1940-cı illərin ikinci yarısı-80-ci illərdə SSRI-də mədəniyyət

1940-cı illərin ikinci yarısı-80-ci illərdə SSRI-də mədəniyyət

İkinci dünya müharibəsi SSRİ mədəniyyətinə ağır zərbə vurmuşdu. Minlərlə məktəb, ali və orta ixtisas müəssisələri, muzey, maddi və mədəniyyət abidəsi dağıdılmışdı. Çoxsaylı istedadlı alim, bədii yaradıcılıqla məşğul olan ziyalı, incəsənət xadimi, mütəxəssis müharibədə həyatını itirərək mənəvi həyatdakı yerlərini tuta bilməmişdi. Xalq üçün əsl imtahan olan 1941- 1945-ci illər müharibəsi onların ən yaxşı keyfiyyətlərini üzə çıxardı. Müharibənin qələbə ilə başa çatması adamların nikbin əhval-ruhiyyəsilə müşayiət olunur, onlar azad və layiqli həyat arzulayırdı.

Lakin cəmiyyət üzərində nəzarətin zəiflədilməsi ölkənin partiya və dövlət rəhbərliyinin planına daxil deyildir. Odur ki, Stalin epoxası üçün xarakterik olan mədəniyyətin böhranını səciyyələndirən yeni repressiya dalğası başladı. Müharibə illərində cəmiyyətin düşünən beyni ziyalılar üzərində nəzarəti müəyyən ölçüdə itirən partiya və hökumət total qorxu şəraitini bərpa etmək məqsədilə yaradıcı ziyalıların fəaliyyətinə təzyiqi artırdı. Elmi müzakirələrdə iştirak edən partiya və hakimiyyətin ali rəhbərləri mütəxəssisləri sərbəst fikir ifadə etməkdən məhrum edirdi. Məsələn, 1947-ci ildə fəlsəfə məsələləri üzrə müzakirələrdə ÜİK(b)P MK-nın katibi, Siyasi Büro üzvü A.A.Jdanov, 1950-ci ildəki dilçilik, 1951-ci ildəki siyasi iqtisad üzrə müzakirələrdə İ.V.Stalin şəxsən iştirak edərək alim və ziyalılara tədqiqatçılıq “dərsi” keçmişdir. SSRİ ilə Qərb arasında ideoloji divar çəkən siyasi rejim rəsmi siyasətin dairəsindən kənara çıxan mədəniyyət, incəsənət, elm xadimlərini vətənpərvər olmamaqda günahlandıraraq təqib edirdi. Bu məqsədlə nazirlik və idarələrdə bir il müddətinə 5-7 nəfərdən ibarət Vicdan məhkəmələri təşkil olunmuşdur. Dövlət və coğrafi sərhədlərdən uzaq beynəlmiləl elm və mədəniyyət haqqında düşünən hər bir ziyalı vicdan məhkəməsindən keçmişdir. Belarusiya SSR EA-nın prezidenti, genetik akademik A.R.Jebrak öz metodu ilə bütün ölkəni yedizdirməyə söz verən T.D.Lısenkonu açıq tənqid etdiyi üçün Vicdan məhkəməsində alçaldılaraq prezident vəzifəsindən azad edilmişdir. Beynəlxalq astronavtika akademiyasının həqiqi üzvü, bir sıra xarici elmi cəmiyyətlərin üzvü, Lenin və üç dəfə Qırmızı Əmək Bayrağı ordenli akademik Vasili Vasilyeviç Parin təhqiredici Vicdan məhkəməsində mühakimə edilən alimlərdən biridir.Vicdan məhkəməsinin növbəti qurbanları 1946-cı ildə “Bəd xassəli şişlərin biomüalicəsi” əsərinin müəllifləri professorlar N.Q.Klyuyeva və Q.İ.Roskin olmuşdur. Alimlər nəticədə sınaqdan çıxmayan dərman preparatlarının texnologiyasını ABŞ-a verməkdə ittiham edilsələr də onlar məhkəmədə iddiaları rədd etdilər. Lakin buna baxmayaraq məhkəmə professorları sovet vətəndaşlarına yaraşmayan yalan ifadə verməklə təqsirləndirmişdir. Alim və yaradıcı ziyalılar haqqında alçaldıcı məhkəmələr bir qayda olaraq vətənpərvər olmayan, Qərb qarşısında sitayiş edənlər ittihamı səsləndirirdi.

1948-ci ilin avqustunda V.İ.Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının “məlum” sessiyasında genetika yalançı elm elan olunaraq SSRİ-də qadağan edildi. Akademik T.D.Lısenkonun başçılıq etidyi kampaniyanın gedişində üç min nəfərə yaxın bioloq alim işdən qovuldu və ya repressiyaya uğradı. Oxşar aqibəti 1950-ci illərdəki fızioloqların sessiyasından sonra ölkədəki fizioloq, psixoloq və tibb alimləri də yaşamışdır.

Bütün təqib və təzyiqlərə baxmayaraq hakimiyyəti təmsil edənlərin elm və mədəniyyət sahəsindəki diktə özbaşınalığına sipər çəkən azsaylı ziyalılar da tarixə öz adlarını yazdırmışdır. Məsələn, fizika sahəsində görkəmli akademiklər A.F.İoffe və P.L.Kapitsa elmin maraqlarını nəzərə alaraq, istedadlı alimləri açıq müdafiə edərək, təhlükəsizlik orqanları əməkdaşlarının əlindən qurtarmışdır. Əsl vətəndaşlıq mövqeyindən çıxış edən Pyotr Leonidoviç Kapitsa-nın yüksək elektromaqnit sahəsindəki tətqiqatları nəticəsində Sovet İttifaqında yeni istilik nüvə reaktoru yarandı.

Zəncirvari reaksiya nəzəriyyəsinə görə akademik N.N.Semyonov 1956-cı ildə Nobel mükafatına layiq görülmüşdür (amerikan alimi S.Xinşelvendlə birlikdə). Maqnitizm və kvant nəzəriyyəsi sahəsində fəaliyyət göstərən, şöhrəti ölkənin sərhədlərini aşan alimlərdən biri də L.D.Landau olmuşdur. Kvant mayesi nəzəriyyəsinə görə L.D.Landau 1962-ci ildə Nobel mükafatı almışdır. Dünya şöhrətli sovet alimləri N.Q.Basov və A.M.Proxorov xarici kolleqaları G.Taunsomla birlikdə radioelektronika sahəsindəki tətqiqatlara, birinci kvant generatorunu yaratdığına görə 1964-cü ildə Nobel mükafatına layiq görülmüşdür. Müharibədən sonrakı birinci onillikdə SSRİ-də kosmik fəzanın öyrənilməsi sahəsində ilk addımlar atılmışdır. Akademik M.V.Keldışın rəhbərliyi ilə bu sahədə xüsusi komissiya təşkil edilmişdir.

1941-1945 illərdəki müharibədən sonrakı ilk onillikdə ölkənin təhsil sahəsində kəmiyyət dəyişikliyi nəzərə çarpırdı. On il ərzində SSRİ-də 5 milyon yeri olan 30 mindin çox tədris müəssisəsi tikilmiş və yaxud bərpa olunmuşdur. Müharibədən sonrakı təhsil sahəsindəki quruculuq işlərində məktəblilər və onların valideynləri yaxından iştirak etdiyi üçün bu kampaniya “Xalq tikintisi” adını almışdır. 1950-1955-ci illərdə ölkədə 50 yeni ali məktəb fəaliyyətə başladı. Müharibədən sonra ölkənin xalq təsərrüfatındakı bərpa və quruculuq işlərində mütəxəssislərə artan təlabatı nəzərə alaraq ali məktəblərə qəbul planı artırıldı. Təkcə, 1951 -ci ildə ölkənin ali məktəblərinə 350 min tələbə qəbul edilmişdir.

1950-ci ilin ortalarından məktəb təhsili sahəsində başlıca vəzifə “məktəbin həyatla əlaqəsinin möhkəmləndirilməsi” idi. Bu vəzifənin həyata keçirilməsi bilavasitə N.S.Xruşşovun hakimiyyəti dövründə bəyan edilən “mülayimləşmə” siyasətilə bağlıdır. 1954-cü ildə il İ.Erenburqun “Mülayim hava” (“Ottepel”) romanı çap olundu ki, bu ad N.S.Xruşşov dövrünün məzmunun obrazlı ifadəsi oldu. İ.Stalin hakimiyyəti dövründəki totalitar siyasi rejimin tənqidi “mülayimləşmə”nin əsas hadisəsi hesab oluna bilərdi.Xüsusilə “mülayimləşmə” illərində “sosializmin deformasiyasını” tənqid edən ziyalılar nəsli formalaşdı.

N.S.Xruşşov “mülayimləşməsi” SSRİ tarixinin İ.V.Stalinin ölümündən sonra on ilinin, yəni 1950-ci ilin ortalarından 1960-cı ilin ortalarına kimi davam edən mərhələnin qeyri rəsmi adıdır. SSRİ-nin daxili həyatında Stalinin şəxsiyyətinə pərəstişin tənqidi, 1920-1930-cu illərin repressiyalarının ifşa edilməsi, rejimin liberallaşması, siyasi məhbusların azad edilməsi, QULAQ-ın ləğv olunması, totalitar hakimiyyətin zəiflədilməsi, müəyyən söz azadlığı, siyasi və ictimai həyatın nisbi demokratikləşməsi, Qərb dünyasına açılmaq, yaradıcı fəaliyyətin azadlığı bu dövrün başlıca səciyyəvi xüsusiyyətləridir.

Ölkədəki “mülayimləşmə” kursu ilə əlaqədar olaraq 1955/56-cı tədris ilindən məktəblər politexnik təhsili artırmaq, gənc oğlan və qızları istehsalata hazırlamaq məqsədilə yeni dərs planlarına keçdi. 1958-ci ilin dekabrında “Məktəbin həyatla əlaqəsini möhkəmlətmək və SSRİ-də xalq maarifini daha da inkişaf etdirmək haqqında” qəbul edilən Qanunla ölkədə ümumicbari səkkizillik təhsil tətbiq olundu.Tam orta təhsil müddəti 10 ildən 11 ilə çaxarıldı, eyni zamanda məktəbi bitirən şagirdlər kamal attestatı ilə bərabər hər hansı bir sənətə sahib olmağa dair şəhadətnamə də alırdı. Məktəbin həyatla əlaqəsini gücləndirmək məqsədilə təhsil müddəti 1-3 il olan texniki-peşə məktəbləri şəbəkəsi yarandı. Lakin gənc oğlan və qızların istehsalata maraq göstərilməməsi bu siyasətin uğur qazanmamasına, həm də ümumtəhsil səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur. Odur ki, 1964-cü ildə məktəblər yenidən 10 illik təhsil proqramına keçdi.

Ali və orta ixtisas təhsilli mütəxəssislərə tələbatın artması 1957-ci ildə iki illik iş stajı olan gənclərin tədris müəssisələrinə qəbulu zamanı onlara üstünlük verilməsi qaydasının tətbiq edilməsini təmin etmişdir. Tələbata uyğun olaraq axşam və qiyabi təhsilin şəbəkəsi daha da genişləndi. Nəticədə xalq təsərrüfatında çalışan ali və orta ixtisas təhsilli işçilərin sayı 1959-cu ildə artaraq fəhlələr arasında 39, kolxozçular arasında isə 21 faiz təşkil etmişdir. 1959-65-ci illərdə ali təhsil məktəbləri ölkənin xalq təsərrüfatı üçün 2,4 milyon nəfər mütəxəssis hazırlamışdır. Lakin kadrlarının sayının artması onların keyfiyyət hazırlığının yüksək səviyyədə olması demək deyildir. Xalq maarifi, ali təhsil və elmi işçilərin əmək haqqqının artırılması, onlara bir sıra güzəştlər nəzərdə tutulmasına baxmayaraq təhsilin səviyyəsi 30-cu illərlə müqaisədə belə geri qalırdı. Müəllimlərin böyük əksəriyyəti qısa müddətli kurslarda sürətli proqram əsasında hazırlıq keçirdi ki, bu da onların səviyyəsinə öz mənfi təsirini göstərməyə bilməzdi. Eyni zamanda əvvəllər olduğu kimi cəmiyyətdəki “mülayimləşmə” dövründə də təhsil müəssisələri vahid dərslik və proqramları ilə kommunist tərbiyəsinin mərkəzi olaraq qalırdı. Bir sıra sovet pedaqoqu, o cümlədən sonradan “mücərrəd humanizmdə” ittiham olunan V.A.Suxomlinski təhsil və tərbiyənin metodikasını dəyişərək gənclərin yaradıcılıq qabiliyyətini inkişaf etdirməyi tövsiyə etmişdir. “Mülayimləşmə” illərində formalaşan yenilikçi pedaqoqlar başa düşürdülər ki, xalq təsərrüfatının uğuru yaxın zamanda yeni elmi-tədqiqat institutlarının, konstruktor bürolarının, təcrübə zavodlarının və s. meydana gəlməsindən asılıdır. Odur ki, Yakutiyada, Saxalində, Şərqi Sibirdə, Krımda elmi tədqiqat institutlarının geniş şəbəkəsi yaranmışdır. Novosibirskdə meydana gələn yeni elmi mərkəz mühüm hadisə olmuşdur.

Stalinizm dövründən fərqli olaraq elm nümayəndələri xarici ölkələrdəki kolleqaları ilə sıx əməkdaşlıq edirdi. Amerika, Avropa və Asiyanın 40 nəfərdən çox görkəmli alimi SSRİ EA-nın tərkibinə seçilmişdir. Bununla bərabər, ölkənin bir çox akademik və professoru xarici milli akademiyaların cəmiyyət və universitetlərinin fəxri üzvü seçilmişdir. Stalinizm illərində yalançı elm damğası vurulan sahələr “mülayimləşmə” dövründə tədricən dirçəlməyə başladı. Kibernetika sahəsində akademik A.İ.Berq, avtomatika və telemexanikada akademik V.A.Tra-peznikov, yarımkeçiricilər fizikası sahəsində dünya şöhrətli akademik A.F.İoffe, sürətli elektron maşınların yaranmasında akademik S.A.Lebedev sovet elminin şöhrətini ölkəyə və dünyaya yaymışdılar. İ.Stalin repressiyasının qurbanı olaraq “ziyankar və cəsus” damğası vurulan S.P.Korolyovun başçılığı altında 1957-ci il oktyabrın 4-də yerin ilk süni peyki fəzaya buraxılmışdır,1961-ci il aprelin 12-də pilot kosmonavt mayor Y.A.Qaqarin dünyada birinci “Vostok” gəmisində yer ətrafında dövrə vurdu.

Adını sovet elmi tarixinə qızıl hərflərlə yazdıran İ.V.Kurçatov nüvə enerjisi sahəsində tədqiqatlarını davam etdirmişdir.1957-ci ilin dekabrında ilk nüvə buzqıran gəmisi suya buraxıldı. Şöhrəti ölkənin sərhədlərini aşan A.N.Tupolevin səsdən sürətli reaktiv sərnişin təyyarələri səmada uçmağa başladı. Digər görkəmli aviakonstruktur S.V.İlyuşin yeni sürətli təyyarələrin layihəsini hazırlamışdır.

Tibb elmi sahəsində 300-dən çox elmi tədqiqat institutu və laboratoriya fəaliyyət göstərirdi. Onların işi nəticəsində ölkədə taun, vəba, çiçək, yatalaq, malyariya kimi qorxulu xəstəliklərin kökü kəsilmişdir. Böyük kimyaçı alimlər A.N.Nesmeyanov və İ.L.Knunyansın elmi tədqiqatlarının nəticəsi xalq təsərrüfatında geniş tətbiq olunmuşdur.

Sov.İKP-nin XX qurultayı marksizm-leninizm və partiyalılıq prinsiplərindən uzaqlaşmamaq şərti ilə müəyyən çərçivədə ictimai elmlər sahəsində məsələlərə yeni yanaşma tərzinin əsasını qoymuşdur. Əvvəllər tədqiqatlar üçün əlçatmaz olan sənədlərin üzə çıxması ictimai elmlərin öyrənilməsinə müsbət təsir etdi. Ölkə tarixinin öyrənilməsinə diqqət və maraq artdı. Çox cildlilik “Ümumdünya tarixi”, “Sovet İttifaqının Böyük Vətən müharibəsi tarixi (1941-1945-ci illər)”, “Ən qədim zamanlardan günümüzə qədər SSRİ tarixi” (12 cild), “Böyük sovet ensiklopediyası” işıq üzü gördü. Bu əsərlərdə zəngin faktiki materiallar olmasına baxmayaraq, onlar marksist-lenininçi üslübünda yazılmışdır.

Ədəbiyyat və incəsənət.Müharibədən sonra yaradıcı ziyalıların qarşısında duran əsas vəzifə bundan ibarət idi ki, onların yaratdığı əsərlər Sovet xalqın dağıdılmış xalq təsərrüfatın bərpa etmək ruhunda olmaqla yanaşı, həm də sovet cəmiyyətinin yalnız müsbət məqamların əks etdirməli idi. Beləliklə, cəmiyyətin müharibədən əvvəlki rəsmi ideologiya çərçivəsində idarə olunmasına inanmaq istəməyən ziyalılar yanılmışdır. Mədəniyyət sahəsində partiya və dövlətin siyasətinin dəyişmədiyini ÜİK(b) P MK-nın 1946-cı il 14 avqust tarixli “Zvezda” və “Leninqrad” jurnalları haqqında”, 1946-cı il 26 avqust tarixli “Dram teatrlarının reperturarı və onların yaxşılaşdırılması tədbirləri haqqında”, 1948-ci il 11 sentyabr tarixli “Krokodif’jurnalı haqqında qərarları göstərdi. Bu sənədlər bir çox görkəmli yaradıcı ziyalılar üzərinə geniş miqyaslı hücuma şərait yaratdı. Görkəmli yazıçı və şairlər A.A.Axmatova, M.M.Zoşşenko, E.Q.Kazakeviç, Y.P.German, istedadlı kinomatoqraflar S.M.Eyzenşteyn, V.İ.Pudovkin, L.D.Lukov, Q.M.Kozinsevin yaradıcılığına ideyasızlıq, siyasi laqeydsizlik damğası vuruldu. Bədii ədəbiyyat rəsmi sovet ideologiyasının tələb etdiyi çərçivədən kənara çıxa bilməzdi. Müharibədən sonra çap olunan A.A.Fadeyevin “Gənc qvardiya” (“Molodaya qvardiya”), V.P.Nekrasovun “Stalinqradın səngərlərində” (“V okopax Stalinqrada”) əsərlərində döyüş və arxa cəbhədə adamların ağır vəziyyətindən, çətinliklərdən və s. bəhs edildiyi üçün ilk vaxtlar müsbət qarşılanan əsərlər ideoloji nəzarətin artması ilə əlaqədar olaraq qara siyahıya daxil edilmişdir. Ədəbiyyat ağır və faciəvi həyatdan deyil, bayram əhval-ruhiyyəsindən, münaqişə-siz sujetlərdən, parlaq gələcəkdən bəhs edərək partiyalılıq prinsipindən kənara çıxa bilməzdi. Odur ki, L.M.Leonovun “Rus meşəsi” (“Russkiy les”), K.A.Fedinin “Qeyri-adi yay” (“Neobıknovennoe leto”), V.F.Panovanın “İlin fəsilləri” (“Vremena qoda”), V.A.Koverinin “Açıq kitab” (“Otkrıtaya kniqa”) kimi yaxşı əsərləri “jdanovçuluq” dövrünün məhsulu olduğundan yenilikçi axtarışdan,janr və stilistik çeşidliklərdən uzaqdır.

Müharibədən sonra ideoloji və siyasi təqibə məruz qalan kinomatoqrafıyada filmlərin sayı kəskin azalmışdır. Daha çox ölkənin tarixindən bəhs edən yüksək vətənpərvər ideyalı “sovet nağılları” yaradılması tələb olunur, partiyalılıq prinsipində çəkilməyən filmlər hakimiyyət tərəfindən təqiblə qarşlanırdı. Məsələn, L.Lukovun Donbasın bərpasından bəhs edən “Böyük həyat” (“Bolşaya jizn”) filmi ideya-siyasi cəhətdən nöqsanlı hesab edilmişdir. İdeoloji nəzarətə şəxsən rəhbərlik edən partiya MK-nin katibi, Siyasi Büronun üzvü Jdanov iddia edirdi ki, filmdəki hadiəslər sovet adamının aşağı mədəni səviyyəsindən, içki düşkünü, məhəbbət alüdəçiliyində bəhs edir ki, bu da əsl həqiqətdən uzaqdır. A.Dovjenkonun “Ukrayna alovlar içində” (“Ukraina v oqne”) filmi Ukrayna, sovet xalqının, partiyanın ziddinə olan məhdud Ukrayna millətçiliyi ilə damğalanmışdır. Rejissor S.Yutkoviçin “Rusiya üzərindəki işıq” (“Svet nad Rossiey”), rejissor S.Gerasimovun “Gənc qvardiya” (“Molodaya qvardiya”) filmləri sərt tənqid edilmişdir.

Siyasi hakimiyyətin bədii ziyalıların yaradıcılığına nəzarəti artırması sayəsində kino, teatr və incəsənətin başqa sahələrində sovet adamlarının gündəlik həyatı ilə, onları əahatə edən reallıqla heç bir əlaqəsi olmayan “sovet nağılları” meydana gəlməyə başladı. İ.A.Pır-yevin “Kuban kazakları” (“Kubanskie kazaki”), Q.V.Aleksandrovun “Yaz” (“Vesna”) musiqili komediyaları buna misaldır.

ÜİK(b) P MK-nın V.Muradelinin “Böyük dostluq” (“Velikaya drujba”) operası haqqında 1948-ci il fevraın 10-da qəbul etdiyi qərarla sovet musiqisində “formalizmlə” mübarizə kampaniyası başlamışdır. Bəstəkar Vano Muradeli bəhs olunan operasında milli hissləri qızışdırmaqda ittiham olunurdu. Hakim partiyanın hətta musiqidə belə özlərini məsələdən baş çıxaran hesab edilən rəhbərləri bir çox istedadlı bəstəkar və musiqiçilərin yaradıcılığına qara yaxaraq onların əsərlərini qadağan etmişdir. İstedadlı bəstəkar və musiqişünaslar S.S.Prokof-yev, D.D.Şostakoviç, N.Y.Myaskovski, V.Y.Şebalin, A.İ.Xaçaturyan və başqalarının yaradıcılığı tənqid olunaraq əsərlərinin ifasına qadağa qoyuldu.

N.S.Xruşşovun SSRİ-nin sükanı arxasına keçməsindən sonra ölkədə başlayan mülayimləşmə siyasi sahədən daha tez mədəniyyətdə baş vermişdir. Artıq 1953-1956-cı illərdə yazıçılar İ.Erenburq, M.Dudintsev, tənqidçi V.Pomerantsev öz əsərlərində ölkənin tarixində ziyalıların rolundan, onların partiyaya olan münasibətlərindən, mövcud sistemdə yazıçı və incəsənət adamlarının yaradıcılığının əhəmiyyətindən açıq bəhs etməyə başlamışdılar. Partiya və hökumət aparatı rəhbərliyinin mədəniyyət və incəsənətdə nəzarəti yumşaltması bir çox yaradıcı ziyalıların öz əsərlərində sosialist realizmi prinsipindən uzaqlaşmaları üçün şərait yaratdı. Hakimiyyətlə yaradıcı ziyalıların münasibətlərində dəyişikliklər baş verdi. Sovet partiya və dövlət rəhbərlərinin mədəniyyət xadimlərilə 1957, 1962, 1963-cü illərdəki görüşləri cəmiyyətin həyatında səs doğurdu. “Mülayimləşmə” ziyalıları köhnə siyasi rejimin partiyalılıq prinsipinə sadiq qalan mühafizəkarlara və cəmiyyətdə yaradıcı ziyalıların yeri və rolunu dəyişməyə çalışan liberal altmışıncı illərdəkilərə bölmüşdür. Şairlər, “Yeni dünya” (“Novıy mir”)jurnalı-nın baş redaktoru A.Tvardovski, B.Axmadulina, A.Voznesenski, Y.Yevtuşenko, R.Rojdest-venski, yazıçılar Y.Naqibin, İ.Erenburq, A.Yaşin və b. ikinci istiqaməti təmsil edirdi.

Ölkənin ictimai-siyasi həyatındakı dəyişikliklər nəticəsində bir çox yazıçı və şairlər bəraət alaraq yenidən çap olunmağa başladı. Ölkədəki qanunsuz repressiyalardan və hakimiyyətin özbaşınalığından söhbət açan V.D.Duduntsevin “Şərikli çörək” (“Ne xlebom yedinım”) romanı, V.örossmanın “Hər şey axır” (“Vse teçyot”) povesti çap olundu. D.Qranin, A.Yaşin, Y.Germanın yaradıcılığında cəmiyyətdəki nöqsanlardan açıq bəhs olunurdu. Görkəmli yazıçı və şairlərin ədəbi axşamlarının təşkil edilməsi mədəni həyatın səciyyəvi hadisələrinə çevrilmişdir. A.Yaşinin “Vasitələr” (“Rıçaqi”), D.öraninin “Şəxsi mülahizə” (“Sobstvennoe mne-nie”), S.Kirsanovun “Həftənin yeddi günü” (“Sem dney nedeli”) romanları antistalinçi əsərlər kimi tarixdə öz yerini almışdır. 1952-ci ildə “Yeni dünya” jurnalında Valentin Oveçkinin “Rayonun adi iş günü” (“ Rayonnıe budni”) oçerklər silsiləsi çap edilərək ədəbiyyatda “kənd nəsrinin” əsası qoyulmuşdur. 1954-cü ildə tənqidçi Fyodr Abramov “Müharibədən sonrakı nəşrdə kolxoz kəndinin adamları” (“Lyudi kolxoznıy derevni v poslevoennoy proze”) məqaləsində “nə qədər xoş olmasa da yalnız həqiqətdən” yazmağı tövsiyə etmişdir.

“Mülayimləşmə” illərində kino sənəti yeni məzmun kəsb edərək rəngli ekran əsərləri meydana gəlmişdir. Kinoda tamaşaçı auditoriyasına yaxın və anlaşıqlı olan əsərlər önə çıxmışdı. Rejissorlar M.Xutsievin “Çayın o tayındakı küçədə yaz” (“Vesna na Zareçnoy ulitse”), A.Zarkinin “Yüksəklik” (“Vısota”), A.Xeyfsin “Böyük ailə” (“Bolşaya semya”), “Mənim əziz adamım” (“Doroqoy moy çelovek”) filmləri kinoteatrlarda nümayiş etdirilməyə başlandı. Böyük Vətən müharibəsinə həsr edilən yeni məzmunlu kino filmlər meydana çıxdı. M.Kalamo-zovun “Durnalar uçur” (“Letyat juravli”), S.Çuxrayın “Əsgər haqqında ballada” (“Ballada o soldata”), S.Bondarçukun “İnsanın taleyi” (“Sudba çeloveka”) buna misaldır. Bu filmlərdə səngər, əsgər və müharibə həqiqətləri öz bədii əksini tapmışdır. 1964-cü ildə rejissor Q.N.Da-neliya yüngül romantik tərzdə “Mən Moskvada addımlayıram” (“Ya şaqayu no Moskve”) kinosunu çəkmişdir.

Musiqi sahəsinə nəzaərtin yumşalması ilə D.Şostakoviçin onuncu və on birinci simfoniyaları, Q.Qarayevin “İldırımlı yollarla” (“Tropoyu qroma”), A.Xaçaturyanın “Spartak” baletləri mühüm hadisə oldu. S.Rixter, E.Qipels kimi pianoçular, D.Oystrax kimi skripkaçılar ölkədə və dünyada şöhrət qazanmışdır. Müharibədən sonra ideoloji nəzarətin sərtləşdirilməsi nəticəsində əsərləri xalqa zidd formalizm mahiyyətində olması iddia edilən S.Prokofyev, D.Şostakoviç, V.Şebalin, Q.Popov, A.Xaçaturyan, N.Myaskovski kimi bəstəkarlar partiya MK-nın 1958-ci il 28 may qərarı ilə ağlandılar.

Bədii incəsənət tədricən ideoloji basqıdan azad olmağa başladı. XIX-XX əsrlərin qo-vuşuğundakı avanqard incəsənət və onun nəzəri irsi bəraət almışdır. Pikasso, Lejenin sərgiləri sovet adamlarında böyük maraq doğurdu. P.Filonov, K.Maleviç, V.Kandinski, M.Şaqalın rəsm əsərlərinin şöhrəti ölkə sərhədlərini aşaraq dünyada yayıldı. Heykəltaraşlar E.Vuçetiç, M. Anikuşin, B.İoqanson, P.Korin, M.Saryan yaratdığı incəsənət əsərlərilə adamların qəlbində taxt qurdu. 1961-ci ildə M.Posoxinin layihəsi əsasında Kremlin qurultaylar sarayı, A.Vlasov, N. Ullay və b. memarlığı ilə “Lujniki” mərkəzi stadionu tikilib istifadəyə verildi. Memarlar A.V.Şusev və V.D.Kokorinin əsərləri Moskva metropoliteninin dayanacaqlarını bəzəyirdi. Heykəltaraş E.V.Vuçetiç 1963-1967-cu illərdə Stalinqrad döyüşü qəhrəmanlarının şərəfinə əzəmətli Mamayev kurqanı xatirə ansamblını işləyib hazırlamışdır. Ümuməm 60-cı illərdə təsviri incəsənət sahəsində “sərt üslub” önə çıxmışdır. Başlanğıcda ziyalılara ümid bəxş edən Sov.İKP-nin XX qurultayı sovet cəmiyyətində yaradıcı ziyalıların yeri və rolu məsələsində kökündən dəyişikliyə səbəb olmadı. Belə ki, ölkənin həyatının “mülayimləşməsinə” hakimiyyət tərəfindən müəyyən çərçivə daxilində icazə verilmişdir. Təsadüfi deyildir ki, bədii yaradıcılıq üzərində partiya və dövlətin tələb etdiyi nəzarəti saxlaya bilməyən SSRİ Yazıçılar İttifaqının rəhbəri A.Fadeyev 1956-cı il mayın 13-də Peredelkinodakı bağ evində tapancadan açdığı atəşlə özünə qəsd etmişdir. Ölümqabağı yazdığı məktubda yazıçı yaranmış şəraitə görə partiya və dövlət aparatını, onun səviyyəsiz rəhbərliyini ittiham etdmişdir.

İtaliya, Hollandiyada daha sonra da 18 ölkədə çap edilən “Doktor Jivaqo” əsərinə görə 1958-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən, lakin hakimiyyətin təzyiqi üzündən onu qəbul etməyən görkəmli yazıçı B.L.Pasternakın və gələcək Nobel mükafatçısı hakimiyyətin təqibi nəticəsində ölkəni tərk edən azad fikirli şair İ.Brodskinin işi stalinsizləşmənin hüdudlarını açıq göstərmişdir.Yaradıcı ziyalılardan müəyyən çərçivə daxilində “yumşalan” siyasi rejimin yeritdiyi xəttə xidmət etmək tələb olunurdu. Rəsmi ideologiyanın yeritdiyi siyasətdən kənara çıxan mədəniyyət nümayəndləri hakimiyyətin, şəxsən partiya və dövlətin lideri N.S.Xruşşovun onların peşəkar yaradıcılığına kobud və təhqir dolu müdaxiləsi ilə qarşılaşdı. 1962-ci il dekbarın 1-də Manejdəki rəsm sərgisində N.Xruşşov rəssam B.Jutovski-nin tablolarını “iyrənc”, “murdar cızma-qara”, heykəltaraş E.Neizvestninin əsərlərini “ürək bulandırıcı qondarma” adlandıraraq onları təhqir etdi. Ölkə başçısına yaraşmayan sözlər, sərt əməli addımlar partiyanın XX qurultayından sonra ona inanan mədəniyyət xadimlərinin və cəmiyyətin çox hissəsinin N.S.Xruşşovdan uzaqlaşmasına təkan vermişdir.

1960-cı illərin ikinci yarısı — 80-ci illərdə mədəniyyət.N.S.Xruşşovun siyasi meydandan getməsi, hakim partiya bürokratik aparatının qələbəsi ölkənin mədəni həyatında mühafizəkar istiqamətin artmasına, stalinsizləşdirmə kursunun dəyişdirilməsinə gətirib çıxardı. Mətbuatda İ.Stalin repressiyalarını ifşa edən məqalələr yoxa çıxdı. Senzuranın yenidən sərtləş-dirilməsi nəticəsində ziyalıların gizli və xarici məlumatları əldə etməsi çətinləşdir. Xarici demokratik formanı saxlamaq şərti ilə mədəniyyət sahəsinə inzibati və ideoloji təzyiq daha da artmışdır. 1960-cı illər Sovet cəmiyyətində Qərbdə əsərləri nəşr edilən yazıçılar A.D.Sin-yavski və Y.M.Daniel üzərindəki açıq siyasi məhkəmə işi, hüquq müdafiəçiləri A.Qinzburq, Y.Qalanski, A.Marçenko və başqalarının həbs edilməsi, A.Soljenitsinin əsərlərinin xaricdə çap olunması ilə bağlı yazıçıya qarşı qaralama kampaniyası kimi hadisələr diqqəti cəlb edir. SSRİ-də siyasi və ideoloji senzuranın şiddətlənməsi bir çox mədəniyyət və incəsənət xadiminin könüllü, yaxud məcburi surətdə ölkəni tərk edərək xaricə mühacirətə getməyə sövq etmişdir. Onlar arasında yazıçılar A.Soljenitsin, V.Voynoviç, V.Aksenov, şairlər İ.Brodski, N.Korjavin, A.Qapiç, rejissorlar Y.Lyubimov, A.Tarkovski, rəssamlar E.Neizvestnı, M.Şem-yakin, O.Sepkov, balet artistləri P.Nuriyev, M.Barışnikov və b. vardır. Hakimiyyət belə mədəniyyət xadimlərinin adını silərək onların yaradıcılığına uzun müddət qadağa qoymuşdur.

Ümumiyyətlə, N.Xruşşov “mülayimləşməsi” dövründən sonrakı mədəniyyətin inkişafı ziddiyyətli xarakter daşıyır. Düzdür bu mərhələdə yeni məktəb, ali təhsli müəssisəsi, kinoteatr və mədəniyyət evləri açılır, elmi tədqiqat instutları yaranırdı. 1960-1970-ci illərdə ölkənin məktəblərində oxuyan şagirdlərin sayı 24,5 faiz artmışdır. Şəhər və kəndlərdə tikilən yeni məktəblərin hesabına onların miqdarı 140 mini keçmişdir. Müəllimlərin də sayı durmadan artırdı. 1960-1991-ci illərdə ölkənin ümumən təhsil məktəblərində onların sayı 44,9% artmışdır. 1984-cü ilin aprelində məktəbin yenidən qurulmasına dair Qanun qəbul edildi. Qanuna əsasən şagirləri fiziki əməyə hazırlamaq məqsəsilə məktəblər ümumi peşə hazırlığını artırdı. Məktəblərdə icbari kompyuter hazırlığı dərsləri tətbiq olundu. İslahata əsasən orta məktəblər 1984-cü ildən yenidən onbirillik təhsil müddətinə keçdi. İbtidai siniflər isə dördillik təhsilə keçdi. 1960-cı illərin sonundan SSRİ-də ümimu icbari orta təhsilin tətbiq edilməsilə 34 illik təhsil müddəti olan orta peşə texniki məktəbləri yarandı,1960-1987-ci illərdə texniki-peşə məktəblərinin sayı 1,9 dəfə, onlarda təhsil alan şagirdlərin sayı isə 3,3 dəfə artmışdır. Məktəblərin kəmiyyət artımının göstəriciləri diqqəti cəlb etsə də, bu hələ məktəbin keyfiyyət səviyyəsinin yüksək olması anlamına gəlmirdi. Təsadüfi deyil ki, artıq 1985-1986-cı illərdən başlayaraq məktəb islahatı axsamağa başladı və tədricən kağız üzərində qalmışdır.

1960-1980-ci illərdə ali məktəblərin keçdiyi yol da mürəkkəb və ziqzaqvari olmuşdur. Ali məktəblərin şəbəkəsi artmış, bir çox institutlar univerisitetlərə çevrilmişdir. Çalışan gənclərin ali məktəblərə qəbul olmasına şərait yartmaq məqsədilə 1969-cu ildə fəhlə fakültələri hazırlıq kursları adı ilə yenidən açıldı. Axşam və qiyabi təhsilin şəbəkəsi də genişləndirildi. 1960-1980-ci illərdə bu yolla təhsil alan tələbələrin sayı 64,3 % artdı,1985-ci ildə ölkədəki universitetlərin sayı 69-a çatdı. Artıq 1980-ci illərin ortalarında SSRİ-nin xalq təsərrüfatında 33 milyon mütəxəssis çalışırdı. Lakin onların böyük əksəriyyətinin hazırlıq səviyyəsi dövrün tələblərinə cavab vermirdi. Başqa bir tərəfdən mütəxəssislərin sayının real həyata müvafiq olmadan artırılması onların işlə təmin edilməsini çətinləşdirirdi. Odur ki, çoxlu gənc mütəxəssis ixtisası üzrə çalışmırdı.

1960-1980-ci illərdə 95 faizdən çox dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi-texniki tərəqqi mərkəzləri mədəni inkişafın mühüm sahələrindən biri olaraq qalırdı. 1980-ci illərin sonunda SSRİ-nin elm sahəsində 4,4 milyon adam çalışırdı ki, onların da 1,52 milyon nəfəri elmi və pedaqoji kadrlardır. Hər il ölkədə istehsalatın perspektivli istiqamətləri ilə bağlı olan 85 min ixtira qeydə alınırdı. Atom və qaz enerjisi, kvant elektomikası, lazer texnikası və d. sahələrdə əldə edilən nəticə xüsusi qeyd oldunmalıdır. 1965-ci ildə təyyarəçi-kosmonavt A.A.Leonov dünyada ilk dəfə gəmidən açıq kosmosa çıxmışdır. Ay, Venera planetlərini tədqiq etmək üçün ilk avtomat stansiyalar göndərilmişdir. İstedadlı sovet tədqiqatçıları V.A.Ko-telnikovun radiotexnika və elektronika, V.A.Kirillinin termodinamika, A.Y.İşlinskinin tətbiqi mexanika və avtomatika sahəsindəki elmi işləri bütün dünyada tanınmışdır. Akademik P.L.Kapitsa fizika elmindəki kəşflərinə görə 1978-ci ildə Nobel mükafatı almışdır. Lakin ölkə iqtisadiyyatının mərkəzi plan-bölgü mahiyyəti, zəif maddi texniki baza və qalıq prinsipi ilə maliyyələşdirmə elmi texniki tərəqqinin nailiyyətlərinin istehsalata tətbiqinin xarici ölkələrlə müqayisədə geri qalmasına səbəb olmuşdur. Alimlərin hesablamalarına görə yeniliklərin tətbiqi ilə müqayisədə SSRİ Qərbdən 15-25 il geri qalırdı. Hətta 1970-ci illrədə ölkə əvvəllər kosmosun mənimsənilməsi sahəsində əldə etdiyi birinciliyi itirmişdir. Təyyarəquraşdırma, kompüterləşmə və b. sahələrdə də bu gerilik açıq nəzərə çarpırdı. 1980-cı ilin ortalarında SSRİ-də 50 milyon nəfərdən çox adam sənaye, tikinti və nəqliyyat sahəsində səanye texnologiyasına qədərki dövr üçün səciyyəvi olan əl əməyi ilə məşğul olurdu. Maddi istehsalatda çalışanların kəmiyyətcə artması əmək məhsuldarlığının aşağı düşməsini şərtləndirən əsas səbəblərdən biridir.

Humanitar və ictimai elmlər sahəsində partiya nəzarəti və ideologiyalaşdırma daha sərt xarakter almışdır. 1960-cı illərin ikinci yarısından faktiki olaraq sovet cəmiyyəti tarixinin Stalin sxemi bərpa edilmişdir. Sovet tarixçi və filosofları üçün bir çox mövzu və elmi istiqamət qadağan olunmuşdur. 1967-ci ildə A.M.Nekriçin müharibənin ilk aylarında sovet ordusunun məğlubiyyətindən bəhs edən “22 iyun 1941-ci il” kitabının amansız tənqidi deyilən fikri təstiq edir. Əsərin müəllifi partiyadan xaric edilərək ölkəni tərk etməyə məcbur olmuşdur. 1970-ci illərdə M.Gefter, K.Tamovski, P.Volobuyev kimi tarixçilər yeni istiqamətin təmsilçiləri kimi Stalin ehkam və stereotiplərindən fərqli olaraq 20-ci əsrin əvvəllərində Rusiyanın sosial-iqtisadi inkişafının xüsusiyyətlərini, Oktyabrın şərtlərin yeni konsepsiyada şəhr etmişdir. Yeni istiqamətin tərəfdarlarına qarşı partiyanın repressiya tədbirləri sərt olmuşdur.

1960-cı ilidə bədii ədəbiyyatın liberal demokratik təmsilçiləri A.T.Tvardovskinin rəhbərlik etdiyi “Yeni dünya” (“Novıy mir”) ədəbi-publisistik jurnalı ətrafında qruplaşmışdır. Əvvəllər qadağan olunan M.Bulqakovun “Usta və Marqarita” (“Master i Marqarita”), B.Pas-ternakın “Həkim Jivaqo” (“Doktor Jivaqo”) romanları ilə oxucu tanış olmaq imkanı qazandı. Oxucu 1969-cu ildə Ven. Erofeyevin “Moskva-Xoruzcuğazlar” (“Moskva-Petuşki”), 1971-ci ildə A.Bitovun “Puşkin evi” (“Puşkinskiy dom”) kitabları ilə tanış oldu,1965-ci ildə M.A.Şo-loxov, 1970-ci ildə A.İ. Soljenitsin, 1987-ci ildə İ.A.Brodski ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. A.Ananev, A.Çakovski, Y.Bondarev, V.Bıkov, A.Karpov və b. yazıçıların yaradıcılığında hadisə və faktların reallığı və dəqiqliyi ön plana çıxmışdır. Sovet adamının acılı-şirinli taleyi, Böyük Vətən müharibəsi mövzuları bəhs edilən dövrdə yazıçıların qələmə aldığı əsas məsələlərdir. 1960-1970-ci illərin ədəbiyyatında kənd nəsri istiqaməti, adamların torpaqdan soyuması, kənd məişətinin dağıdılması və s. məsələlərdə öz əksini tapmışdır. F.Ab-ramov, V.Oveçkin, V.Belov, V.Astafyev, V.Rasputin, V.Şukşin kənd nəsri ədəbiyyatının başlıca nümayəndələridir.

1980-ci illərin sonlarında SSRİ-də əvvəllər qadağan olunmuş gümüş əsrin şairlərinin, mühacirətdə olan sovet müəlliflərinin və rus yazıçılarının əsərləri çap olunmağa başladı. Nikolay Qumilyov, Mixail Bulqakov, Osib Mandelştam, Andrey Platonov, Boris Pasternak, İvan Bunin, Vasili Qrossman, Yevgeni Zamyatin, İosif Brodiski, Vladimir Nabokov, Vladimir Voynoviç, Andrey Sinyavski, Sergey Dovlatov xarici ölkələrdə çap edilmiş əsərləri ilə sovet oxucusunun görüşünə gəldi.

Ümumiyyətlə, SSRİ-də yenidənqurma dövründə ictimai həyatın demokratikləşməsi, bədii yaradıclığa ideoloji nəzarətin qaldırılması, “dəmir pərdənin” aradan götürülməsi nəticəsində sovet və dünya mədəni əlaqələrinin artması müşahidə olunurdu. Mədəni siyasətdəki aşkarlıq yenidənqurmanın vacib istiqamətlərindən birini təşkil edirdi. Bu siyasəti ölkə rəhbərliyi, xüsusilə Mixail Qorbaçov və onun yaxın silahdaşı Aleksandır Yakovlev müdafiə edirdi. Eyni zamanda hakimiyyətin bu siyasətinin həyata keçirilməsində sovet liderinin həyat yoldaşı Raisa Qorbaçovanın rəhbərlik etdiyi 1986-cı ildə təşkil olunan Sovet Mədəniyyət Fondu mühüm rol oynamışdır. Bütün bunlar ölkənin yeni rəhbərliyinə yenidənqurmanın başlıca hərəkətverici qüvvəsi kimi çıxış etməyə başlayan demokratik əhval-ruhiyyəli ziyalıların hakimiyyətin kursunu müdafiə etmələrinə, dünya ictimaiyyətinin rəğbətini qazanmağa şərait yaratmışdır.

Məhz bilavasitə yenidənqurmanın elan etdiyi siyasətə müvafiq olaraq əvvəllər qadağan edilən əsərlərin çap edilməsi sovet oxucusuna ölkədə uzun illər mövcud Sovet siyasi sisteminin faciəvi səhifələrini, repressiyaların miqyasını anlamağa kömək etmişdir. Məsələn, 1987-ci ilin dekabrında rus ədəbiyyatının ən faciəvi əsərlərindən biri olan Anna Axmatovanın “Dua” (“Rekviem”) poeması çap olunmuşdur. 1987-ci ildə yazıçı Anatoliy Rıbakovun hələ 60-cı illərdə yazıb başa çatdırdığı cəmiyyətin stalinizm dövründəki eybəcərliklərindən bəhs edən “Arbat uşaqları” (“Deti Arbata”) romanı işıq üzü görmüşdür. 1988-ci ildə isə Stalin terrorunun özbaşınalığı haqqında Varlam Şalamovun “Kolım hekayələri” (“Kolımskix rasskazov”) faciəvi əsəri nəşr edilərək sovet oxucusuna çatdırlmışdır. 1990-cı ildə Aleksandr Sol-jenitsenin “Arxipelaq QULAQ” romanı çap edildi ki, bu da sovet tarixinin Stalin repressiyasının bəddi tədqiqinin ən parlaq əsərlərindəndir. Şəxsən məhbus həyatı yaşamış müəllif belə bir nəticəyə gəlir ki, ölkədə tüğyan edən terror təsadüfi olmayıb, kommunist rejiminin bərqərar etdiyi məqsədli tədbirlər sistemidir.

1960-70-ci illər kino sənətinin inkişafında mühüm mərhələdir. Bu dövrdə bir çox klassik xarici və rus ədəbi əsərlərini ekranlaşdırmaq mümkün olmuşdur. “Müharibə və sülh (“Voyna i mir”), “Karamazov qardaşları” (“Bratya Karamazovı”), “Hamlet” (“Qamlet”) buna əyani misaldır. Rejissorlar S.Gerasimov, V.Şukşin, E.Ryazanov, N.Mixalkov və b. çəkdiyi səhnə əsərlərində dərin əxlaqi və fəlsəfi problemlər əks etdirilmişdir. Kinorejissor L.İ.Qay-dayın kinokomediyaları bütün ölkədə çoxlu tamaşaçı rəğbəti qazanmışdır.

1986-cı ildə ekrana çıxan rejissor Tenqis Abuladzenin “Tövbə” (“Pokayanie”) flmi hər bir sovet vətəndaşının Stalin repressiyası üçün məsuliyyət daşıdığını nümayiş etdirmişdir. Bu isə adamların sovet cəmiyyətinin humanist ideyaları uğrunda arzularını və məsuliyyətini bir daha yada salır. Filmə rekord sayda, yəni 13,6 milyon nəfər tamaşaçı baxmışdır.

1960-80-ci illərində ənənəvi sovet teatrından fərqlənən teatrlar fəaliyyət göstərirdi. Belə yenilikçi teatrların sırasına quruluşçu rejissor A.Efrosun A.S.Puşkin adına teatrı, Y.Lyubi-movun baş rejissoru olduğu Taqankadakı teatr, O.Yefremov, sonra Q.Volçekin baş rejissoru olduğu “Sovremennik” teatrı və Q.Tovstonoqovun başçılıq etdiyi Leninqrad Böyük Dram teartı daxildi. Teatr səhnəsində N.O.Qritsenko, M.A.Ulyanov, İ.M.Smoktunovski, Y.V.Ya-kovlev kimi böyük sənətkarlar parlamışdılar.

1960-cı illərdə simfonik musiqi sahəsində bəstəkarlar D.Şostakoviç, V.Muradeli, D.Kabalevski, A.Şnitke, Q.Popov, B.Çaykovski, A.Eşpay və başqaları çalışaraq çoxsaylı musiqi əsərləri yaratmışdırlar. Eyni zamanda S. Tulikov, M.Fradkin, A.Paxmutova və b. təmsil etdikləri mahnı estradası janrı geniş yayılmışdır. Opera sənəti sahəsində R.K.Şedrinin “Ölü canlar” (“Mertvıe duşi”), K.V.Molçanovun “Sakit üfüqlər” (“Zori zdes tixie”), A.P.Petrovun “Petr I” əsərləri opera səhnələrinin repertuarını bəzəmişdir. “Berezka” rəqs ansanblının, İ.Moiseyevin rəhbərlik etdiyi Xalq rəqs ansanblının şöhrəti Sovet İttifaqının sərhədlərini aşaraq bir çox xarici ölkələrdə yayılmışdır.

1960-70-ci illərdə istedadlı rəssamlar İ.Qlazunov, M.Saryan, V.Şipov bir çox dəyərli əsərlər yaratmışlar. Rəssamlar T.Yablonskaya, D.Jilinskinin yaradıcılığnda məişət janrı mövzusu ön planda olmuşdur. Rəsmi hakimiyyətin 1974-cü ildə buldozerlərlə dağıtdığı rəssamların sərgisini təmsil edən qeyri-formal incəsənət nümayəndələri fəaliyyətlərini davam etdirmişlər. D.Burdin, M.Şkud və b. 553 metrlik Mərkəzi Televiziya qülləsi ən yaxşı memarlıq işi kimi diqqəti cəlb edir. 1988-ci ildə Moskva və Leninqrdadda əvvəllər “sosialzim realizmi”nə zidd olduğu üçün əsərləri qadağan edilən Pavel Filonov və Kazimir Maleviçin fərdi sərgiləri təşkil olundu.

1970-ci illərdə demokratikləşmənin və mədəniyyətin kütləviliyi elementlərini özündə birləşdirən rok musiqisi meydana gəlmişdir. İlk vaxtlar mədəniyyətin əleyhinə olduğu qəbul edilən rok musiqisi 80-ci illərin ikinci yarısından incəsənətin bir növü kimi qəbul edilmişdir. Bəhs edilən dövrdə B.Qrebenşikovun “Akvarium”, A.Makareviçin “Maşina vremeni” rok qrupları ölkədə çox populyar idi. M.Kim, A.Dolski, S.Nikitin kimi müəllif mahnıları -bardovun yeni nəsli meydana gəlmişdir.

Yenidənqurma dövründə xarici ölkələrdə mühacirət həyatı yaşayan bir sıra incəsənət xadimi SSRİ-yə dönərək vətəndaşlıq almışdır. Məsələn, görkəmli dirijor, dahi violonçel ifaçısı Mistislav Rostropoviç və onun həyat yoldaşı məşhur opera müğənnisi Qalina Vişnevska-ya 1990-cı ilin yanvarında ölkəyə qayıdaraq vətəndaşlıq almışdır. Artıq fevral ayında Moskva konservatoriyasının Böyük zalında Rostropoviçlərin tarixi konserti iştirakçıları valeh etmişdir.

1960-1980-ci illərdə SSRİ-də mədəniyyətin inkişafı ziddiyyətli və ikili xarakterdə olmuşdur. Ölkənin mədəni elitası siyasi hakimiyyətin müəyyən etdiyi ölçüdə təhsil, elm, ədəbiyyat, incəsənət, mənəvi həyatı inkişaf etdirməyə səy göstərmişdir. Sıravi sovet vətəndaşlarının ölkə və dünya mədəniyyətinin nümunələrindən bəhrələnmək imkanı artmışdır. Əhalinin kinoteatrlara, muzey və mədəniyyət ocaqlarına gedişi kütləvi hal almışdır. Bununla bərabər, inzibati-amirlik idarəetmə forması, mədəniyyətin qalıq prisipi ilə maliyyələşdirilməsi, cəmiyyətdəki ikili əxlaq prinsipi mənəvi həyatın böhranına, elm, təhsil, bədii yaradıcılığın səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur.

 

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

Top