"Y" hərfi ilə başlayan tarix terminləri

"Y" hərfi ilə başlayan tarix terminləri

Yaxın Şərq — Asiyanın cənub-qərb və Afrikanın şimal-şərq rayonunu bildirən qəbul olunmuş tarixi və coğrafi ad. Həmin ərazidə müasir Sudan, MƏR, İsrail, İordaniya, Suriya, Livan, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Yəmən, Qatar, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, eləcə də Kipr və Bəhreyn adaları yerləşir.

yakobinlər — Böyük Fransa burjua inqilabı dövründə müqəddəs Yakov klubunun üzvləri. Yakobinlər inqilabi-demokratik burjuaziyanın maraqlarını ifadə edirdilər və şəhər və kənd yoxsulları ilə ittifaqda çıxış edirdilər. 1792-ci ilin oktyabrında jirondistlər klubdan çıxdılar. Yakobinlərin başçıları Robespyer, Marat, Danton və b. idilər. 1793-cü il 31 may — 2 iyun üsyanından sonra yakobinlər hakimiyyətə gəldilər və diktaturalarını quraraq əksinqilabi terrora başladılar.  Yakobinlər yaxşı silahlanmış kütləvi ordu təşkil edə və müdaxiləni dəf edə bildilər, tutduqları feodal torpaqlarının bir hissəsini kəndlilərə verdilər, feodalların kəndli torpaqlarına olan mülkiyyət hüquqlarını ləğv etdilər, bütün feodal ödəniş və mükəlləfiyyətlərini tam və ödəncsiz ləğv etdilər, qiymətlərin maksimum həddini müəyyənləşdirdilər və inqilabi təqvim tətbiq etdilər. Bir qədər keçdikdən sonra isə terror Robespyerin şəxsi hakimiyyətini mökəmləndirmək üçün alətə çevrildi. Yakobin diktaturası 1794-cü ilin 27 — 28 iyulunda (respublika təqvimi ilə II ilin 9 termidorunda) termidor çevrilişi nəticəsində devrildi.

Yaqaylo — 1377 — 92-ci illərdə böyük Litva knyazı, 1386-cı ildən Polşa kralı. Qrünvald savaşında Polşa-Litva qoşunlarına komandanlıq etmişdir.

yanki — ABŞ-da doğulan amerikanlara verilən ləqəb.

Yanus — 1) Qədim Roma mifologiyasında qapılar, giriş və çıxış, bütün başlanğıcların allahı. İki simada təsvir olunurdu: bir üzü keçmişə, digəri isə gələcəyə yönəlirdi. Yanvar ayı onun adı ilə adlandırılıb; 2) məcazi mənada: «ikiüzlü Yanus» — ikiüzlü adam.

yardarlıq — torpaq sahibinə icarə haqqı məhsulun bir hissəsi ilə ödənilən torpaq icarəsi forması.

yarlıq (türk. "əmr", «fərman») — Qızıl Ordada monqol-tatar xanlarının onlardan asılı olan dünyəvi və ruhani feodallara verdikləri imtiyaz sənədləri.

yarımmüstəmləkə — formal olaraq müstəqil, əslində isə xarici kapitalın nəzarət elədiyi zəif inkişaf etmiş iqtisadiyyata malik, xarici və daxili siyasətində bir və ya bir neçə böyük dövlətin təsiri altında olan ölkə.

yasaq (türk. «xarac») — XV — XX əsrlərdə Rusiyanın işğal etdiyi Sibir və Şimal xalqlarından əsasən xəz ilə alınan natural vergi.

yasavul (türk. «rəis») — 1) Orta əsrlərdə Yaxın Şərqin bəzi ölkələrində, o cümlədən Azərbaycanda hərbi vəzifə. Yasavul əsgərlər arasında nizam-intizama və onların döyüşə hazırlığına cavabdeh idi; 2) Rusiyada — yesaul — XIV əsrdən vəzifə, XVIII əsrdən isə kazak qoşunlarında rütbə. Sonralar süvari qoşunlarda rütbə.

Yason — qədim yunan mifologiyasında qızıl yun (runo) dalınca Kolxidaya gedən arqonavtların başçısı.

yazı — məlumatın hər hansı material üzərində hər hansı şərti işarələrlə və ya əlavə izahat tələb etməyən işarələrlə verilməsi. Digər məlumat vasitələrinin əksəriyyəti, o cümlədən nitq ani xarakter daşıyır, zaman və məkan məhdudluğuna malikdir. Yazılı söz isə zaman və məkam keçə bilər. Lap qədimlərdə yazılmış bir şeyi indi oxumaq və anlamaq olar. Yazının köməyi ilə təcrübəni asanlıqla sonrakı nəsillərə və başqa xalqlara ötürmək olar. Ona görə də yazı bəşəriyyətin ən böyük mədəni dəyərlərindən biri hesab edilir. Qədim Şərq dünyaya iki mühüm ilkin yazı formasını — e.ə. IV minillikdə meydana gəlmiş Qədim Misir heroqliflərini və Mesopotamiya mixi yazılarını vermişdir. Finikiyalılar tərəfindən əlifbanın yaradılmasının isə daha böyük əhəmiyyəti var idi.

Yekaterina II — yoxsullaşmış alman knyazı nəslindən olan Sofya Frederika Avqusta Anhalt-Serbstli (1729 — 96), Rusiya imperatriçəsi (1762 — 96). 1745-ci ildə Rusiya taxt-tacının varisi, gələcək Rusiya imperatoru III Pyotra ərə verilmişdir. 1762-ci ildə qvardiyanın köməkliyi ilə III Pyotru devirmişdir. Zadəganların silki imtiyazlarını təsdiq etmiş və mütləqiyyəti möhkəmləndirmişdir. Onun hakimiyyəti illərində Puqaçovun rəhbərliyi ilə kəndli müharibəsi (1773 — 75) başlanmış və amansızcasına yatırılmışdır. Şimali Amerikada istiqlaliyyət uğrunda müharibə dövründə İngiltərəyə qarşı yönəlmiş silahlı bitərəflik haqqında bəyanat (1780) vermişdir. II Yekaterinanın dövründə Rusiya Qara dənizin şimal sahillərini, Krımı, Şimali Qafqazı, Qərbi Ukrayna, Qərbi Belorusiya, Litva və Polşa torpaqlarını (Reç Pospolitanın üç dəfə bölüşdürülməsi nəticəsində) işğal etmişdir. II Yekaterina 1796-cı ildə general Zubovun başçılığı ilə rus qoşunlarını Şimali Azərbaycan xanlıqlarını işğal etmək üçün göndərmişdir. Yekaterina hökuməti burada Rusiya imperiyasının himayəsi altında xristian Alban dövlətinin yaradılması üçün layihə hazırlamışdır. II Yekaterina 1790-cı illərdə azad fikirliliyi təqib edir və inqilabi Fransanın əleyhinə mübarizədə fəal iştirak edirdi.

Yelena — qədim yunan mifologiyasında Sparta şahzadəsi, qadınların ən gözəli. Onun sevgilisi Parislə Troyaya qaçması (və ya qaçırılması) Troya müharibələrinə səbəb olmuşdur.

Yelizaveta I Tüdor — ingilis kralı VIII Henrixin qızı, İngiltərə kraliçası (1558 -1603). Yelizavetanın dövründə İngiltərədə mütləqiyyət möhkəmlənmiş, anqlikan kilsəsi bərpa edilmişdir. O, ticarətə və gəlirinin bir hissəsini aldığı piratlığa (dəniz quldurluğuna) himayədarlıq edirdi. Yelizavetanın dövründə ispanların «Məğlubedilməz armada»sı darmadağın edildi (1588), İrlandiyanın müstəmləkələşdirilməsi geniş şəkildə həyata keçirilməyə başlandı.

«yeni zadəganlar» — XVI — XVII əsrlərdə İngiltərə zadəganlarının kapitalizmin inkişafına uyğunlaşmış hissəsinin adı. «Yeni zadəganlar»ın əsas kütləsini orta və xırda zadəganlar, habelə varlı kəndlilər təşkil edirdi. «Yeni zadəganlar» muzdlu əməkdən istifadə etdikləri kənd təsərrüfatı ilə yanaşı, ticarət və sahibkarlıqla da məşğul olurdular. «Yeni zadəganlar» İngiltərə burjua inqilabında burjuaziyanın əsas müttəfiqləri idilər.

yeniçərilər (türk. «yeni çerik», hərfi mənası — «yeni qoşun») — XIV əsrdə Osmanlı imperiyasında yaradılmış, dövlət xəzinəsi hesabına saxlanılan nizami piyada qoşununun adı. İlk əvvəl yeniçərilər əsir gənclərdən, sonra isə Osmanlı imperiyası tərəfindən fəth olunmuş əhalinin oğlanlarından zor yolu ilə təşkil edilirdi. Buna «devşirmə» üsulu deyilirdi. Yeniyetmələr dövlət vəsaiti hesabına hərbi xidmətdə qulluq etmək üçün tərbiyə edilirdilər. Yeniçəri sıralarına daxil edilənlər sultandan bol-bol hədiyyələr alır və ona sədaqətli olurdular. Müharibələrdə yeniçərilər igidlikləri və amansızlıqları ilə seçilirdilər. Sonralar yeniçərilər xoşlarına gəlməyən sultanlara qarşı tez-tez çıxış edirdilər. Yeniçəri qoşunu 1826-cı ildə sultan II Mahmud tərəfindən ləğv edilmişdi.

yepiskop — xristian kilsəsində dini-inzibati başçı, ərazi başçısı.

yeres (yun. «xüsusi dini təlim») — «bidət», hər hansı rəsmi dindən uzaqlaşan və sosial etirazın spesifik forması olan dini cərəyan. Bidətin meydana çıxması bütün dinlərin — buddizm, islam, iudaizm və xüsusilə də daha çox xristianlığın tarixinə xasdır. Bidətçilik xristianlığın mənəviyyatda hakim mövqeyə çatdığı orta əsrlərdə xüsusilə geniş yayılmışdı.

yeretik (yun. «dönük») — bidətçi, kafir, rəsmi dini təlimə qarşı çıxan adam. Bidətçilər iddia edirdilər ki, kilsə «korlanıb», Roma papasını «iblisin canişini» adlandırırdılar. Onlar kilsə adətlərinə qarşı çıxaraq tələb edirdilər ki, ruhanilər ondabir vergisindən, öz torpaq sahələrindən və sərvətlərindən imtina etsinlər. Bidətçilərin çıxışları ruhanilərin nüfuzuna xələl gətirirdi. Ruhanilər bidətçiləri kilsədən qovmaqla, hərbi yürüşlər təşkil etməklə və inkvizisiyanın köməkliyi ilə onlara qarşı mübarizə aparırdılar.

Yermak Timofeyeviç — kazak atamanı. Ural tacirləri və sənayeçiləri Stroqanovların vəsaiti hesabına onun başçılığı ilə kazakların Sibir xanlığına işğalçı yürüşləri təşkil edilmişdir. 1581-ci ildə Yermak Sibir xanlığının işğalına başladı. 1582-ci ilin payızında kazaklar hücumla Sibir xanlığının əsas istehkamı — paytaxtı Kaşlıkı tutdular və qarət etdilər. Sibir xanı Kuçum xan müqaviməti davam etdirdi. 1585-ci ildə başda Kuçum olmaqla tatarların kazaklara gözlənilməz gecə hücumu zamanı Yermak öldürüldü.

Yerusəlim krallığı — səlibçilərin birinci yürüşləri zamanı işğal etdikləri Yerusəlimdə 1099-cu ildə yaratdıqları dövlət. Yerusəlim krallığı özündən və üç vassal dövlətdən — Tripoli və Edessa qraflıqları və Antioxiya knyazlığından ibarət idi. Yerusəlim krallığının hərbi qüvvəsi müsəlmanların hücumuna tab gətirmədi. 1187-ci ildə Misir sultanı Səlahəddin Əyyubi Yerusəlimi tutdu. 1291-ci ildə səlibçilərin son dayağı olan Aqra şəhəri süqut etdi.

yezuitlər — ispan zadəganı İqnati Loyola tərəfindən 1540-cı ildə Parisdə yaradılmış "İisus cəmiyyəti" katolik rahib ordeninin üzvləri. Orden Reformasiya ilə mübarizədə əsas alətə çevrildi. Yezuitlər təkcə Avropa ölkələrində möhkəmlənməklə kifayətlənməyib, həm də Hindistan, Çin, Yaponiya və Filippinə soxuldular. Ordenin təşkilinin əsas prinsipləri: ciddi mər-kəzləşdirilmə, mövqecə kiçiklərin böyüklərə tabe olması, ordenin başçısının mütləq nüfuzu, orden daxilində qarşılıqlı casusluq. Yezuitlər hesab edirdilər ki, «allahın daha böyük şöhrəti naminə» istənilən cinayəti törətmək olar, belə ki, onların fikrincə, «məqsədə çatmaq üçün hər cür vasitə yaxşıdır».

yəhudilər — tarixən qədim yəhudilərin törəmələri olan xalqın ümumi adı. Yəhudilər müxtəlif ölkələrdə (ən çox yəhudi ABŞ-dadır — 7 milyon nəfərə yaxın, İsraildə isə — 4 milyon nəfərə yaxın) yaşayırlar, onların ümumi sayı təxminən 16 milyon nəfərdir. Yəhudilər əksər hallarda yaşadıqları ölkənin dilində danışırlar. Yəhudilərin bir hissəsi idiş və ivrit dillərində danışır. Yəhudilər əsasən iudaizmə etiqad edirlər.

yığıcılıq — insanların təbiətin onlara verdiklərini yığmaları. Ovçuluqla yanaşı, yığıcılıq on qədim insanların ilk və əsas məşğuliyyətlərindən biri idi. Yığıcılıq mənimsəmə (istehlak) təsərrüfatının formalarından biri idi.

YİS (yeni iqtisadi siyasət) — Lenin tərəfindən işlənilmiş, Sovet Rusiyası və SSRİ-də həyata keçirilmiş iqtisadi siyasət. «Hərbi kommunizm » siyasətindən fərqli olaraq «yeni» adlandırılmışdır. YİS 1921-ci ildə RSDF(b)P-nin X qurultayında qəbul olunmuşdu. YİS müharibədən sonrakı dağıntıları dəf etmək, sosialist iqtisadiyyatının bünövrəsini qurmaq, iri sənayeni inkişaf etdirmək, şəhərlə kənd arasında iqtisadi əlaqə yaratmaq, iqtisadiyyatda xüsusi mülkiyyətçiləri sıxışdırıb məhv etmək üçün nəzərdə tutulmuşdu. Bu vəzifələrin icrası yolları: kooperasiyanın hərtərəfli inkişafı, ticarətin genişləndirilməsi, maddi həvəsləndirmə və təsərrüfat hesabından istifadə edilməsi idi. Təsərrüfatın hərpası məqsədilə, lakin idarəçiliyin dövlətdə qalması şərti ilə xüsusi kapitalın cəlb edilməsinə yol verilirdi.

Yunan — İran müharibələri — e.ə. 499 — 449-cu illərdə Balkan yarımadasında İran şahlığı (Əhəmənilər dövləti) ilə yunan şəhər-dövlətləri arasında baş vermişdi. E.ə. 500 — 499-cu illərdə Kiçik Asiyadakı yunan şəhərləri iranlılara qarşı üsyan qaldırdılar və afinalılar da onlara kömək etdilər. İranlılar üsyanı yatıra bildilər. Bu hadisə Yunan — İran müharibələrinin başlanmasına səbəb oldu. E.ə. 492-ci ildə başda Mardoni olmaqla İran qoşunları Yunanıstana uğursuzluqla nəticələnən yürüş etdilər. Bununla da Yunan — İran müharibələri başlandı. E.ə. 490-cı ildə I Daranın qoşunları Yunanıstan üzərinə yürüş etdi. Şimali Yunanıstanın səhər-dövlətlərinin bir hissəsi iranlılara tabe olduqlarını bildirdi. Digər şəhərlərdə, ilk növbədə isə Afina və Spartada farslara silahlı cavab vermək tərəfdarları çoxluq təşkil etdi. Lakin e.ə. 490-cı ildə İran qoşunları Marafon çölündə strateq Miltiadın başçılıq etdiyi Afina qoşunları tərəfindən məğlubiyyətə uğradıldı. I Daranın varisi Kserks e.ə. 480-ci ildə 1000 gəmilik donanmanın müşayiət etdiyi böyük ordu ilə Yunanıstana soxuldu. Afinanın təşəbbüsü ilə başda Sparta olmaqla 31 şəhərin ittifaqı yaradıldı. Fermopil yaxınlığında iranlılar Sparta hökmdarı Leonidin başçılıq etdiyi dəstəni qırdılar, Attikaya soxulub Afinanı tutdular. Femistoklun təklifi ilə Salamin yaxınlığında iranlılarla dəniz döyüşü keçirildi və savaş Afina hərbi donanmasının qələbəsi ilə başa çatdı. Kserks ordusunun əsas hissəsini Yunanıstandan çıxarmaq məcburiyyətində qaldı, lakin qoşunlarının bir hissəsini Yunanıstanı tabe etmək məqsədilə Mardoninin başçılığı ilə burada saxladı. E.ə. 479-cu ildə Plateya şəhəri yaxınlığındakı döyüşdə İran ordusu sərkərdə Pavsaniyanın başçılığı altında Yunanıstan şəhərlərinin birləşmiş qüvvələri tərəfindən darmadağın edildi. Eyni zamanda, Mikal burnu yaxınlığında İran donanması da məğlubiyyətə uğradı. İranlılarla mübarizəni davam etdirmək məqsədi ilə 487-ci ildə Delos dəniz ittifaqı (sonralar — Afina dəniz ittifaqı) yaradıldı. Müharibənin xarakteri dəyişdi və Egey dənizində ağalıq və qənimət əldə etmək uğrunda yunanlar mübarizəyə başladılar. E.ə. V əsrin 70-ci illərində yunanlar Egey dənizində bir sıra adaları tutdular və Bizans (Vizanti) koloniyasını ələ keçirdilər. Bu isə öz növbəsində Kiçik Asiyadakı yunan şəhərlərinin iranlılara qarşı üsyanına səbəb oldu. Buna cavab olaraq iranlılar Yunanıstana qarşı yeni yürüş hazırladılar, amma Afina sərkərdəsi Kimon e.ə. 469-cu ildə İran donanmasını Evrimedont çayının mənsəbində darmadağın etdi. Bundan sonra hərbi əməliyyatlar müvəqqəti dayandırıldı. E.ə. 454-cü ildə iranlılara qarşı üsyana başlamış misirlilərə yardım üçün cəhd göstərən Afina donanması Nilin mənsəbində darmadağın edildi. E.ə. 449-cu ildə iranlıların Kiprin Salamin şəhəri yaxınlığında darmadağın edilməsindən sonra yunanlarla iranlılar arasında Kalli sülhü adlanan saziş imzalandı. Sazişin şərtlərinə görə, İran vəd edirdi ki, daha Egey dənizinə donanma çıxarmayacaq, qoşunlarını Kiçik Asiya sahillərindən 3 günlük məsafədən yaxın saxlamayacaq, Afina isə Kipri tərk etməyi, öz qarnizonlarını Əhəməni dövlətinin təbəəliyində hesab edilən Kiçik Asiyadakı yunan şəhərlərindən çıxarmağı vəd edirdi.

«yunan odu» — qatran, neft, kükürd, şora və s. aşqarlardan ibarət su ilə söndürülməyən yandırıcı qarışıq. Bizansda kəşf olunmuşdur. VII — XV əsrlərdə «yunan odu» dəniz döyüşlərində və qalaların mühasirəsi zamanı istifadə olunmuşdur.

YUNESKO — maarif, elm və mədəniyyət məsələləri üzrə (ingiliscə adının baş hərfləri ilə) BMT-nin 1946-cı ildə yaradılmış hökumətlərarası ixtisaslaşdırılmış təşkilatı.

yunker (alm. «yunq herr» — «gənc ağa») — Prussiyada və Almaniyanın digər yerlərində mülkədarların adı.

Yunona — Qədim Roma mifologiyasında baş ilahələrdən biri, Yupiterin arvadı. Yunan ilahəsi Hera ilə eyniləşdirilirdi.

Yupiter — Qədim Roma mifologiyasında baş allah. Yupiter qədim yunan allahı Zevslə eyniləşdirilirdi.

yurisdiksiya — 1) müvafiq məhkəmə orqanlarının mülki, cinayət və digər işlərə baxıb onları həll etmək səlahiyyəti; 2) dövlət müəssisəsi və ya dövlətin səlahiyyətinə aid olan məsələlər.

Yustinian I — Bizans imperatoru (527 -565). Yustinian Roma imperiyasını ilkin sərhədlərində bərpa etməyə cəhd göstərir. 20 ildən artıq davam edən aramsız müharibələr nəticəsində o, Şimali Afrikada vandalların krallığını, Siciliyanı, İtaliyada ostqotların krallığını istila edir və İspaniyanın cənub hissəsini vestqotlardan ala bilir. Ağır vergilərdən əziyyət çəkən Bizans əhalisi üsyanlara başlayır və bu üsyanlar Yustinian tərəfindən amansızcasına yatırılır. Uzunsürən müharibələrdən sonra Yustinian şərqdə ərazilərinin bir hissəsini Sasanilərə güzəştə getmək məcburiyyətində qalır. Yııstinianın dövründə Roma qanunları sistemləşdirildi və «Yustinianın qanunnaməsi» tərtib edildi. Onun dövründə Konstantinopolda Müqəddəs Sofiya məbədi və Dunay sərhədi boyunca qalalar sistemi inşa edilmişdi. Yustinianın ölümündən az sonra Bizans imperiyası qərbdə ələ keçirdiyi, demək olar ki, bütün torpaqları itirdi.

Yuy-di (tam adı: Yuy-xuan Şan-di — «Ali hökmdar — Nefrit padşah») -Qədim Çində populyar olan əfsanənin qəhrəmanı. Səmanın şər allahı sel yaradanda və bütün Yer, demək olar ki, sahilsiz dənizə çevriləndə böyük Yuy-di insanlara damba (torpaq bənd) və kanallar tikməyi, böyük çayların suyunun okeana axması üçün onların mənsəbini dərinləşdirməyi öyrətdi. Sonrakı dövr xalq mifologiyasında Yuy-di bütün kainatın — göylərin, Yerin və yeraltı dünyanın, bütün allahların və ruhların ona tabe edildiyi baş hökmdardır.

Yüzillik müharibə — 1337 — 1453-cü illərdə Giyen, Normandiya, Anju və Flandriya üstündə İngiltərə ilə Fransa arasında baş vermişdir. İngiltərə kralı III Eduardın (Fransa kralı IV Gözəl Filippin nəvəsi) Fransa taxt-tacına iddia etməsi Yüzillik müharibə üçün bəhanə oldu. «Sipər pulu» sayəsində əla təşkil edilmiş və peşəkar şəkil almış ingilis qoşunları fransız rıtsarlarından daha üstün idilər. İngilislərin çoxsaylı piyadaları azad kəndlilərdən təşkil olunmuşdu. İngilis piyada oxçuları 600 addımlığa ox atır, 200 addımlıqdan isə rıtsar zirehli geyimini vurub tam deşə bilirdilər. İngilis qoşunları Sleys (1340), Kresi (1346), Puatye (1356) yaxınlığında qələbə çaldılar, sonuncu döyüşdə isə Fransa kralını əsir götürdülər. 1360-cı ildə Bretinyidə bağlanmış müqaviləyə əsasən, Fransa ərazisinin xeyli hissəsi İngiltərənin əlinə keçdi. XIV əsrin 70-ci illərində ingilislər Fransadan, demək olar ki, tamamilə qovuldular. Lakin Azenkur (1415) yaxınlığındakı qələbədən sonra ingilislər burqundlarla birlikdə Fransanın şimalını tutdular. 1429-cu ildə Fransa qoşunları Janna d'Arkın başçılığı ilə Orleanı mühasirədən azad etdilər. Janna d'Ark Fransa kralı vəliəhdinin Reymsdə tac qoymasına nail odlu. Az sonra Janna d'Ark əsir düşdü, amma artıq təşəbbüs fransızların əlinə keçmişdi. Yüzillik müharibə Bordoda ingilislərin təslim olması ilə (1453) başa çatdı. Fransa ərazisində İngiltərə yalnız Kale limanını (1558-ci ilə kimi) öz əlində saxlaya bilmişdi.

 

Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər:

  • Rauf Məlikov, Tarix elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın qədim tarixi» şöbəsinin elmi işçisi
  • Nizami İbrahimov, Tarix müəllimi, «Azərbaycan tarix müəllimləri» ictimai birliyinin üzvü.
Top