Yas xərci

Yas xərci

Avropaya inteqrasiyanı çox vaxt pisləyirik,deyirik ki adətlərimiz əldən gedir.Amma Avropanın çox yaxşı yas adətləri var. Son günlərdə başım elə bu məsələyə qarışmışdı. Çox pis vəziyyətdir. Yas xərclərini sayım, siz də baxın:
Ölünün öz xərcləri
Qəbiristanlıqda yer(kəndlərdə pulsuz,şəhərlərdə isə pullu). Sonra tibbi arayış almaq lazımdır ki, mərhum doğurdan da ölüb. Bu zaman müəyyən haqq ödənilir.
Qəbir daşları. Adi daş, mərmər (ağ və qara),heykəl tipli qəbirlər və bəzən mavzoley tipində. Məzarın özündən başqa ətrafındakı mişar daşları,künc-bucaq da imkandan asılı olaraq fərqlənir. Pis məqam odur ki,məzar daşı istehsal edən sexlər ən ucuz daşlardan qəbiri düzəltməkdən çox vaxt boyun qaçırır.
Matəmdə iştirak edənlərin xərci
Buraya qəbirqazanın, mollanın ,ölüyuyanın, şəhərdə isə ölü daşıyan maşının pulu daxildir. Üç,yeddi,qırx,cümə axşamlarında mollanın pulu əsas xərc aparan hissədir
Ehsan xərcləri
Burada əsas yeri çadır tutur. Çadır biznesi indi ən gəlirli sahələrdəndir. Çadırın materialı,oturacaqlar, çilçıraqlar,stol-stul asılı olaraq kirayə çadırların qiyməti dəyişir. Bakıda ölünün yaşadığı yerdən asılı olaraq küçədə çadırın qurulmasına görə JEK-ə verilən pullar da dəyişir.
Ehsan süfrəsi barədə çox danışmaq olar. Qışda qarpız,yayda portağal süfrəyə qoyan adamlar da var, adi çay və qoğal qoyan da. Amma süfrənin dəbdəbəsindən asılı olmayaraq ölünün qohumları çox xərcə düşür. Çünki kasıb adam da belə qoğal,xurma, çay,düyü və s. alarkən xeyli xərc çəkir(mən meyvə,başqa şirniyyatdan danışmıram).
İndi məsələnin ən maraqlı tərəfi. Əslində islam belə səxavətin əleyhinədir. Çünki səxavət burda artıq israfçılığa çevrilir. Dinimizə görə dünyadan köçən insan üçün 4 işin görülməsi vacibdir. Bunlar vəfat edən şəxsin şəri qaydalara uyğun şəkildə yuyularaq qüsl verilməsi, kəfənlənməsi, mərhum üçün cənazə namazının qılınması və nəhayət, mərhumun torpağa tapşırılmasıdır. Bundan əlavə, mərhum üçün ilk günlərdə ardıcıl, sonrakı dövrdə cümə axşamları Quran ayələrinin oxunması, ehsan verilməsi savab niyyətilə edilən vacib olmayan əməldir. islam mətnlərinə görə, Quran ayələrinin oxunması dünyadan yeni köçmüş insanın ruhunun rahatlıq tapması üçündür, eyni zamanda yas mərasimində verilən ehsanlar (“ehsan” ərəb sözü olub xeyirxahlıq, yaxşılıq mənasını bildirir) da həmçinin mərhumun ruhunun rahatlığı üçün edilir. Dünyanın əksər müsəlman ölkələrində yas mərasimləri məscidlərdə keçirilir və mərhumun yaxınları məscidə yığışaraq Quran ayəsi oxunmasında iştirak edir və şəraitdən asılı olaraq çay, yemək süfrəsində əyləşirlər. Əgər nəzərə alsaq ki, islam din olaraq israfçılığı qətiyyətlə pisləyir (Qurani-Kərimdə israfçılığı pisləyən ayələrə bax - M.) o zaman dəbdəbəli ehsan süfrələrinin din baxımından nə dərəcədə qeyri-məqbul olduğunu söyləyə bilərik.
Məsələnin həlli yolu isə sadədir:
1.Küçələrdə çadırların qoyulmasına qadağa qoymaq.həm nəqliyyat üçün problem yaradır,həm də adəti yığışdırmaqda yaxşıdır.
2.Ehsanı ancaq kimsəsizlər üçün etmək. Əgər bir biznesmenin qohumu ölürsə və ora dostu gəlirsə,onun qabağına aş qoymaq lazım deyil.Ehsan yaxşılıq məqsədi üçündür,kiməsə qonaqlıq vermək üçün yox.Ona görə də Azərbaycanın ən nümunəvi insanları yığışan kayzen istifadəçilərindən xahişim budur ki,ehsana yemək-içmək üçün getməyin və getsəniz yeməyin. Hər şeyi özümüzdən başlayaq. Yavaş-yavaş bu adətlər özü yoxa çıxacaq.
3.Başdaşı qoymaq adətini ortadan qaldırmaq. Ölüyə əgər 800-1000 manatlıq mərmər daşın xeyri olarsa mən lap milyon dollarlıq mavzoley tikdirərəm. Amma ölüyə bundan nə fayda? Odur ki,məzar daşına verilən pulu kimsəsizlərə,yetimlərə vermək daha yaxşı olar. Mərhumun ruhunun şad olması üçün bir etimin duası daha faydalıdır nəinki şəkilli mərmər daşı.

Top