Rio-de-Janeyro

Rio-de-Janeyro

Ümumi məlumat
Rio-de-Janeyro San Pauludan sonra Braziliyanın ən iri şəhəridir, sahəsi 1260 kvadrat kilometrdir. «Valehedici şəhər» adlanan Rionun 13 milyondan çox əhalisi var. Onlar özlərini «karioka» adlandırır. Rio hər kəsin arzusudur. Şəhər çoxsaylı çimərliklər, müasir məhəllələr və tarixi abidələrlə zəngindir. Bundan əlavə, Rionun mərkəzindən bir neçə dəqiqə uzaqlaşdıqda siz tropik meşələrdə olacaqsınız. Şəhərin qeyri-adi aurası insanı cəlb edir, yaşamaq həvəsi oyadır və buranı tərk etmək istəmirsən. Bura, həmçinin təzadlar şəhəridir. Dağın döşündə şəhərin ən kasıb rayonları yerləşir, onlar favella adlanır. Favellalar kiçik dövlətlət hesab olunur və federal hakimiyyət onların işinə qarışmır. Bəzi favellalarda nə xəstəxana, nə məktəb, nə də adi rahatlıq var. Rio-de-Janeyro Braziliya karnavalı ilə məşhurdur. Şəhərdə çoxsaylı sambo məktəbi var ki, onlar hər il şən və rəngarəng karnavallar keçirir. Rionun həyatında idman, əsasən də futbol böyük rol oynayır.



Tarixi
Şəhərin tarixi XVI əsrdən başlayır. Yanvarın 1-i 1502-ci ildə portuqaliyalı Andre Qonsalviş kiçik köhfəz görür. Lakin o, hesab edir ki, həmin gördüyü buxta əslində, çayın mənsəbidir və onu «Rio» (çay) adlandırır. Portuqaliya sakinləri kəşf etdikləri adalar və materiklərə həmin gün onları qoruyan müqəddəsin adını verirdilər. 1 yanvar tarixinin xüsusi müqəddəsi olmadığından onlar Rio sözünə «de Janeyro», yəni yanvar əlavə edirlər. Buna görə də Rio-de-Janeyro, həmçinin «yanvar çayı» adlanır. 1763-cü ildə Braziliyanın paytaxtı Baiya artıq nüfuzunu itirməyə başlayır və Rio məşhurlaşır. 1808-ci ildə Portuqaliyanın yarısı Napoleonun əlinə keçəndən sonra bütün kral ailəsi Braziliyaya köçür, 1816-cı ildə isə Rio-de-Janeyro Portuqaliya imperiyasının paytaxtına çevrilir. 1872-ci ildə şəhər sakinlərinin sayı 250 minə çatır. 1959-cu ildə şəhər paytaxt statusunu itirir, lakin ölkənin ən görkəmli və gözəl guşələrindən biri olaraq qalır. Burada bir çox şirkətlərin baş ofisləri və Latın Amerikasının ilk hava limanı yerləşir.



Görməli yerlər
Rioya səyahət edəsən və İsanın heykəlini görməyəsən, bu mümkün deyil. Həmin heykəl düz Korkovado dağının təpəsində yerləşir və nəinki Rionun, Braziliyanın əsas abidələrindən biridir. Gündə 300 mindən çox turist onu görməyə gedir, yeri gəlmişkən, oraya ölkənin ən qədim qatarında qalxırlar. Buradan şəhərə gözəl mənzərə açılır. Bu yaxınlarda həmin qatarın 114 yaşı oldu. Şəkər başı dağı Rionun ən yüksək zirvəsidir. Hündürlüyü təxminən 750 metrdir. Oraya çıxmaq yalnız 1912-ci ildə fəaliyyətə başlamış funikulyorla mümkündür. İlk dayanacaq 220 metrlik «Moru da Urka» yaylasında olur. Burada böyük amfiteatr, restoran və dükanlar var. Sonra 750 metrlik zirvəyə qalxıb şəhərin bütün gözəlliklərini seyr edə bilərsiniz. Tijuka şəhərindəki Milli park dünyanın ən iri meşəsidir. Sahəsi 32 kvadrat kilometrdir. Burada siz yalnız tropik iqlimdə rast gəlinən heyvan və bitkiləri görəcəksiniz. Həmçinin Rioda 600 bitki növü olan Botanika bağı, dünyanın ən böyük stadionu Marakanı görə bilərsiniz.




Şopinq
Başqa bir ölkəyə səfər zamanı şopinq etmədən qayıtmaq mümkün deyil. Rio-de-Janeyro dünyanın digər şəhərləri kimi dükan və ticarət mərkəzlərilə zəngindir. Şəhərin mərkəzində bir neçə nəhəng ticarət mərkəzi yerləşir. Onlara Riu-Banku küçələrində və Kopakabana rayonunda rast gəlmək olar. Burada, həmçinin kiçik dükanlar da var, oradan müxtəlif geyimlər, suvenirlər, ev avadanlıqları və digər lazımi əşyalar tapmaq mümkündür. Bütün binaların alt mərtəbələrində dükanlar, kafelər, barlar yerləşir. Şəhər universal mağazalarla da zəngindir: Mesbla, Sirs, Bar-boza Freytas, Kazas Amerikanas, Kazas Pernambukanas və s. Suvenir kimi siz qırmızı ağacdan düzəlmiş əşyalar əldə edə bilərsiniz. Rioda H.Stern cəvahirat dükanlarını gəzmək xanımlara xüsusi zövq verəcək. 1945-ci ildən bu günədək H.Stern dünyanın ən öndə gedən daş-qaş mağazalarından biridir. Daş-qaş sevənlər İpanema rayonuna da baş çəkə bilər. Burada cəvahirat muzeyi yerləşir. 

Mətbəx
Braziliya mətbəxi müxtəlifdir. Özündə ilk baxışdan bir-birinə zidd üç komponenti birləşdirir: Avropa, Afrika və Hindistan kulinar ənənələrini. Ölkədə ən çox populyar xörək qara lobya, ət məhsulları, tərəvəz, un və ədviyyatın qarışığından hazırlanan «feyjoada»dır, həmçinin «tutu» adlı xörəkdə var ki, yanında ət və lobya olan qatı puredir. Bundan əlavə, braziliyalılar «sarapatel» - qızardılmış qaraciyər və «karne-du-sol» ət xörəyinə də üstünlük verirlər. Bəzi yeməklər sırf hind kökü daşıyır və Avropaya heç bir aidiyyatı olmur. Onlarda müxtəlif ədviyyatlardan istifadə edilir. Braziliyalıların özünəməxsus içkiləri var. Onlar içkiləri tropik iqlimdə yetişmiş meyvələrdən hazırlayır. Alkoqol içkilərə gəldikdə isə, ən çox pivə sevilir, sonra rom, araq və «kaşasa» (daha çox cecə arağına bənzəyir) və «kaypirinya» adlanan limon kokteyli. Rionun sakinləri birinci növ şərabları da çox sevir: «Muskat», «Serdolik», «Tavrida», «Sersial», «Tokay», «Massandra» və s. Braziliya milli mətbəxinin daha bir özəlliyi ondan ibarətdir ki, şirniyyatın içinə kartof, kəsmik, bişmiş kələm əlavə edilir.
Top