik qoşmağın bir yolu da Yeni İli bayram etməkdir.
İslamda "əqidə" adlanan anlama görə, Yeni İldə Allaha şərik qoşaraq kimlərdənsə yardım diləmək, həmd istəmək böyük günahdır.

"İllah da ki, kafirlər kimi spirtli içkilər içmək, sərxoş olaraq rəqs etmək və ağac bəzəyib ondan nə isə diləmək, təlxək paltarlı bir insanı "nişanə" sayıb onun yolunu gözləmək çox böyük, özü də rəzil günahdır. Xristianları anlamaq olar - bu, onların ənənəsidir. Bəs müsəlmanlara nə olub?! Kafir kimi davranmaq, spirtli içkilər düzülmüş masanın arxasında oturmaq, sonra da qadınlarla kişilərin məst olub rəqs etmələrini necə izah edək? Unutmayın ki, kafirlərin yolu ilə gedən və onlara bənzəmək istəyənin özü elə kafirdir", - məşhur İslam üləmalarından olan Şeyx Kərdavi deyir.

İslam üləmalarının dediklərinə görə, Yeni İli bayram edən müsəlmanlar günah işləməklə bahəm, yolka bəzəyib onun ətrafında dövrə vurmaqla "təvaf" edir ki, bu da şirkin bir növüdür.
Halbuki müsəlman üçün yeganə təvaf Kəbə ətrafındadır. Kəbədən savayı heç nəyin ətrafında ayini dövrə vurmaq olmaz.
Qurani-Kərimdə deyilir: "... Onlar qədim evin (Kəbənin) ətrafında dövrə vursunlar" ("Əl Həcc", 29).

Ona görə də Şəriətdə Kəbədən savayı ayrı bir nəsnənin - məzarın, ağacın, insanın və ya Yeni İl Yolkasının başına dolanmaq şirk və Şeytana ibadətdir.

Bundan başqa, Şəriətə görə, Yeni İl bayramında Şaxta Babanı çağırmaq və ondan hədiyyə gözləmək küfrdür. Çünki müsəlman olan kəs Allahdan savayı kimsəyə həmd etməməli, Allahdan savayı kimsədən yardım və hədiyyə gözləməməlidir.
Müsəlmanın inanc və inama əsaslanan "fitrə"si Allaha etiqadla möhkəmlənməli, bütpərəst nişanələrə yer olmamalıdır.

Bır sıra İslam alimlərinin fikrinə görə, istənilən ağacı əski, oyuncaqlar və s. ilə bəzəmək, üstəlik bu ağacın başına parlaq ulduz qoymaq şeytan əməlidir.
Yeni İlin girməsinə bir neçə dəqiqə qalmış arzu və diləkləri səsləndirmək, "Qoy Yeni ilimiz..." sözləriylə başlamaq da şeytana sitayişdir.
Çünki Allaha ünvanlanmamış istənilən arzu və ibadət haram, şeytana qulluq, cadugərlikdir.
Qurani-Kərimdə isə deyilir: "İnsanları cadugərliyə öyrədən şeytanlar kafirdilər" ("Əl Bəqərə", 102)

Və ən nəhayət, illərin müxtəlif heyvanlar üstündə təhvil edilməsinə inanmaq, "Qaban ili" və ya "Dovşan ili" kimi ifadalər işlədərək bu inanclara etibar etmək də şeytana qulluqdur.
İslam alimlərinin fikrincə, belə inancları olan müsəlmanlar yolundan azan adamlar, müşriklər, Allaha şərik qoşanlardır.

Üləmaların fikrincə, belə insanlar Şaxta Baba və ya Santa Klaus barədə danışmaqla Taqutu vəsf edirlər.
Üstəlik, bütpərəst bayramı olan Yeni İldə artıq xərclər, "bayram masa"sını bəzəmək ərəb dilində "israf", yəni gərəksiz məsrəflər sayılır. Bu isə müsəlman üçün yolverilməz əməldir.
Qurani-Kərimdə deyilir: "And olsun zamana! Həqiqətən də insan itkilərdədir" ("Əsr" Surəsi).

Yeni İlin qanlı "tanrı"ları


Əslinə baxsaq, Qar Qızın sırf Rusiyanın rəvayət və nağıllarının, adət və ənənələrinin ayrılmaz ünsürü olduğunu düşünmək yanlışlıqdır.
Dindarların və İslam din xadimlərinin, habelə onların xristian həmkarlarının fikrincə, Qar Qız qara ruhlu, Şər məzmunlu simvol, yaşamın ən mənhus yönlərinin sakral təzahürüdür.
Yeni İlin digər simvollarının da sirli kökləri olduğu vurğulanır. Məsələn, Yeni ilin mütləq simvolu sayılan yolkalar kimi. Qədim ketlərdə küknar ağacı qanlı qurbanlar tələb edən meşə ruhunun sığınacağı sayılardı. Druidlər də ibadətlər zamanı küknar budaqlarından insan və heyvanların bağırsaq, mədə, ciyər və ürəklərini asardılar.

Xristianlıq yayılıb kilsə güclənəndən sonra isə Avropa xalqları küknar ağacından artıq mədə-bağırsaq yox, ağacdan hazırlanmış kürələr asdılar. Sonralar həmin kürələr şüşə oyuncaqlara çevrildi. Bağırsaqlar isə parça və kağızdan hazırlanmış "zəncir" ilə lentlərlə əvəzləndi.

Şaxta Baba və ya Sant-Klaus hardan peyda olub?

Şaxta Baba və onun Qərbdəki analoqu Sant-Klausa gəldikdə isə, onların ulu babası qəddar kelt tanrısı "Şimalın Böyük Qoca"sı, buz soyuqlar və çovğunların hökmdarıdır.
Böyük Qoca da belinə çuval ataraq evləri dolaşırdı. Amma o, Santa Klaus və ya Şaxta Baba kimi hədiyyə paylamır, insanların il ərzində vermədikləri qurbanları toplayardı.
Çuvallı qocanın gəlişi keltlərə yaxşı heç nə vəd etmirdi. Onun gedişindən sonra evdə donub buzlamış meyitlər qalardı. Kəndlərini, evlərini və özlərini bu mənhus qocadan qorumaq uçün keltlər qocaya umümi qurban verər, yeniyetmə yaşlarındakı bakirə qızı lüt soyundurub kəndin kənarındakı meşəliyin qənşərində ağaca bağlayardılar.

Özü də gecə, qışın sazağında.
Məhz o qızın donmuş, buzla örtülmüş cəsədi indi Şaxta Babanı müşayiət edən Qar Qızın "nənəsi" sayıla bilər.
Rusiyada isə Şaxta Baba ilk dəfə yalnız 1840-cı ildə, yazıçı və knyaz Vladimir Odoyevskinin "Moroz İvanoviç" nağılından sonra peyda oldu.

Mitranın Milada çevrilməsi
Qədim Roma İmperiyasında imperator Konstantin xristianların təqiblərinə son qoymaq qərarına gələndən sonra keşişlər azad oldular və istədikləri kimi ibadət edirdilər. Lakin onlar romalıların Yeni İl bayramını əvvəlki kimi bayramlaşdıqlarını gördüklərindən, həmin bayramı da xristianlaşdırmaq qərarına gəldilər.
O dönəmdəki Roma İmperiyasında Parsiyanın (çağdaş İran) səcdə etdiyi insan - Tanrı Mitranın, Günəşin təzahürlərindən birinin doğum günü geniş bayram edilirdi. Məhz Mitranın doğum günü qış və yay günlərinin qovuşuğu, dekabrın 25-i idi. Mitra səcdəliyində çörəyi şəraba batırıb dadmaq vardı. Bu ayində çörək - Mitranın vücudu, şərab isə Mitranın qanı idi. Romadakı yeni güclənməyə başlayan xristianlığın keşişləri də Mitraya sitayişlə bağlı bütpərəst inancı yox etmək üçün onun doğum gününü xristian bayramı, Milad elan etdilər.
Beləcə, Roma keşişləri 354-cü ildə Mitranın doğum gününü xüsusi fərmanla Milad Gününə çevirdilər.
Halbuki dekabrın 25-nin xristianlıq, İsa Məsih və ya səmavi dinlərlə heç bir əlaqəsi yoxdur.
"Milad bayravmı" da beləcə peyda oldu.

Küknarın və Santa Klausun tarixi

Yeni il bayramında küknar, yəni yolka bəzəməyə gəldikdə isə, bu ayinin də çox qədim tarixi var. Qədim Misir və Babilistanda Aturis məhsuldarlıq, bolluq və bərəkət tanrısı olan qadındır. Qədim hettlər isə Anura adlı qadın tanrıya sitayiş edərdilər ki, onun gənc məşuqu Attis qadının təqiblərindən yaxa qurtarmaq üçün küknar ağacının altında özünü axtalamışdı.
O vaxtdan bəri hettlər, babillər və misirlilərdə küknar ağacı bərəkət, uğur və məhsuldarlıq simvolu sayılırdı.

Qədim yunanlarla romalılar bu simvolu həmin xalqlardan əxz etdilər, sonra da küknar xristianlarda bərəkət və arzuların çin olmasının məcaz ünsürünə çevrildi.
Qərbdəki Şaxta Baba olan Santa Klausa gəldikdə isə, o, indiki Türkiyə ərazisində yerləşən Efes şəhərində yaşamış Müqəddəs Nikolaydır.
Yəni, Yeni İl bayramı hədiyyə gözləyən uşaqlar Şaxta Babanın gəlişini istəməklə əslində Müqəddəs Nikolaya səbirsizliklə dua edirlər.

Santanın ağ-qırmızı paltarını "Coca-Cola" şirkəti çox sonralar fikirləşdi, onun marallar qoşulmuş kirşəsini isə amerikalı rəssam Con Fencenrot çəkdi.
O vaxtdan bəri bütün dünya Santa-Klausu qırmızı paltarlı, saqqallı təsəvvür edir və düşünür ki, bu qoca marallar qoşulmuş kirşə ilə hərəkət edir.
Halbuki az öncə yazdığımız kimi, bütün bunlar sadəcə, mif, alleqoriyadır. Özü də cəmi iki əsr əvvəl uydurulmuş bir alleqoriya...

Amma...

Bütün bunlar aydındır. İslam alimlərini də başa düşmək olar, Şaxta Baba və ya Santa Klausun ulu babalarının, qədim əcdadlarının adamyeyən tanrıcıqlar və eybəcər xortdanlar olduqlarını söyləyən tarixçiləri də.
Fəqət, bu fani dünyada insanın ruhu, yaşamı və psixikası deyilən anlamlar var.
Hər yeni adət, təzə ənənə və ya davranış modelini istək olarsa, qədim Babilistandakı gil kitabələrə yazılmış zinalardan tutmuş, Finlandiyanın hansısa ucqar, yayda belə küknar ağaclarından qırov sallanan kəndindəki tanrıcıq inanclarına aparıb bağlamaq olar.
Yetər ki, buna istək olsun.

Sevinən simanı hüznlə qaraltmaq, gülən insanı ağlatmağa, şənlənəni incitməyə nə var ki.
Çətini ağlayanı sevindirməkdir.
Əfqanıstanın ucqar kəndində bir uşaq Santa Klaus papağı taxıb kasıb atasından hədiyyə gözləyirsə və ya Banqladeşdəki həsir daxmadakı qızcığaz Yeni İl gecəsi sinəsindən az qala pırtlayıb çıxan ümidi ilə hədiyyəni alacağı vaxtı az qala kəndirlə dartıb gətirmək istəyirsə - burada pis nə var?

O uşaqdamı kafirdir və ya kiçik, ucuz gəlinciyi bağrına basıb yatan, yuxuda gülümsəyən qıvrımsaç bala da müşrikdir?
Günah uşaqları gülüş, sevinc və nəyəsə inanmaqdan məhrum etməkdi.
Kim deyib ki, Şaxta Babaya inanan uşaq böyüyəndə kafir və ya bütpərəst olasıdı?
Nəyə əsasən söylənir ki, çocuq yaşlarında yolkanın ətrafına dövrə vurub sevincdən gözləri işıldayan körpə böyüyəndə Kəbənin ətrafına təvaf etməyəcək və günlərin birində də, namusu, irzi və Vətəni təhlükədə olanda "Allahu Əkbər!" deyərək düşmən üzərinə atılmayacaq?

Bəlkə tam tərsidir?

Bəlkə uşaqlıq illərində sevinməyənlərdir insanların başlarına bəlalar açan, onları ağladan, göz yaşları içində boğub qanlar silməyə vadar edən?
Kim bilir...
Top