"S" hərfi ilə başlayan tarix terminləri

"S" hərfi ilə başlayan tarix terminləri

sabotaj — işdən (sərəncamdan) yayınma və ya onun formal şəkildə yerinə yetirilməsi yolu ilə qəsdən pozulması.

Sadova — müasir Çexiyada şəhər; 1866-cı ildə Avstriya — Prussiya müharibəsində onun yaxınlığında general Moltkenin komandanlığı ilə Prussiya ordusu general Benedekin sərkərdəlik etdiyi Avstriya-Sakson ordusunu darmadağın etmişdi. Bu döyüş Prussiyanın Almaniyada başçılıq uğrundakı mübarizəsinin taleyini həll etdi. Avstriya 1866-cı ildə Praqa müqaviləsini bağlamaq məcburiyyətində qaldı. Həmin müqavilənin şərtlərinə görə, Almaniya ittifaqı buraxılırdı.

Sacilər — Cənubi Azərbaycanda Sacilər dövlətində hakim sülalə (879 — 941). Sülalənin banisi məşhur türk sərkərdəsi Əbu-s-Sac Divdad ibn Yusif ibn Divdad olmuşdur. Sacilər sülaləsinin hakimiyyətinə Salarilər son qoymuşlar.

Sacilər dövləti — Ərəb xilafətinin dağılması dövründə Cənubi Azərbaycan ərazisində tanınmış türk sərkərdəsi Əbu-s-Sac Divdad ibn Yusif ibn Divdad tərəfindən əsası qoyulmuş dövlət (879 — 941). Artıq IX əsrin sonlarından Sacilər sülaləsinin hökmdarları özlərinin pullarını kəsdirirmişlər. Sacilər 912-ci ildən Ərəb xilafəti xəzinəsinə xərac vermirdilər. Ermənistanı və Kaxetiyanı tutan Yusif ibn Əbu-s-Sac Şirvanşahlar dövlətini də özünə tabe etmişdi. Yusif ibn Əbu-s-Sacın dövründə Dərbənd divarları təmir olunmuş, onların sualtı hissəsi yenidən bərpa edilmişdir. X əsrin əvvəllərində Zəncandan Dərbəndə qədər, demək olar ki, bütün Azərbaycan torpaqları Sacilər dövlətinin tərkibinə daxil idi. Sacilər dövlətinin paytaxtı əvvəlcə Marağa, sonra isə Ərdəbil olmuşdur. 909-cu ildə Kiyev knyazı (rus xaqani) Oleqin ruslardan və vikinqterdən ibarət drujinaları Abaskun adasını tutmuş və ətraf yaşayış məntəqələrini talan etməyə başlamışlar, lakin yerli əhali onları məğlubiyyətə uğratmışdır. 910-cu ildə yenidən buraya yürüş edən ruslar və vikinqlər Sara adasını tutmuş və sahil yaşayış məskənlərini qarət etmişlər. Onlar buradan Gilana hücuma keçmiş, amma Gilanşahın qoşunları tərəfindən məğlub olunmuşlar. Geriyə çəkilən ruslar və vikinqlər şirvanşahın qoşunları tərəfindən darmadağın edilmişlər. 914-cü ildə xəzər xaqanı tərəfindən öz torpaqlarından keçmələrinə icazə verilən Kiyev knyazı (rus xaqani) İqorun drujinaları Abşeron yarımadası ətrafındakı adalarda möhkəmlənmişlər. Ruslar və vikinqlər bir neçə ay müddətində bu adalardan hücum edərək Azərbaycanın sahil məskənlərini qarət etmişlər. Lakin qənimətlə geriyə qayıdan ruslar və vikinqlər xəzərlər tərəfindən darmadağın olunmuşlar. Sacilər dövləti 941-ci ildə Salarilər tərəfindən tutulmuşdur.

saxta, saxtalaşdırma — həqiqinin yalançı ilə əvəz edilməsi, gerçəyin düz olmayanla dəyişdirilməsi (məs.: əşyaların, sənədlərın və ya tarixi məlumatların saxtalaşdırılması).

Salamin — Egey dənizində Attika yaxınlığında ada. E.ə. 480-ci ildə Salamin boğazında Əhəməni donanması ilə Femistoklun başçılığı altında birləşmiş yunan donanmasının döyüşü baş verdi. Daha azsaylı, amma çevik olan yunan gəmiləri -triyerlər Əhəməni donanmasını darmadağın etdi. Salamində donanması məğlub olan Kserks qoşunlarının böyük hissəsi ilə Yunanıstanı tərk etmək məcburiyyətində qaldı.

Salarilər — Salarilər dövlətində (941 — 983) hakim sülalə. Sülalənin banisi Salar Mərzban ibn Məhəmməd olmuşdur. 983-cü ildə Salarilərin sonuncu sığınacağı — Dvin — Rəvvadilər tərəfindən tutulmuşdur.

Salarilər dövləti — Azərbaycan ərazisində dövlət (941 — 983). 941-ci ildə sonuncu Sacilər hökmdarını məğlub edən Salar Mərzban ibn Məhəmməd onun paytaxtı Ərdəbili tutdu. O, paytaxtı Ərdəbil olan Salarilər dövləti və sülaləsinin banisi oldu. Bir qədər sonra Salar Mərzban ibn Məhəmməd əvvəllər Sacilər dövləti tərkibinə daxil olan bütün əraziləri tabe etdi. 944-cü ildə Kiyev knyazı (rus xaqani) İqorun drujinaları yenidən Xəzər sahillərində peyda oldular. Kür çayı ilə Bərdəyədək irəliləyən ruslar və vikinqlər onu tutdular. Şəhər talan edildi, əhalinin çoxu qırıldı, xilas olanları isə qul kimi satıldı. Salarilərin qoşunları isə şəhəri mühasirəyə aldılar. Rusların arasında baş vermiş epidemiya onları şəhəri tərk etmək məcburiyyətində qoydu. Ruslar geri çəkilərkən Bərdəni yandırdılar. Bu hadisələrdən sonra Bərdə bir daha özünə gələ bilmədi. Az sonra Salarilər dövlətində ara müharibələri başlandı və dövləti zəiflətdi. 951-ci ildə Şəddadilər tədricən Azərbaycanın şimal-qərb və şimal torpaqlarını zəbt etməyə başladılar. 983-cü ildə Salarilərin son torpaqları — Dvin — Rəvvadilər tərəfindən tutuldu.

salnamə — tarixi hadisələrin xronoloji ardıcıllıqla yazılması, orta əsrlərin tarixi əsərlərinin əsas növlərindən biri. Salnamə xronika ilə eyniyyət təşkil edir.

samuraylar — orta əsrlər Yaponiyasında geniş mənada — dünyəvi feodal, daha çox işlənən məhdud mənada isə — xırda zadəganların hərbi-feodal silki. Yaponiyada 1868-ci il burjua inqilabından sonra knyazların və samurayların torpağa olan feodal mülkiyyətçiliyi ləğv edildi. Avropasayağı təşkil olunmuş orduya arxalanan hökumət samurayların silahlı çıxışlarını yatırdı.

san — mənsəb, yüksək rütbə.

sanasiya — 1) lat. «müalicə», «sağlamlaşdırma»; 2) güclü icra hakimiyyəti yaratmaq, parlamentin və siyasi partiyaların rolunu məhdudlaşdırmaq yolu ilə siyasi sistemin dəyişdirilməsi. Pilsudskinin Polşadakı diktator rejimi 1926-cı ilin mayından «sanasion» adlanırdı; 3) müəssisənin, bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması yolu ilə iflasa uğramasının qarşısını almaq və rəqabətə davamlılığını artırmaq məqsədi ilə dövlətin həyata keçirdiyi tədbirlər (ssuda, yardım və s. vasitəsilə) sistemi. Sanasiya maliyyə oliqarxiyası hakimiyyətinin möhkəmləndirilməsinə, zəhmətkeşlərdən alınan dövtet vergilərinin artırılmasına və həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur.

sanksiya — 1) rəsmi bəyənmə və ya təsdiqetmə; 2) cinayətə görə, qanunların pozulmasına görə cəzalandırma; 3) beynəlxalq hüquqda — BMT nizamnaməsinə uyğun olaraq beynəlxalq qaydaları və qanunçuluğu pozan dövlətə qarşı (hətta zor işlədilməklə) tətbiq edilən təzyiq; 4) qanun və ya müqavilə ilə müəyyənləşdirilmiş öhdəlikləri pozanlara qarşı təsir vasitəsi.

sankülotlar (fr. hərfən — «qısa şalvar geyməyən») — zadəganlardan və varlı burjuaziyadan fərqli olaraq uzun şalvarlar geyən sadə şəhər yoxsulları. Bu söz 1792-ci ildə Böyük Fransa burjua inqilabı dövründə meydana gəlmişdir.

Saray-Batu (monq. «Batının sarayı») — Qızıl Ordanın birinci paytaxtı (1254 — 1480). Şəhərin xarabalıqlan Həştərxan yaxınlığındadır.

Saray-Berke — Qızıl Ordanın ikinci paytaxtı. Xarabalıqlan Volqoqrad yaxınlığındadır.

Sarayevo — Bosniya və Herseqovinanın paytaxtı, 1914-cü il iyunun 28-də Prinsip Avstriya taxt-tacının varisi ershersoq Frans Ferdinandı burada güllə ilə qətlə yetirmişdir. Bu hadisə Birinci Dünya müharibəsinin başlanması üçün bəhanə olmuşdur.

«sarısarıqlılar» üsyanı — Qədim Çində qulların və kəndlilərin ağır vəziyyəti bir çox üsyanların baş verməsinə səbəb olmuşdur. Eramızın 184-cü ilində Çinin mərkəzi vilayətlərində üç Çjan qardaşlarının başçılığı ilə kəndlilərin və qulların üsyanı başlandı. İstismarçılara qarşı mübarizə əlaməti olaraq üsyançılar başlarını sarı rəngli sarğı ilə sanmışdılar, üsyanın adı da buradan götürülmüşdür. Quldarlar böyük qüvvə toplayıb üsyançılara qarşı amansız müharibəyə başladılar. «Sarısarıqlılar» öz qüvvələrini birləşdirmədilər, onların sərəncamında hökmdarın ixtiyarında olduğu kimi silah və təcrübəli sərkərdə yox idi. Çjan qardaşları mübarizədə həlak oldular. Amansız döyüşlər 20 ilədək davam etdi. Quldarlar üsyançılara qəddarcasına divan tutdular. «Sarısarıqlılar» üsyanı (184 — 204) məğlub olsa da, çar hakimiyyətinin qüvvələrini və quldarların ağalığını zəiflətdi. Üsyandan bir neçə il sonra Xan sülaləsinin hakimiyyəti devrildi, quldarlıq ləğv edildi.

sarkofaq — ağacdan, daşdan və ya digər materiallardan düzəldilmiş, üstündə dualar yazılmış kiçik sərdabə. Çox hallarda sarkofaq allahları təsvir edən rəsm və hunlar tərəfindən darmadağın edilmişlər.

sarmatlar — e.ə. VI — IV əsrlərdə Volqa çayı yaxınlığında yaşamış köçəri maldar tayfaların ümumi adı. E.ə. III əsrdə Qara dənizin şimal ətrafından skifləri sıxışdırmışlar. Cənubi Qafqaz və Roma dövlətləri ilə müharibələr aparırdılar.

Sasanilər — İran şahları sülaləsi (224 — 651). Sülalənin banisi I Ərdəşir olmuşdur. Sasanilər dövləti ərəblər tərəfindən fəth olunmuşdur.

satellit — 1) lat. «peyk», «tərəfdar», "əlaltı"; 2) Qədim Romada — ağasını müşayiət edən silahlı muzdlu; 3) məcazi mənada — başqasının iradəsi ilə hərəkət edən adam; 4) formal olaraq müstəqil, əslində isə iri dövlətdən tam asılı olan ölkə.

satrap — 1) Əhəmənilər və Sasani dövlətlərində satraplıq canişini; 2) məcazi mənada — müstəbid rəhbər, bildiyini eləyən müdir, inzibatçı.

satraplıq — padşah I Daranın Əhəmənilər dövlətini böldüyü əyalətlərin adı.

Saturn — qədim italiklərin mifologiyasında səpin allahı, əkinçiliyin himayəçisi Yunanlardakı Kronos allahına uyğundur.

saziş (barış) — vuruşan tərəflərin razılığı ilə hərbi əməliyyatların müvəqqəti dayandırılması. Adətən sazişdən sonra sülh müqaviləsi imzalanır.

seçki əmlak senzi — seçki hüququ almaq üçün labüd olan gəlir və əmlakın ölçüsü.

seçki hüququ — vətəndaşların nümayəndəli hakimiyyət orqanlarına seçmək və seçilmək hüquqları.

sex — orta əsrlərdə feodalların zorakılığından qorunmaq, eləcə də istehsal üçün sex üzvlərinin inhisarını və hazırlanmış məmulatın satışını təmin etmək məqsədi ilə şəhər sənətkarlarının bir və ya bir neçə yaxın peşə üzrə birləşməsi. Ustalar sexlərin tamhüquqlu üzvləri idilər. Sexlərin öz nizamnamələri, gerbləri, şəhər qoşunları tərkibində öz hərbi dəstələri və hətta ayrıca qəbiristanlıqları var idi. Erkən orta əsrlər dövründə sexlər sənətkarlığın inkişafına kömək etdi. Manufaktura və fabriklərin meydana gəlməsi ilə sexlər sənayenin inkişafını ləngitməyə başladı. XVIII əsrin sonları — XIX əsrdə qanunlarla ləğv olunmuşdu.

«Sedan faciəsi» — Fransa — Prussiya müharibəsi zamanı imperator III Napoleon başda olmaqla 80 minlik fransız ordusunun 1870-ci il sentyabrın 2-də Sedan şəhəri yaxınlığında əsir götürülməsi. Sedan faciəsi Parisdə 1870-ci il sentyabrın 4-də inqilabın başlanmasına, III Napoleonun devrilməsinə və Fransanın respublika (Üçüncü respublika) elan edilməsinə səbəb olmuşdur.

seqreqasiya — irqi və ya dini mənsubiyyətə görə hüquqların məhdudlaşdırılması, zəncilərin və ya digər «rəngli əhali»nin «ağlar»dan məcburən təcrid edilməsi. İctimai həyatın bütün sahələrində «qara və rəngli insanlar» üçün xüsusi bölmələr və ya Paralel müəssisələr yaratmaq yolu ilə, habelə ayrı-ayrı irqi və ya milli qrupları onlar üçün ayrılmış xüsusi sahələrə köçürmək yolu ilə həyata keçirilir. Seqreqasiya irqi diskriminasiyanın (ayrıseçkiliyin) ifrat formalarından biridir.

sekta (təriqət) — müxtəlif səbəblər ucbatından hakim kilsədən ayrılmış, uzaqlaşmış dini qrup, icma.

Selevk I — e.ə. 321-ci ildə diadoxların yığıncağında Babilistan Makedoniyalı İsgəndərin ən qabiliyyətli sərkərdələrindən birinə — I Selevkə çatmışdır. Digər diadoxlarla uzunsürən mübarizə nəticəsində e.ə. 312-ci ildə Selevk qəti olaraq Babilistanda möhkəmləndi, öz çarlığını və Selevkilər sülaləsini yaratdı.

Selevkilər — Selevkilər dövlətində hakimiyyətdə olmuş çar sülaləsi (e.ə. 312 — 63). Əsası I Selevk tərəfindən qoyulmuşdur.

Selevkilər dövləti — Makedoniyalı İsgəndərin ölümündən sonra meydana gəlmiş ən böyük dövlət. E.e. 321-ci ildə diadoxların yığıncağında Babilistan İsgəndərin ən qabiliyyətli sərkərdələrindən biri olan Selevkə verildi. Digər diadoxlarla aparılan uzunsürən mübarizələr nəticəsində e.ə. 312-ci ildə Selevk Babilistanda daha da möhkəmləndi və öz çarlığını yaratdı. Bu dövrdən etibarən Şərqdə min ildən artıq müddətdə istifadə olunan Selevkilər erası (burada o səhvən "İsgəndər erası" adlandırılırdı) başlandı. Midiya, Fars, Mesopotamiya, Şimali Suriya, Kiçik Asiyanın bir hissəsi, habelə Hindistan Selevkilər dövlətinə daxil idi. Amma Hindistan ərazilərini Selevk hələ IV əsrin sonlarında itirmişdi. I Selevk Makedoniyaya etdiyi hərbi yürüş zamanı həlak olmuşdur. Onun varisləri -Selevkilər bu və ya digər dövlətlərlə fasiləsiz müharibələr aparmışlar. Selevkilərin əraziləri ən bacarıqlı ellin hökmdarlarından olan III Antioxun (e.ə. 223 — 187) hakimiyyəti illərində genişlənmişdir. Onun siyasətinin xüsusiyyəti təkcə yunanlara deyil, həm də qədimdən mövcud olan şəhər özünüidarə qaydalarına arxalanmasında idi ki, bu da öz növbəsində geniş xalq kütlələri arasında onun dəstəklənməsi ilə nəticələndi. III Antioxun ordusunda yunan və makedoniyalılardan başqa, onun dövlətinə daxil olan çoxsaylı tayfa və xalqların nümayəndələri də vuruşurdu. O, Kiçik Asiyada yeni ərazilər ələ keçirdi, rəqibi -Baktriya çarı Evtidem üzərində qələbələr çaldı. Makedoniya ilə ittifaqa girən III Antiox Suriyanın cənub hissəsini, Finikiyanı və Fələstini ələ keçirdi. Lakin az sonra Roma Aralıq dənizinin şərq bölgəsinin işlərinə müdaxilə etdi. E.ə. 190-cı ildə Maqneziya (Kiçik Asiya) yaxınlığındakı məğlubiyyəti nəticəsində romalılar KiçikAsiya ərazilərinin bir hissəsini III Antioxun əlindən alırlar. Ermənistan Selevkilərdən müstəqillik əldə edir, Dəclə çayının arxa tərəfi partiyalılar tərəfindən tutulur. III Antioxun oğlu iki dəfə Misirə soxulur və e.ə. 168-ci ildə Misir İsgəndəriyyəsini mühasirəyə alır. Amma Roma elçisi IV Antioxdan tələb edir ki, ləngimədən Misirdən çıxıb getsin və Antiox qoşunlarını buradan çıxarır. IV Antiox Şərq yürüşlərindən birində həlak olandan sonra romalıların tələbi ilə Selevkilərin hərbi donanması ləğv edilir və bütün döyüş filləri öldürülür. Nəticədə isə Selevkilər dövlətinin hərbi qüdrəti sarsılır. E.ə. 129-cu ildə partiyalılar tərəfindən məğlub edilən Selevkilər dövlətinin ərazisi Suriya ilə məhdudlaşır. E.ə. 63-cü ildə Selevkilərin əlində qalmış sonuncu bölgə olan Suriya da romalılar tərəfindən ələ keçirilir və Romanın əyalətinə çevrilir.

Selena — yunan mifologiyasında Ay ilahəsi.

selibat — katolik dinində mütləq nikahsızlıq, daimi subaylıq. Selibat Roma papası VII Qriqori tərəfindən XI əsrdə qanuniləşdirilmişdir. 1967-ci ildə Roma papası VI Pavel selibatın dəyişilməzliyini təsdiq etmişdir.

Semiramida — Midiya şahzadəsi Amitida (yun. Semiramida, babil. Şammuramat), Midiya hökmdarı Kiaksarın qızı. Babil hökmdarı Navuxodonosora ərə verilmişdir. Öz vətəninin meşə və yaşıllıqlarla örtülmüş dağlarına öyrəşmiş Midiya şahzadəsi qızmar Babildə dağ meşələrinin sərinliyi və kölgəsi üçün qüssələnirdi. Babilistan hökmdarı sevgili arvadının vətən həsrətini azaltmaq arzusu ilə onun üçün məşhur «asma bağlar»ı inşa etmək qərarına gəldi.

Semiramida bağları — e.ə. VI əsrdə Semiramidanın Babildə tikilmiş «asma bağlar»ı qədimdə «dünyanın yeddi möcüzəsi»ndən biri sayılırdı. Babilistan çarı Navuxodonosor Midiya hökmdarı Kiaksarın qızı — şahzadə Amitida (yun.Semiramida) ilə evlənmişdi. Öz vətəninin meşələrə və yaşıllığa bürünmüş dağlarına öyrəşmiş Midiya şahzadəsi qızmar Babildə dağ meşələrinin sərinliyi və kölgəliyi üçün qüssələnirdi. Sevgilisinin vətən həsrətini azaltmaq arzusuyla Babilistan hökmdarı Navuxodonosor Midiya dağlarına bənzəyən bütöv bir oazis — vahə tikdirib ona hədiyyə etmək qərarına gəlmişdi. Məşhur «asma bağlar» enli, dördyaruslu qüllə üzərində yerləşirdi. Hər yarusun ətrafında hündür və enli sütunlar üzərində kərpic divar hörülmüşdü. Terrasların platforması iri daşlarla döşənmiş, üstü isə qatranlanmış qamış təbəqəsi ilə örtülmüşdü. Sonra üzərinə qurğuşun təbəqəsi çəkilmiş ikicərgəli kərpic divar hörülmüşdü ki, torpaqdakı su bağın alt mərtəbələrinə axmasın. Bütün bu tikilinin üzərinə qalın münbit torpaq təbəqəsi tökülmüşdü ki, burada iri ağaclar bitə bilsin. Bağların suvarılması üçün yüzlərlə qul bütün günü dəri qablar birləşdirilmiş nəhəng suvuran təkəri fırlatmaqla Fəratdan su vurmalı idilər. Bağın yarusları enli, çəhrayı və ağ rəngli üzlük plitə çəkilmiş nərdivanlarla birləşən pillələrlə ucalırdı. «Asma bağlar»da Midiyadan çarı" əmri ilə gətirilmiş şahzadənin sevdiyi bitkilər və çiçəklər əkilmişdi. Semiramidanın «asma bağlar»ının kölgəsi və sərinliyi qızmar və meşəsiz Babildə möcüzə kimi idi. Sonralar böyük fateh Makedoniyalı İsgəndər ölüm ayağında olarkən «asma bağlar»ın kölgəsində uzanmışdı.

senat — Qədim Romada patrisilərin ağsaqqallar şurası. Şahlıq dövründə Romanı şah və senat idarə edirdi. Respublika dövründə senatın böyük səlahiyyətləri var idi. Dinc vaxtlarda konsullar senatla bütün məsələlər üzrə məsləhətləşməli idilər. Senat xəzinə xərclərini, hərb və sülh məsələlərini həll edir, artıq hazırlanmış sənədləri xalq yığıncağında səsə qoymağı təklif edirdi.

«Sentrokaspi Diktaturası» (Xəzər Hərbi Donanmasının Mərkəzi Komitəsi) — Bakıda 1918-ci il avqustun 1-də Bakı Sovetinin istefasından sonra yaradılmış hökumətin adı. Formal şəkildə hakimiyyət rus zabitləri və Xəzər donanması matroslarının əlində idi, real hakimiyyət isə «Erməni milli şurası»na, «Daşnaksütyun » partiyasına və digər erməni təşkilatlarına mənsub idi. «Sentrokaspi Diktaturası»nın ilk addımlarından biri Həştərxana yola düşən keçmiş Bakı Soveti komissarlarının olduqları gəminin Bakıya qaytarılması oldu. Komissarlar həbs olundu, zavod komitələri konfransı onları xəyanətdə günahlandırıb «xalq düşməni» elan etdi. «Sentrokaspi Diktaturası»nın dəvəti ilə ingilis qoşunlarının ilk dəstəsi avqustun 4-də Ənzəlidən (İran) Bakıya gəldi. Avqustun 17-də ingilis generalı Denstervill də Bakıya gəldi, ancaq buradakı ingilis qoşunlarının ümumi sayı cəmisi 1000 nəfərə yaxın idi. Aydın oldu ki, bu dəstə Bakını Türkiyə — Azərbaycan «islam ordusu»ndan müdafiə etmək iqtidarında deyil. İngilislər Bakı neftini çox fəal şəkildə aparmağa başladılar. Onu dəvət edən hökumətin oyuncaq xarakterini görən Denstervill şəhərin sonrakı müdafiəsini lüzumsuz saydı. 1918-ci il sentyabrın 15-də ingilis qoşunları Bakını tərk etdilər, cəbhədən gələn erməni dəstələrinin bir hissəsi və «Sentrokaspi Diktaturası» hökumətinin üzvləri də gəmi ilə Ənzəliyə yola düşdülər. 1918-ci il sentyabrın 15-də Türkiyə — Azərbaycan «islam ordusu» Bakıya daxil oldu.

senyor — orta əsrlərdə Qərbi Avropada tabeliyində təkcə asılı kəndli deyil, həm də vassalı olan feodal.

senz (seçki senzi) — bir sıra ölkələrdə vətəndaşın seçmək və ya seçilmək hüququ alması üçün konstitusiya və ya seçki qanunu ilə müəyyən edilmiş şərtlər. Ən çox yayılmış formaları: əmlak senzi — müəyyən dəyərdə əmlaka malik olmaq və ya xüsusi vergi vermək; fəal seçki hüququ üçün 21 yaşdan 25 yaşadək (passiv seçki hüququ üçün yaş həddi daha yüksək) olan yaş senzi; oturaqlıq senzi — həmin yerdə qanunda nəzərdə tutulmuş müddətdən az yaşamamaq və bir sıra başqa senzlər — təhsil, irqi və milli senzlər mövcuddur.

Senzor — 1) Qədim Romada senzi, dövlət maliyyəsinə nəzarəti, adatlərə, ictimai tikililərə və s.-yə nəzarəti həyata keçirən vəzifəli şəxs; 2) senzuranı həyata keçirən şəxs.

senzura — mətbuat və kütləvi informasiya vasitələri üzərində dövlət nəzarət sistemi.

separat müqavilə — vuruşan dövlətlərin birinin müharibəni davam etdirən müttəfiqlərindən fərqli olaraq rəqib tərəfdən vuruşan dövlətlərin biri və ya hamısı ilə bağladığı müqavilə.

separatizm — ayrılmağa, müstəqil fəaliyyətə (məs.: çoxmillətli dövlətlərdə milli azlıqların ayrılmaq və öz muxtar vilayətini və ya dövlətini yaratmaq cəhdləri) cəhd göstərmək.

Servantes Saavedra Migel de (1547 — 1616) — böyük ispan yazıçısı. Romanlarından əsası olan «Lamançalı Don Kixot» Renessans dövründə dünya mədəniyyətinə böyük təsir göstərmiş ən yaxşı əsərlərdən biridir.

sessiya — nümayəndəli orqanın, beynəlxalq təşkilatların, elmi konfransların və s.-nin işlədiyi dövr.

Set — Qədim Misir mifologiyasında səhra və yadellilərin qəzəbli allahı. Bitki və əkinçiliyin himayəçisi allah Osirisin qatili. Çox hallarda Set eşşəkbaşlı kimi təsvir olunurdu.

seyid (ər. «cənab», «ağa», «tayfa başçısı») — islamaqədərki Ərəbistanda tayfa başçısı, tayfa aristokratiyası nümayəndəsi. Quranda seyid həm islamaqədərki ənənəvi mənada, həm də yeni — «təmkinli cənab və möminlərin peyğəmbəri» mənasında işlədilir. Şiələr seyid məfhumunu peyğəmbərin nəslindən olanların, xüsusilə də Məhəmməd peyğəmbərin nəvəsi imam Hüseynin nəslindən olanların adlarına əlavə etməyə başladılar. «Seyid» məfhumu peyğəmbərlə qohumluq iddiasında olan müsəlman hökmdarlarının titullarının bildirilməsində geniş tətbiq edilirdi. Bir sıra müsəlman ölkələrində seyid institutu dövrümüzədək saxlanılmışdır. «Seyid» sözündən neytral «ağa», «cənab» mənasında da geniş istifadə olunur.

seym — 1) Polşa və Finlandiyada parlament; 2) 1918-ci ildə Cənubi Qafqazda ümumərazi parlamenti (bax: Zaqafqaziya Seymi).

Sezar Qay Yuli (e.ə. 102 — 44) — Roma imperatoru (e.ə. 49 — 44), istedadlı sərkərdə və yazıçı. Sezar kübar patrisi ailəsində anadan olmuşdur, o, çox ağıllı və istedadlı şəxs idi. O, Roma yoxsullarına ikrahla yanaşsa da, hakimiyyətə gəlmək xatirinə onlardan istifadə edirdi. Bu məqsədlə o, yoxsullara pulsuz çörək paylanması və torpaq sahəsi verilməsi tələblərini irəli sürmüşdü. Habelə Sezar onlar üçün qladiator döyüşləri də təşkil edirdi. Sezar xalq yığıncağının onu konsul seçməsinə nail oldu, sonra isə öz razılığı ilə senat tərəfindən Qalliyaya canişin təyin edildi. Səkkizillik müharibə ərzində Sezar bütün Qalliyanı təslim etdi. Sezar bu müharibə haqqında özünün «Qalliya müharibəsi haqqında qeydlər» əsərində yazmışdır. Sezar qallardan əldə etdiyi qənimət hesabına döyüşçülərinin haqqını ikiqat artırdı, onlara qul bağışladı və vəd verdi ki, onlara torpaq da paylayacaq. Romada onun adından yoxsullar üçün tamaşalar təşkil edilir və çörək paylanılırdı. E.ə. 49-cu ildə Sezar Roma üzərinə hücuma keçdi. Senat tərəfindən komandan təyin edilən Pompey hələ ordusunu bir yerə toplamamış Balkan yarımadasına qaçdı. Sezar Romaya daxil oldu və bütün İtaliyanı tabe etdi. Quldarların bir hissəsi və Roma yoxsulları Sezarı müdafiə etdilər. E.ə. 48-ci ildə Farsal yaxınlığındakı döyüş zamanı Sezar Pompeyin ordusunu məğlub etdi, Pompeyin özü isə Misirə qaçdı və az sonra bir qatil tərəfindən öldürüldü. Pompeyin ordusunun qalıqları ilə savaşı başa çatdırmaq məqsədi ilə Sezar Misirə yola düşdü. O, Kleopatra ilə yaxınlaşdı və onun xahişi ilə rəqibi olan Pont çarı Fornakı cəmisi beş günə məğlub etdi. Sezar bu qələbə barəsində Romaya üç kəlməlik məlumat verdi: «Gəldim, gördüm, uddum!». Sürəkli vətəndaş müharibələri nəticəsində o, Roma Respublikasında bütün hakimiyyəti öz əlində cəmləşdirə bildi. Sezar özünü imperator elan etdi. O, ilk dəfə olaraq Roma sikkələri üzərində öz təsvirini yerləşdirdi. Lakin onun təkbaşına hakimiyyəti senatorların əksəriyyətinin narazılığına səbəb oldu. Başda dostu Mark Yuni Brut olmaqla ona qarşı respublikaçılar adlananlar sui-qəsd təşkil etdilər və e.ə. 44-cü ildə senatın yığıncağı zamanı Sezar öldürüldü.

Səfiəddin Əbdülmömin Urməvi (1216 -93) — Azərbaycan bəstəkarı. Bir sıra gözəl muğamlar yaratmışdır. Musiqi haqqında «Kitab əl-ədvar» («Musiqi dövrləri haqqında kitab») adlı əsərin müəllifidir. Musiqinin not yazısı sisteminin banisidir.

Səfəvilər — 1502 — 1736-cı illərdə Azərbaycanda və İranda azərbaycanlı şah sülaləsi. Sülalənin banisi I İsmayıl sülalənin öz adını götürdüyü şeyx Səfiəddinin nəslindəndir. Ən görkəmli nümayəndələri I Təhmasib, I Abbasdır. Səfəvilər sülaləsini Qacarlar sülaləsi əvəz etmişdir.

səfərbərlik — 1) ordu və hərbi-dəniz donanmasında ehtiyatda olan hərbi mükəlləfiyyətli vətəndaşların həqiqi hərbi xidmətə çağırılması; 2) dövlətin hərbi qüvvələrinin ehtiyacını daha yaxşı təmin etmək məqsədi ilə iqiisadiyyatın hərbi vəziyyətə keçirilməsi; 3) geniş mənada — hər hansı mühüm bir vəzifənin, kütləvi kampaniya və s.-nin yerinə yetirilməsi üçün qüvvə, vəsait və ehtiyatların cəlb edilməsi.

Səhhət Abbas (1874 — 1918) -Azərbaycan şairi, həkim. Mütərəqqi romantizmin nümayəndəsi. Əsas əsərləri «Xatırla» (1908), «Tərcümeyi-hal» (1918), «Oxuculara» (1912) şerləri, "Şair, şer pərisi və şəhərli" (1916) poemasıdır.

səhmlərin nəzarət paketi — müəssisənin işlərində sahibə faktik nəzarət imkanı verən səhmlərin sayı.

Səlahəddin Yusif ibn Əyyub (1138 — 93) — böyük müsəlman sərkərdəsi, Misir sultanı, Əyyubilər sülaləsinin banisi. Avropada onun adı Saladin kimi tələffüz edilirdi. Səlahəddin Tiqritdə (müasir İraq ərazisində) anadan olmuşdur. Mənşəcə kürd olan atası «Müqəddəs torpağ»ı (Fələstini) müsəlmanların əlindən almağa çalışan səlibçilərə (xaçlılara) qarşı vuruşan sərkərdə Nurəddinin türk qoşunlarında baş zabit idi. Səlahəddin əvvəllər Dəməşqdə ilahiyyatı öyrənmiş, sonra isə atasının yolu ilə gedərək hərbçi olmuşdur. O, artıq 30 yaşlarında Nurəddinin ordusunda əsas komandirlərdən biri idi. 1164-cü ildə Səlahəddinin rəhbərliyi ilə qoşunlar Misiri səlibçilərdən təmizlədilər. Nurəddinin ölümündən sonra Səlahəddinin özü baş komandan oldu və Misirin idarə edilməsini ələ aldı. 1174-cü ildə o, çevriliş nəticəsində Əyyubilər sülaləsinin əsasını qoydu. Mühüm vəzifələrə öz qohum və dostlarını təyin edən Səlahəddin ordunu gücləndirdi, donanma yaratdı və bütün Yaxın Şərqi öz hakimiyyətinə tabe etməyə başladı. Səlahəddin 12 il ərzində Suriya və İraqı tutdu, onun hakimiyyəti Fələstindəki xaçlı dövlətlərindən başqa, bütün bölgə ərazisinə yayıldı. Səlahəddin and içdi ki, səlibçiləri qovacaq və onlara qarşı müqəddəs müharibə -cihad elan etdi. 1187-ci il iyulun 4-də Hittin yaxınlığındakı döyüşdə Səlahəddin səlibçilərə zərbə endirdi. 1187-ci il oktyabrın 2-də o, 1099-cu ildən xaçlıların əlində qalan Yerusəlimi (Qüdsü) azad etdi. Lakin az sonra ingilis kralı Şirürəkli Riçardın başçılığı ilə səlibçilərin Fələstinə 3-cü xaç yürüşü başlandı. Donanmanın da dəstəklədiyi xaçlıların çoxsaylı ordusu mühüm Aqra qalasını tutdu. Lakin Səlahəddin öz qoşunlarını toplayıb xaçlıların Yerusəlimə hücumunun qarşısını aldı və düşmənin istifadə edə biləcəyi bütün ərzaq ehtiyatlarını məhv etdirdi. 1192 -ci il sentyabrın 2-də Riçard ilə Səlahəddin Suriyanın tutulmuş hissəsinin xaçlıların əllərində qalması və Yerusəlimin isə Səlahəddinin ixtiyarına keçməsi barəsində, eyni zamanda, xristianların şəhərin müqəddəs yerlərinə sərbəst gedib-gəlmələrinə icazə verilməsi haqqında 3 illiyə barışıq bağladılar. Dəməşqə qayıdandan sonra sarı qızdırmaya yoluxan Səlahəddin 1193-cü il martın 4-də öldü. Onun sərdabəsi şəhərin baş məscidinin yanında inşa edilmişdir.

səlcuqlar — islamı qəbul etmiş başçıları sərkərdə Səlcuqun adı ilə adlandırılmış (X əsrin sonları — XI əsrin əvvəlləri) türk oğuz tayfaları. XI əsrin 40 -80-ci illərində səlcuqlar başçıları Toğrul bəyin rəhbərliyi ilə Mərkəzi Asiyanın bir hissəsini, İranın çox hissəsini, Kürdüstanı, İraqı, Kiçik Asiyanı, Azərbaycanı, Ermənistanı, Gürcüstanı və bir sıra digər əraziləri fəth etdilər. Sultan elan edilmiş Toğrul bəy (1038 — 63) Səlcuqilər dövləti və Səlcuqilər sülaləsinin banisi oldu. Səlcuqlar 1055-ci ildə Bağdadı tutdular və Abbasilər sülaləsindən olan xəlifələr sultan Toğrul bəydən asılı vəziyyətə düşdülər. Malazgird döyüşündə (1071) bizanslıları ağır məğlubiyyətə uğradan sultan Alp Arslan (1063 — 72) Səlcuqilər dövlətini daha da möhkəmləndirdi. Səlcuqilər dövləti siyasi qüdrətinin yüksəlişinə Məlikşahın (1072 -92) dövründə çatmışdır. XI əsrin 40-cı illərindən Səlcuqilər dövlətində feodal pərakəndəliyi dövrü başlandı və o, atabəylər tərəfindən idarə olunan ayrı-ayrı sultanlıqlara parçalanmağa başladı. Səlcuqilər dövlətinin parçalanması zamanı yaranmış dövlətlərdən biri Azərbaycan atabəyləri tərəfindən idarə olunan Eldənizlər dövləti idi. 1096 — 99-cu illərdə salibçilər Fələstini və Kiçik Asiyanı Səlcuqilərdən ala bildilər. XII əsrdə xazəzmşahlar Səlcuqilərin hakimiyyəti altında olan İranı işğal etdilər. XIV əsrin başlanğıcında yalnız Konya sultanlığı Səlcuqilərin ixtiyarında qalmışdı.

sələmçilik — pul ssudasının faizlə verilməsi.

səlib yürüşləri (xaç yürüşləri) — 1096 — 1270-ci illərdə Avropa ölkələri və katolik kilsəsi tərəfindən Yaxın Şərqə (Suriya, Fələstin və Şimali Afrikaya) təşkil olunmuş yürüşlər. Səlib yürüşləri ideyasını 1095-ci ildə Roma papası II Urban Fransanın Klermon şəhərində elan etmişdir. Səlib yürüşlərinin əsas məqsədi Avropa feodallarının və katolik kilsəsinin Yaxın Şərq ölkələrini işğal etməklə yeni torpaqlar ələ keçirmək və öz gəlirlərini artırmaq idi. Səlib yürüşlərinin işğalçılıq məqsədləri «müqəddəsin qəbri»nin və «Müqəddəs torpağ»ın (Fələstinin) «kafirlər»dən (müsəlmanlardan) azad edilməsi kimi dini şüarlarla bəzədilmişdi. Səlib yürüşlərinin əsas qüvvəsini var-yoxdan çıxmış cəngavərlər təşkil edirdi. Birinci səlib yürüşü (1096 — 99) üçün bəhanə 1071-ci ildə səlcuq türklərinin Yerusəlimi tutmaları oldu. tlk səlib yürüşü xaçlılar tərəfindən Yerusəlimin səlcuq türklərindən alınması və Yerusəlim krallığının yaradılması ilə başa çatdı. İkinci səlib yürüşü (1147 — 49) üçün bəhanə 1144-cü ildə Şərqdə yaradılmış və Yerusəlim krallığından vassal asılılığında olan Edessa qraflığının səlcuq türkləri tərəfindən tutulması oldu. Üçüncü səlib yürüşü üçün bəhanə 1187-ci ildə Səlahəddin Əyyubinin Yerusəlimi xaçlılardan geri alması oldu. İkinci və üçüncü səlib yürüşləri nəticəsiz başa çatdı. Roma papası III İnnokentinin təşəbbüsü və Venesiya tacirlərinin qüvvəsi ilə təşkil olunan dördüncü səlib yürüşü (1202 — 1204) Bizansa qarşı yönəlmişdi və Konstantinopol xaçlılar tərəfindən tutulandan sonra 1204-cü ildə imperiyanın bir hissəsində səlibçilərin dövləti — Latın imperiyası yaradıldı. Beşinci (1217 — 21), altıncı (1228 — 29), yeddinci (1248 — 54) və səkkizinci (1270) səlib yürüşləri o qədər də əhəmiyyətli rol oynamamışdı. 1291-ci ildə Aqranın müsəlmanlara keçməsi ilə xaçlılar Yaxın Şərqdə əldə etdikləri torpaqlarını tamamilə itirdilər.

İşğal olunmuş Şərq ölkələrində yaşayan və onlarla ticarət edən avropalılar şərqlilərdən çox şeyi öyrəndilər: düyü, qarabaşaq, limon, ərik, qarpız və s.-ni Avropada əkib-becərməyə başladılar; qamışdan bişirilmiş şəkərdən ərzaq kimi istifadə etdilər; Şərqdən yel dəyirmanını işlətməyi öyrəndilər. Şərq mədəniyyətinin təsiri ilə avropalıların məişətində də böyük dəyişikliklər baş verdi — onlar yeməkdən əvvəl əllərini yumağa, yemək zamanı bıçaq və çəngəldən istifadə etməyə, isti hamamlarda çimməyə, alt və üst paltarlarını yuyub-dəyişməyə başladılar.

səlibçilər (xaçlılar) — səlib (xac) yürüşlərinin iştirakçıları. Paltarlarına qırmızı parçadan xaç işarəsi tikdiklərinə və səlib yürüşündə iştirak edəcəklərinə vəd verdiklərinə görə onları xaçlılar (səlibçilər) adlandırırdılar.

sənaye — əmək alətləri, eləcə də xammal və material, yanacaq və enerji istehsalı, ağac emalı və sənayedə alınmış və ya kənd təsərrüfatında hasil edilmiş məhsulun sonrakı emalı ilə məşğul olan müəssisələr məcmusu.

sənaye çevrilişi — məhsuldar qüvvələrin inkişafında manufakluradan maşınlı istehsala keçidlə baş verən sıçrayış; Ceyms Uattın buxar maşınının istifadəsi sayəsində mümkün olmuşdur. XVIII əsrin 60-cı — XIX əsrin 10 — 20-ci illərində İngiltərədə, sonra isə XIX əsr boyunca ABŞ, Fransa, Almaniya, İtaliya və Yaponiyada baş vermişdir.

sənətkarlıq — insanın müxtəlif məmulatların düzəldilməsindən ibarət istehsal fəaliyyəti formalarından biri. Qədim dövrlərdə — sənətkarın ustalığına əsaslanan sadə əmək alətlərinin istifadə olunması ilə əl istehsalı. Sənətkarlıq istehsalı üçün fərdi əmək fəaliyyəti forması xarakterikdir — sənətkar tək və ya cüzi sayda köməkçi ilə işləyir.

sərraf — qədimdə və orta əsrlərdə pul dəyişən, ona qiymət qoyan və ya onunla alver edən şəxs.

sfinks — Misir fironlarından birinin insan başlı uzanmış şir heykəli. Abidənin hündürlüyü 20 m-dən artıqdır. Sadə misirlilərdə sfinks qorxu hissi yaratdığından onlar həmin abidəni «dəhşət atası» adlandırmışlar.

Sıma Syan — e.ə. II əsrin sonu — I əsrin əvvəllərində yaşamış Çin tarixçisi. Çoxsaylı yazılı mənbələr əsasında ən qədim zamanlardan öz dövrünədək «Tarixə dair qeydlər» adı ilə Çin tarixini yazmışdır. Sıma Syanı "Çin tarixinin atası" adlandırırlar.

Sikkə — qızıl, gümüş, mis və ya bürüncdən zərb edilmiş (kəsilmiş) pul nişanı.

silk — malik olduqları hüquq və vəzifələri adət və ya qanuna görə təsbit olunmuş əhali qrupu.

silki monarxiya — monarxın hakimiyyətinin silki nümayəndəli yığıncağa arxalandığı mərkəzləşdirilmiş feodal dövləti. Silki monarxiya XIII — XIV əsrlərdə Avropanın əksər ölkələrində silklərin və silki nümayəndəli orqanların (İngiltərədə parlament, Fransada Baş Ştatlar, İspaniyada korteslər və s.) yaranması prosesində bərqərar olmuşdur. Silki monarxiya mərkəzləşdirilmiş dövlətin inkişafında ilk mərhələdir; bu dövrdə kral hakimiyyəti ölkəni silklərin yardımı olmadan idarə etmək üçün hələ kifayət qədər güclü deyildir. Silki monarxiyanı mütləq monarxiya əvəz etdi.

Sin — 1644 — 1911-ci illərdə Çin imperatorlarının mancur sülaləsinin adı.

Sin Şi-xuandi — Sin çarlığının hökmdarı (e.ə. 221-209). Sin Şi-xuandi zor və çeviklik sayəsində, ayrı-ayrı dövlətlər arasındakı düşmənçilikdən yararlanmaqla bütün Çini öz hakimiyyəti altına alır. E.ə. 221-ci ildə o özünü «birinci Sin hökmdarı» mənasını verən Sin Şi-xuandi elan edir. Sin Şi-xuandinin hakimiyyəti illərində Böyük Çin səddinin tikintisinə başlanılır. Sin Şi-xuandinin dövründə qanunverici və inzibati sistemlər təkmilləşdirilmiş, pul sistemində islahat keçirilmiş, yeni pullar — sikkəlar dövriyyəyə daxil edilmişdir. Onun dəfn edildiyi sərdabədə arxeoloqlar minlərlə döyüşçü heykəli aşkar etmişlər.

sindikat — eyni tipli məhsul istehsal edən müəssisələr birliyi. Sindikat üzvləri istehsal vasitələrinə mülkiyyət hüquqlarını və istehsal müstəqilliyini saxlayırlar. Sindikata daxil olan müəssisələr kommersiya müstəqilliyini itirir, həmin müəssisələrdə istehsal olunan məhsul sindikatın mülkiyyəti kimi bu məqsəd üçün yaradılmış vahid satış kontoru vasitəsilə satılır. Sindikata daxil olan müəssisələr kommersiya müstəqilliyini itirir, həmin müəssisələrdə istehsal olunan məhsul sindikatın mülkiyyəti kimi bu məqsəd üçün yaradılmış vahid satış kontoru vasitəsilə satılır.

«Sinuxet haqqında hekayə» — misirli əyanın səyahət və macəraları haqqında Qədim Misir hekayəti.

sionizm (Yerusəlimin yerləşdiyi təpələrdən birinin — Sionun adından) — XIX əsrin axırlarında Avropada yəhudi burjuaziyası arasında meydana gəlmiş və əsasında yəhudilərin müstəsnalığı və bütün yəhudilərin Fələstinə köçürülüb milli yəhudi dövlətinin yaradılması ideyası olan millətçi cərəyan. 1948-ci ildə İsrail dövlətinin yaradılmasından sonra sionizm İsrailin dövlət siyasətinin rəsmi ideologiyası və özülünü təşkil etdi.

sipahi (bir sıra hind dillərində «sipahi» — «döyüşçü») — Ost-Hind şirkətinin hindlilərdən cəlb elədiyi muzdlu əsgər.

sirk (lat. "çevrə") — Qədim Romada at yarışları üçün on minlərlə tamaşaçı tribunası olan ippodrom. Sirkdə yüngül döyüş arabalarına qoşulan dörd atla yarışlar keçirilirdi.

Siseron Mark Tulli (e.ə. 106 — 43) — Romada siyasi xadim, natiq və yazıçı. Respublika quruluşunun tərəfdarı.

Sisianov Pavel Dmitriyeviç (1754 -1806) — mənşəcə qədim gürcü zadəgan nəslindən olan knyaz, rus generalı. Sisianov İmereti və Meğrelinin (Gürcüstan) işğalına rəhbərlik etmişdir. 1802-ci ildən Qafqazdakı rus qoşunlarının baş komandanı; Car-Balakən camaatının, Gəncə və Şamaxı xanlıqlarının işğalına rəhbərlik etmişdir. 1805-ci il Kürəkçay müqaviləsinin şərtlərinə görə, Qarabağ və Şəki xanlıqlarının Rusiya imperiyasının himayədarlığını qəbul etmələrinə nail olmuşdur. Qafqaz xalqlarına nifrətlə yanaşan Sisianov onlara qarşı qəddarlığı ilə də fərqlənirdi. Azərbaycanın Rusiya tərəfindən işğalı zamanı onun Azərbaycan xanlarına göndərdiyi təhqiredici məktubları da bunu sübut edir. Bakılı Hüseynqulu xanla danışıqlar zamanı xanın qardaşı İbrahim bəy tərəfindən 1806-cı il fevralın 8-də öldürülmüşdür.

situasiya — hərfi mənada «vəziyyət» "şərait" bildirir.

sivilizasiya — 1) mədəniyyətin sinonimi; 2) maddi və mənəvi mədəniyyətin səviyyəsi, inkişaf mərhələsi (antik sivilizasiya, müasir sivilizasiya); 3) barbarlıqdan sonra gələn ictimai inkişaf səviyyəsi.

siyasi avantürizm — ictimai qanunauyğunluğu, real şəraiti və qüvvələr nisbətini nəzərə almayan siyasi fəaliyyət. Belə siyasət bir qayda olaraq iflas və məğlubiyyətlə nəticələnir.

siyasət (or.) — 1) məmləkəti idarə eləmək və beynəlxalq münasibət sahəsində hər hansı bir dövlətin fəaliyyəti; 2) bir dövlət, partiya, idarə və ya şəxsin öz işində tutduğu müəyyən istiqamət; 3) məcazi mənada — hiylə, kələk.

skalp — bir sıra xalqların hərbi adətinə görə, öldürülmüş (tək-tək hallarda sağ) düşmənin başından qənimət kimi tükü ilə birlikdə soyulub çıxarılmış dərisi. Qallarda və skiflərdə də mövcud olmuşdur. XVII — XIX əsrlərdə Şimali Amerika hindilərinin yalnız az qisminə məlum olan skalp çıxarmaq adəti digər hindi qəbilələri arasında da yayıldı; belə ki, ingilis və fransız müstəmləkəçiləri hindi «müttəfiqlər»inə düşmən qəbilənin döyüşçülərinin skalpı üçün pul verməyə başlamışdılar.

skiflər — Qara dənizin şimal sahillərində məskunlaşmış qədim tayfalar (e.ə. VII — eramızın III əsrləri). Skif tayfaları "çar", «köçəri» və "əkinçi«lərə bölünürdülər. Skiflərin təsərrüfatları: köçəri maldarlıq, əkinçilik, metal emalı, Qara dənizin şimal sahillərindəki antik şəhərlərlə ticarət. E.ə. 512-ci ildə Əhəməni hökmdarı I Daranın başçılığı ilə böyük qoşun skiflərə qarşı yürüş etdi. Skif qoşunları Daranın ordusunu aldadaraq şərqə doğru içərilərə Azov dənizinin boş səhra sahillərinə qədər irəliləməyə şirnikləndirdilər və burada mühasirəyə alınmaq təhlükəsini hiss edən farslar öz yaralılarını da ataraq tezliklə geriyə qaçmağa başladılar. E.y. IV əsrdə skiflər Qara dənizin şimal sahillərində özlərinin Skif dövlətini (paytaxtı — Skif Neapolu şəhəri) yaratdılar. Qotlar Skif dövlətini dağıtdıqdan sonra skiflər digər tayfalarla qaynayıb-qarışmışlar. Skiflərin bir çox şəhərgahları və kurqanları qalmışdır. Bunlardan ən məşhurları Soloxa, Külöba, Tolstaya mogila və Çertomlıkdır.

skvatter — özgə torpaqlarını -özbaşına tutmaqla məşğul olan silahlı köçkün. XVII -XIX əsrlərdə ABŞ-ın şimal-qərbində, habelə Avstraliyada kənd təsərrüfatında kapitalizmin inkişafının fermer və ya Amerika yolunun formalaşmasında böyük rol oynamışdır.

slavyanlar — eramızın əvvəllərində germanlarla yanaşı, slavyan tayfaları Visla çayı hövzəsində və ondan şərqdə yaşayırdılar. I-II əsrlərin antik müəllifləri onları „venedlər“ adı ilə göstərmişlər. Slavyanlar qəbilə icmasında yaşayırdılar. Slavyanların əsas məşğuliyyəti əkinçilik idi; onlar meşələri qınr, hazırlanan əkin sahəsində ağacların kötüklərini yandırır, sonra isə külündən gübrə kimi istifadə edirdilər. Onlar həm də ovçuluq, balıqçılıq və meşə arıçılığı ilə məşğul olurdular. IV — VI əsrlərdə slavyan tayfalarının Elba çayından xeyli qərbə, elecə də cənuba -Balkan yarımadasına doğru yerdəyişməsi baş verdi. VI əsr Bizans tarixçiləri cənubi slavyan tayfalarını sklavinlər (slavenlər), Şərqi slavyanları isə antlar adlandırırdılar.

Sotokl — Afinanın e.ə. V əsrdə ən böyük faciə yazarlarından biri. 123 pyes yazmış, onlardan yalnız yeddisi dövrümüzə çatmışdır. Ən məşhur əsərləri »Antiqona", «Tiran Edip», «Elektra». Afinada faciə yazan şairlərin yarışında dəfələrlə qələbə çalmışdır.

Solon — mənşəcə aristokrat, lakin kasıb ailədən olan Afina islahatçısı. 594-cü ildə Afinanın doqquz çarından biri olan Solon bir çox yeni qanunlar qəbul etdi. Kəndlilərin borcları ləğv olundu. Borca görə köləliyə düşmüş afinalılar dövlət hesabına köləlikdən azad edildilər və bundan sonra gələcəkdə afinalıları borca görə qula çevirmək qadağan olundu. Solon əmlaklarının miqdarından asılı olaraq Afina vətəndaşlarını dörd dərəcəyə böldü. Solon yeni məhkəmə təşkil etdi, xalq yığıncağında qərarların qəbul olunması üsulunu dəyişdirdi. O, Afinada da ticarətdə digər yerlərdəki kimi pul tətbiq etdi və bu, ticarətin və sənətkarlığın inkişafına təkan verdi. Solon öz islahatları ilə Afina demokratiyasının əsaslarını qoydu.

sosiologiya — ümumən cəmiyyət, ayrı-ayrı ictimai institutlar (dövlət, hüquq, əxlaq və s.), ictimai qruplardakı proseslər haqqında elm. Sosioloqlar münaqişələrin nizamlanması vasitələrini və daha rasional idarəetmə və təşkilatçılıq üsullarını işləyib hazırlamağa cəhd göstərirlər.

«soyuq müharibə» — İkinci Dünya müharibəsindən sonra meydana çıxmış məfhum. Kapitalist və sosialist ölkələri arasında qarşıdurma siyasətini ifadə etmək üçün istifadə olunmuşdur; hazırda böyük dövlətlərin maraqları toqquşduqda işlədilir. «Soyuq müharibə» siyasətinin ünsürləri hələ İkinci Dünya müharibəsi başa çatmamış təzahür etmişdi. 1946-cı il martın 5-də ABŞ-ın Fulton şəhərində Böyük Britaniyanın keçmiş baş naziri U.Çörçillin çıxışı ilə Qərb açıq şəkildə «soyuq müharibə»yə başladı. «Soyuq müharibə»nin/ proqramı, əslində, elə bu çıxışda izhar olunurdu. 1947-ci ildə Çörçill Qərbi Avropa ölkələrinin SSRİ-yə qarşı yönəlmiş hərbi blokunun yaradılması layihəsi ilə çıxış etdi. «Soyuq müharibə» üçün güc işlətmək təhlükəsi, öz baxışlarını diktə etməyə çalışmaq, iqtisadi blokada cəhdləri, əks tərəfə qarşı pozuculuq fəaliyyəti və psixoloji müharibə aparmaq istəkləri, hərtərəfli silahlanmaya girişmək və hərbi hazırlıqlar görmək, təcavüzkar bloklar və ittifaqlar yaratmaq səciyyəvidir.

soyurqal — Qaraqoyunlu və Ağqoyunlu padşahları tərəfindən hərbi xidmətdə olanlara — feodal və əmirlərdən tutmuş sıravi döyüşçülərə qədər hər kəsə verilən şorti torpaq mülkiyyəti. Soyurqalı irsən də vermək mümkün idi, amma bunun üçün onun sahibi mütləq orduda xidmət etməli idi. Soyurqal vergilərdən, məhkəmədən və mərkəzi hakimiyyət idarəçiliyindən azad idi.

Sparta — e.ə. II minilliyin sonlarında Qədim Yunanıstanın Peloponnes yarımadasının cənub-şərqində yerləşən Lakonika vilayətinə soxulmuş dori tayfaları tərəfindən yaradılmış polis. Sparta vətəndaşlarını spartalılar və ya spartiatlar adlandırırdılar, Spartada çağırılan xalq yığıncaqlarında yalnız spartalılar iştirak edə bilərdilər. Onlar Spartanı idarə edən ağsaqqallar şurası və iki çar seçirdilər. E.ə. VII əsrdə spartalılar Messeniya vilayəlini tutdular. Tutulmuş əyalətlərin yerli sakinləri ilə müqayisədə spartalılar azsaylı idilər, yalnız onların tam hüquqları var idi, qalanları isə ya hüquqsuz ilotlara, ya da tam hüququ olmayan sənətkarlara və tacirlərə çevrilmişdilər. Spartalıların əsas peşəsi hərbi xidmət idi. Spartalılar döyüşdə falanqa düzümündən istifadə edirdilər. E.ə. V əsrin sonlarında Peloponnes müharibəsində Afina üzərində qələbə çalan Sparta Yunanıstanın ən güclü şəhər-dövləti oldu. Lakin e.ə. 221-ci ildə Makedoniya ordusunun Sellasiya döyüşündəki qələbəsindən sonra Spartanın qüdrəti sarsıldı və o, Makedoniya monarxiyasının təsiri altına düşdü. E.ə. 146-cı ildə Sparta Romanın Axey əyalətinin müttəfiqinə çevrildi. Eramızın 395-ci ilində Alarixin başçılıq etdiyi qotlar onu dağıtdılar.

Sparta təlimi — e.ə. VIII — VI əsrlərdə Spartada vətəndaşların uşaqlarının tərbiyəsi üzrə dövlət sistemi. 7-20 yaşlarında olan oğlan uşaqları bir növ məktəb-kazarmalarda, öz valideynlərindən ayrı yaşayır, burada hərbi hazırlıq keçir, güləş və yumruq savaşı öyrənirdilər. Onlarda dözümlülük, məhrumiyyətlərə vərdişlik yaradılırdı. Onlara bir qədər də oxumaq, yazmaq, hesab, fleytada çalmaq və xorda oxumaq öyrədilirdi. Oğlan uşaqları öz komandirlərinin əmrlərini sözsüz yerinə yetirməli idilər. Kiçik səhvə və ya itaətsizliyə görə onları qamçılayırdılar. Onlar yalnız böyüklərin icazəsi ilə danışa bilərdilər. Oğlanlar təlimin sonunda xüsusi şəkildə imtahan verməli idilər — onlardan hər biri bir ilot öldürməli idi. Qızlar evlərdə tərbiyə olunurdu. Onların təliminə qaçmaq, güləş, disk və nizə atmaq da daxil idi. Həm oğlanlara, həm də qızlara lakonik danışmağı öyrədirdilər.

Spartak — mənşəcə Balkan yarımadasının cənub-şərqində yaşayan Frakiya tayfalarından idi. O, romalılar tərəfindən əsir götürülmüş, qaçmağa cəhd etdiyindən qladiatorluğa göndərilmişdir. Spartakın olduğu qladiator məktəbi böyüklüyünə görə İtaliyanın ikinci şəhəri olan Kapuyada yerləşirdi və türməyə oxşayırdı. Qladiatorlar gücü, ağlı və şücaəti ilə fərqlənən Spartakın rəhbərliyi altında qaçmağı qərara aldılar. Keşikçilər bundan xəbər tutsalar da, qladiatorların bir qismi qaçaraq Vezuvi dağında gizlənə bildi. Zəngin malikanələrə və yoldan ötən arabalara basqın edən qaçmış qladiatorlar düşməndən ələ keçirdikləri silahlarla silahlanmışdılar. Ətraf malikanələrdən olan qullar da Spartaka qoşulmağa başladılar. Beləliklə, e.ə. 74-cü ildə qədim dövrün ən iri üsyanı baş verdi. Üsyançılara qarşı xırda dəstə göndərildi və o, tezliklə darmadağın edildi. Belə olduqda senat 3 minlik qoşunu onlara qarşı göndərdi. Romalılar Vezuvinin zirvəsinə gedən yeganə cığırı tutdular. Üzüm tənəklərindən nərdivan hörən üsyançılar sıldırım yarğandan aşağı düşərək

Roma qoşunlarını darmadağın etdilər. Bundan sonra Spartak qısa müddət ərzində Roma qoşunları nümunəsində üsyançılardan ibarət 60 minlik döyüş qabiliyyətli ordu yaratdı. Üsyançıların əsas qüvvələri sürətlə Alp dağlarına doğru irəlilədi ki, İtaliya ərazisindən çıxa bilsinlər. Kriksin başçılığı ilə 10 minlik üsyançı dəstəsi isə İtaliyadan getmək istəmədi, üsyançıların əsas qüvvəsindən ayrıldı və sonra romalılar tərəfindən məhv edildi. Po çayının vadisində üsyançıların üzərinə göndərilən hər iki konsulun qoşunlarını Spartak ayrı-ayrılıqda darmadağın etdi. Azadlığa yol açılmışdı, lakin üsyançılar geriyə dönərək əvvəlki yolla İtaliyanın cənubuna doğru irəlilədilər. Yəqin ki, onların çoxu İtaliyanı tərk etmək istəmirdi. Roma qoşun dəstələri Spartakın dostələri yaxınlaşan zaman qorxu içərisində qaçmağa başlayırdı. Romalılar təşviş və qorxu içərisində idilər: Hannibalın dövründən Roma dövləti belə təhlükəli vəziyyətə düşməmişdi. Yeni qoşun təşkil olundu və sərkərdə Krass başçı təyin edildi; daha iki sərkərdəyə — İspaniyada olan Pompeyə və Makedoniya əyalətinin canişini Lukulla senatın əmri göndərilmişdi ki, qoşunları ilə Krassın köməyinə gəlsinlər. Krass Roma qoşunlarında nizam-intizamı bərpa etdi. Spartak isə bu vaxta qədər öz qoşunlarını İtaliyanın cənub-qərb burnuna gətirdi və Siciliya adasına keçməyə cəhd göstərdi. Pul müqabilində üsyançıları boğazdan keçirməyə vəd verən dəniz quldurları isə sonda onları aldatdılar. Üsyançılar sallar düzəltdilər, amma tufan onları dənizə apardı. Krass burundan yeganə yolun gəldiyi ensiz bərzəxi tutdu, onun döyüşçüləri burada dərin xəndək qazdılar və hündür torpaq aşırımı düzəltdilər. Üsyançılar tələyə düşdülər, aclıq başlandı. Üsyançılara müraciət edən Spartak dedi: «Dəmirdən ölmək aclıqdan ölməkdən yaxşıdır». İstehkamlara hücum edən üsyançılar onları keçə bilsələr də, onların 2/3-si həlak oldu. Bundan sonra üsyançıların bir hissəsi yenidən Spartakdan ayrıldı. Qəflətən onlara hücum edən Krass hamısını qırdı. Bu zaman Lukullun qoşunları İtaliyaya çıxdı, Pompeyin legionları isə artıq çatmaqdaydı. Roma ordularının birləşməsinə imkan verməmək üçün Spartak Krassın qoşunları ilə döyüşmək qərarına gəldi. E.ə. 71-ci ildə Brundizi şəhəri yaxınlığında Spartakın son döyüşü oldu; mərdliklə vuruşan üsyançıların qüvvələri artıq tükənmişdi, üstünlük romalıların tərəfində idi. Üsyançıların qoşunları darmadağın edildi, qalıqları isə qaçmağa başladı. Özünü yetirən Pompeyin legionları üsyançıların qalıqlarını qırdılar. Əsir düşmüş altı min üsyançını Kapuyadan Romaya gedən Appi yolu boyunca dar ağaclarında çarmıxa çəkdilər. Roma dövləti yalnız bütün qüvvələrini səfərbər etməklə Spartak üsyanını (e.ə. 74-71) yatıra bildi.

spekulyasiya — malların, qiymətli kağızların və digər oşyaların süni qıtlıq yaradılması məqsədi ilə sonradan daha baha qiymətə satılması üçün alınması və satışı.

Ssipion Afrikalı (böyük) — böyük Roma sərkərdəsi (e.ə. 237 — 183). II Pun müharibəsində əvvəlcə e.ə. 209 — 206-cı illərdə Karfagen qoşunlarını İspaniyada əzişdirdi, sonra isə e.ə. 204-cü ildə qoşunları ilə Afrikaya çıxdı və e.ə. 202-ci ildə Zama yaxınlığındakı döyüşdə Hannibalın qoşununu məğlub etdi. Karfagenə qaçan Hannibal sülh bağlanmasını istədi. Beləliklə, e.ə. 201-ci ildə II Pun müharibəsi başa çatdı. Afrikanı tutduğuna görə senat Ssipiona «Afrikalı» fəxri titulunu verdi.

Ssipion Afrikalı (kiçik) — Roma sərkərdəsi. E.ə. 146-cı ildə Karfageni tutub dağıtmış, III Pun müharibəsini başa çatdırmışdır.

SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı; 1922 — 91) — totalitar dövlət, 1922-ci il dekabrın 30-da bolşeviklər tərəfindən yaradılmışdır. Formal olaraq onun təsisçiləri Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR), Ukrayna Sovet Sosialist Respublikası (Ukrayna SSR), Belorusiya SSR və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) sayılır (sonuncuya Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR daxil idilər). O dövrdə bu «müstəqil» respublikaların hamısının ərazisində Rusiya Qırmızı Ordusunun hissələri yerləşirdi. 1925-ci ildə Özbəkistan SSR-lə Türkmənistan SSR SSRİ tərkibinə daxil oldular, 1929-cu ildə Tacikistan SSR, 1936-cı ildə isə Qazaxıstan SSR və Qırğızıstan SSR yaradıldı. 1936-cı ildə ZSFSR ləğv edildi və Azərbaycan, Ermənistan və Gürcüstan SSR birbaşa SSRİ-nin tərkibinə daxil oldular. 1940-cı ildə Rumıniyadan qoparılmış Bessarabiya Moldaviya MSSR-lə birləşdirildi və Moldaviya SSR yaradıldı. 1940-cı ildə Latviya, Litva və Estoniya SSR SSRİ-yə birləşdirildi. SSRİ-nin ərazisi 22,4 mln. km2 idi. SSRİ-nin tərkibində 15 müttəfiq respublika — Azərbaycan, Belorusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Latviya, Litva, Moldaviya, Rusiya (RSFSR), Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Estoniya; habelə 20 muxtar respublika, 8 muxtar vilayət, 10 muxtar dairə, 127 diyar və vilayət olmuşdur. SSRİ-də 100-dən artıq millət və xalq yaşayırdı. Milli sərhədlər elə müəyyənləşdirilmişdi ki, bir sıra xalqlar ayrı-ayrı milli dövlət qurumlarına düşərək bir neçə yerə parçalanmışdılar, bəziləri isə özlərinin istəyindən asılı olmadan digər qurumlarda birləşdirilmişdilər. SSRİ-nin bir sıra çoxsaylı xalqlarının, ümumiyyətlə, milli dövlət qurumları yox idi. Bütün bunlar milli münaqişələr üçün zəmin yaratdı. 1990-cı ildə SSRİ-nin əhalisi 280 mln. nəfər idi. XX əsrin 20-ci illərində SSRİ-də yeni iqtisadi siyasət həyata keçirilirdi. 1920-ci illərin sonu — 30-cu illərin əvvəllərində Stalin yeni iqtisadi siyasəti ləğv etdi və zorakı kollektivləşdirmə və sənayeləşdirmə yolunu tutdu. Ölkədə mədəni inqilab başlandı. 1930-cu illərin əvvəllərində Stalin kütləvi repressiyalara başladı. SSRİ-də inzibati amirlik idarə sistemi formalaşdı. Geniş reklam edilən, lakin qeyri-real olan 5 illik planlar yerinə yetirilmədi. 1939-cu il avqustun 23-də SSRİ ilə faşist Almaniyası bir-birinə hücum etməmək haqqında pakt imzaladı. Bununla da Şərqi Avropanı nüfuz dairəsinə böldülər. İkinci Dünya müharibəsinin başlanması Stalinə ərazi işğallarını həyata keçirməyə imkan verdi — SSRİ və Almaniya faktik olaraq Polşanı öz aralarında bölüşdürdülər; Qırmızı Ordu Estoniya, Latviya və Litvanı işğal etdi; SSRİ — Finlandiya müharibəsi başlandı və Leninqrad ətrafındakı torpaqlar zəbt olundu; Almaniyanın razılığı ilə Bessarabiya Rumıniyadan qoparıldı. 1941-ci il iyunun 22-də Almaniya SSRİ üzərinə hücum etdi, Böyük Vətən müharibəsi başlandı. SSRİ-nin müasir müharibəyə hazır olmaması lap əvvəldən özünü büruzə verdi. Alman qoşunları 5 — 6 ay ərzində Belorusiya, Ukrayna, Pribaltika ərazilərini işğal edib Leninqradı mühasirəyə aldılar və Moskvaya yaxınlaşdılar. SSRİ, ABS və Böyük Britaniya antifaşist koalisiyası yaratdılar. Bütün sovet xalqlarının qüvvələrinin səfərbər olunması nəticəsində Qırmızı Ordu Moskva yaxınlığında alman qoşunlarını məğlub etdi, Stalinqrad və Kursk yaxınlığında döyüşlərin gedişini öz xeyrinə dəyişdi. Müharibə 1945-ci ildə faşist Almaniyası və Yaponiyanın darmadağın edilməsi ilə başa çatdı. İkinci Dünya müharibəsindən sonra Yalta (Krım) və Potsdam konfranslarının qərarlarına uyğun olaraq Almaniya Köniqsberqi ətraf rayonları ilə birlikdə (Şərqi Prussiya) SSRİ-yə verdi və o, Kalininqrad vilayətinə çevrildi, Polşa Ukraynanın Karpatyanı ərazilərini, Finlandiya Petsamonu, Yaponiya Cənubi Saxalini və Kuril adalarını SSRİ-yə verdi. Müharibə illərində SSRİ 20 milyon nəfər insan və milli sərvətinin 30%-ni itirdi. Müharibədən sonrakı dövrdə azad olunmuş və yeni zəbt edilmiş torpaqlarda bərpa işlərinə başlanıldı. Aşağı əmək haqqı alan əhali həm də istiqrazların məcburi yayılması yolu ilə dövlət tərəfindən daim qarət olunurdu. Stalinin ölümündən sonra hakimiyyətə gəlmiş Xruşşov sələfini şəxsiyyətə pərəstişdə günahlandırdı və siyasi məhbusların bir qismini azad etdi; ölkədə qısamüddətli «mülayimləşmə» dövrü başlandı. Xruşşovun göstərişi ilə 1956-cı ildə sovet qoşunları xalq inqilabını yatırmaq üçün Macarıstana daxil oldu. Xruşşovun hakimiyyəti subyektivizm və volyuntarizm ilə xarakterizə olunur. 1961-ci ildə SSRİ-də pulların denominasiyası keçirildi və bu, yenidən bahalanmaya səbəb oldu. Sovet nüvə raketlərinin Kubada yerləşdirilməsi 1962-ci ildə Karib böhranına səbəb oldu. Xruşşovun dövründə SSRİ ilk dəfə olaraq xaricdən taxıl almağa başladı. 1964-cü ildə o, Brejnev tərəfindən vəzifəsindən uzaqlaşdırıldı. Brejnev SSRİ iqtisadiyyatında başlanmış islahatları yarımçıq dayandırdı. 1968-ci ildə Çexoslovakiyada xalq inqilabını boğmaq məqsədi ilə sovet qoşunları «Beynəlmiləl yardım» adı ilə ora yeridildi. Külli miqdarda neft dollarlarının ölkəyə daxil olması hesabına xalqın rifahı müəyyən müddətə bir qədər yüksəldi. Lakin neft dollarları Brejnev başda olmaqla partiya rəhbərliyi tərəfindən israfçılıqla xərcləndi. 1979-cu ildə sovet qoşunları yenidən «Beynəlmiləl yardım» adı ilə Əfqanıstana yeridildi. Bundan sonra iqtisadiyyatda durğunluq dövrü başlandı. 1980-ci illərin əvvəllərində SSRİ-də ət, yağ, sonra isə şəkər, kibrit və s. satışına talon sistemi tətbiq edildi. Andropovun və Çernenkonun qısamüddətli hakimiyyətlərindən sonra 1985-ci ildə Qorbaçov hakimiyyətə gəldi. O, SSRİ-də iqtisadiyyatın və sosial-mədəni inkişafın «sürətləndirmə konsepsiyası» ilə çıxış etdi və bunu «yenidənqurma» adlandırdı. Lakin onun həyata keçirilməsi mexanizmi düşünülmədiyindən yeni qanun və qərarlar gözlənilən nəticəni vermədi.

Uğursuzluqların əsas səbəbi Sov.İKP rəhbərliyi və aparatı tərəfindən islahatların gizli boykot edilməsi idi. 1987-ci ilin yanvarında Qorbaçov «aşkarlıq» xəttini elan etdi. Qorbaçovun təşəbbüsü ilə başlanan spirtli içkilər əleyhinə kampaniya nəticəsində dövlət xəzinəsinə 36 milyard rubl zərər dəymişdir. 1987 — 88-ci illərdə SSRİ-nin müxtəlif bölgələrində milli münaqişələrdən ibarət «qaynar nöqtələr» meydana çıxdı. İlk münaqişələrdən biri də Daqlığ Qarabağ üstündə baş verdi. Qorbaçov 1989-cu ilin martında SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri oldu və Sov.İKP-nin cəmiyyətdəki inhisarını ləğv etməyə başladı. SSRİ-də orta və uzaqmənzilli nüvə başlıqlı raketlərin ləğvi prosesi başlandı. 1989-cu ildə Qorbaçov sovet qoşunlarını Əfqanıstandan çıxartdı. Əfqanıstana silah satışının dayandırılması haqqında SSRİ ilə ABŞ arasında razılaşma əldə edildi. Bu illərdə SSRİ-də iqtisadiyyatın dağılması başlandı — inflyasiya artdı, pulların əmtəə ilə təminatı pisləşdi, «qara bazar»ın qiymətləri həlledici rol oynamağa başladı, cəmiyyətdə sosial gərginlik artdı, daimi böhranlar, ayrı-ayrı malların tapılmaması bunu daha da gərginləşdirdi. 1989-cu ildən SSRİ-də şaxtaçıların tətilləri başlandı. 1989 — 90-cı illərdə Qorbaçov hökuməti müttəfiq respublikaları güc ilə SSRİ tərkibində saxlamağa çalışırdı. Onun göstərişi ilə Vilnüs (Litva), Tbilisi (Gürcüstan) və Bakıya sovet qoşunları yeridildi, dinc əhaliyə qarşı silah işlədildi. 1990-cı ildə hökumət bazar iqtisadiyyatına keçidə hazırlaşmağa başladı. Qorbaçovun zor gücünə SSRİ-ni qoruyub saxlamaq cəhdləri baş tutmadı. 1990-cı ildə Litva SSRİ-dən çıxması haqqında bəyanat verdi. Sonra müttəfiq respublikalar bir-birinin ardınca özlərinin suverenliyi və müstəqilliklərinin bərpa olunması haqqında bəyanatlar verməyə başladılar və öz prezidentlərini seçdilər. 1990-cı ilin ortalarında Qorbaçov yeni ittifaq müqaviləsinin zəruriliyi haqqında danışmağa başladı. 1991-ci ilin martında SSRİ-nin bərabərhüquqlu suveren respublikalardan ibarət yeniləşmiş federasiya şəklində saxlanılması ilə bağlı ümumittifaq referendumu keçirildi. Səsvermədə iştirak edənlərin 3/4-ü SSRİ-nin saxlanılmasına səs verdi. Apreldə SSRİ prezidenti ilə 9 respublikanın rəhbərləri Moskva yaxınlığındakı Novo-Oqaryovoda yeni ittifaq müqaviləsinin protokolunu imzaladılar. Avqustun 19 — 21-də Moskvada «avqust qiyamı baş verdi və bundan sonra Qorbaçov faktik olaraq hakimiyyətdən kənarda qaldı, respublika rəhbərləri isə səlahiyyətləri öz əllərinə aldılar. „Avqust qiyamı“ndan sonra Moskvada DTK-nın fəaliyyəti dayandırıldı, Sov.İKP-nin isə varlığına son qoyuldu. Əvvəllər ittifaq müqaviləsinə qoşulmaq istəyən respublikalar da özlərinin müstəqilliyini elan etdilər. Noyabrın 14-də Qorbaçov ilə 7 respublikanın rəhbərləri yenidən dövlətlərarası birlik — »Suveren Dövlətlər İttifaqı" yaratmaq üçün toplaşdılar, lakin hazırlanmış müqavilə respublikalarda geniş etirazla qarşılandığından onu yalnız Qorbaçov imzaladı. Dekabrın 8-də Rusiya Federasiyası, Ukrayna və Belorusiya prezidentləri Müstəqil Dövlətlər Birliyi (MDB) yaratmaq haqqında müqavilə imzaladılar. Dekabrın 21-də Alma-Atada 9 respublikanın rəhbərləri SSRİ-nin varlığına son qoyulması haqqında bəyanat qəbul etdilər. Dekabrın 25-də Qorbaçov SSRİ prezidenti vəzifəsindən istefaya getdi. 1991-ci il dekabrın 26-da çağırılması mümkün olan SSRİ Ali Sovetinin iki palatasından biri — Respublikalar Şurası SSRİ-nin varlığına son qoyulması haqqında formal bəyanat qəbul etdi. Beləliklə, sovet imperiyası dağıldı.

staqnasiya — istehsalda, ticarətdə və s.-də durğunluğu bildirən iqtisadi məfhum.

Stalin (ləqəbi; əsl adı İosif Vissarionoviç Cuqaşvili; 18791953) SSRİ rəhbərlərindən biri, generalissimus. Cənubi Qafqazda 1905-1907-ci illər inqilabının iştirakçısı. Rusiyada Oktyabr çevrilişinin təşkilatçılarından olmuşdur. 1922-ci ildən ÜİK(b)P MK-nın baş katibi. 1941-ci ildən Dövlət Müdafiə Komitəsinin (DMK) sədri. Qanunçuluğun kobud pozuntularına yol vermiş, SSRİ-də şəxsiyyətə pərəstiş yaratmış və repressiyalar (terror) keçirmişdir.

status — vətəndaşın, hüquqi şəxsin hüquqi vəziyyəti.

status-kvo — müəyyən dövrə mövcud olan və ya mövcud olmuş faktik və ya hüquqi vəziyyət. «Status-kvonun bərpa edilməsi» dəyişiklikdən əvvəl mövcud olan vəziyyətə qayıtmağı bildirir.

statut — 1) dövlətdaxili və beynəlxalq təsisat və təşkilatların təşkili və fəaliyyən qaydalarını müəyyənləşdirən müddəa, nizamnamə; 2) Böyük Britaniya və ABŞ-da qanunverici aktlar; 3) hər hansı bir təltifin verilməsi, təsviri və s. haqqında nizamnamə, qayda.

stela — daş üzərində oyulmuş relyef təsvirli yazı, kitabə.

stil (incəsənətdə) — müəyyən dövr və cərəyanda incəsənətin uzlaşan xarakterik xüsusiyyətləri.

Strabon — qədim yunan coğrafiyaşünası və tarixçisi (e.ə. I əsr — eramızın T əsri). 17 kitabdan ibarət «Coğrafiya» əsərini yazmışdır. Burada o, imkan daxilində təsvir etdiyi ölkələrin coğrafi mövqeyini, təsərrüfatını, adətlərini, dini görüşlərini və başqa xüsusiyyətlərini əks etdirməyə çalışmışdır. Strabonun «Coğrafiya»sının on birinci kitabının xeyli hissəsi Azərbaycanın ərazisinə həsr olunmuşdur. Bu kitabda ölkəmizin ərazisində yaşamış tayfalar haqqında qiymətli məlumatlar vardır.

strateq — Qədim Afinada sərkərdə. E.ə. VI əsrin sonlarından hər il on strateq seçilirdi. Bu vəzifələri tutmaq hüququna yalnız ilk üç dərəcədən olan varlı və zəngin vətəndaşlar malik idilər. Strateqlər polisin (şəhərin) siyasətinə böyük təsir göstərir və onu idarə edirdilər (məs.: Perikl).

streleslər — XVI əsr — XVIII əsrin əvvəlində Rus dövlətində daimi qoşunları təşkil edən xidməti adamlar; odlu silahla silahlanmış piyada döyüşçü. Pul, çörək, bəzənsə torpaqla məvacib alırdılar. XVII əsrin axırlarında streles üsyanları baş vermişdir. Streles qoşunları I Pyotr tərəfindən nizami ordu yaradılması ilə ləğv olunmuşdur.

Stüartlar — Şotlandiya (1371 — 1714) və İngiltərədə (1603 — 49, 1660 -1714) kral sülaləsi.

Suasson — 486-cı ildə Suasson yaxınlığındakı döyüşdə Xlodviqin başçılığı ilə salik (sahil) franklarının qoşunları Qalliyada keçmiş Roma canişininin qoşunlarını darmadağın etdi və bundan sonra franklar Qalliyanın Çox hissəsini özlərinə tabe etdilər.

subsidiya — pul müavinəti, pul yardımının göstərilməsi. Ssudadan forqli olaraq subsidiya geriyə qaytarılmır.

sultan — müstəqil dini hökmdarın titulu. Quranda «sultan» titulu «hakimiyyət», «qüdrət», "əzəmət" mənasında istifadə olunur. X əsrdən etibarən hökmdarları məcazi olaraq onların «böyüklüyü» mənasında sultan adlandırırlar, lakin Səlcuqilər dövründə «sultan» məlik və ya əmirlə müqayisədə daha yüksək, İran sahənşahına uyğun gələn titula çevrilir. Osmanlı imperiyasında dövlətin ali hökmdarı. XIV — XIX əsrlərdə Azərbaycanda və İranda rütbəcə xandan aşağıda duran xırda ərazi başçısı.

sultanlıq — Azərbaycanda xandan asılı olan və sultanın idarə etdiyi xırda mülk. XVIII əsrin 40-cı illərindən Azərbaycan ərazisində 5 sultanlıq — Ərəş, Qəbələ, Qazax, İlisu və Şəmşəddil sultanlıqları var idi.

surə (ər. «sıra», «dərəcə») — Quranın bölündüyü yüz on dörd fəslin hər biri.

suverenitet — daxili və xarici siyasətdə dövlətin xarici müdaxiləyə imkan verməyən siyasi müstəqilliyi və bağımsızlığı.

sülalə — bir nəsildən və ya ailədən olan monarxlar. Sülalə adətən nəslin əsasını qoyanın, banisinin və ya görkəmli nümayəndəsinin adı ilə adlandırılır.

Süleyman I Qanuni (Avropada Möhtəşəm Süleyman) — Osmanlı sultanı (1520-66). Süleyman onuncu Osmanlı sultanıdır, 1494-cü il noyabrın 6-da Trabzonda anadan olmuşdur. Gəncliyində əvvəlcə babasının, sonra isə atasının ordusunda döyüşmüşdür. Atası sultan I Səlimin ölümündən sonra 1520-ci ildə Süleyman taxta sahib oldu və həmin vaxtdan işğalçı müharibələrə hazırlaşmağa başladı. Mülki işlərə baxan bacarıqlı vəzir İbrahim paşa imkan yaratmışdır ki, uzunsürən müharibələr zamanı Süleymanın diqqəti ancaq qoşunu idarə etməyə yönəlsin. Süleyman atasından qalmış, dünyada ən böyük və yaxşı təlim görmüş gözəl piyada, süvari, artilleriya və mühəndislərə malik ordunun sahibi oldu. Süleymanın qoşunları 1521-ci ildə Belqradı tutdular. Növbəti ildə Süleyman rıtsarlara — Aralıq osmanlıların hökmranlığının bərqərarlaşmasına əsas maneə olan Rodos adasındakı iohançılara qarşı müharibəyə başladı. 6 aylıq uğursuz mühasirədən sonra Süleyman rıtsarlara adadan maneəsiz çıxmaq şərti ilə təslim olmalarını təklif etdi və onlar bununla razılaşdılar. Macarıstan üzərinə hücuma hazırlaşan Süleyman qonşu Polşa ilə bitərəflik haqqında müqavilə bağladı və bundan sonra 80 minlik ordusunu Macarıstana yeritdi. 1526-cı il avqustun 29-da Moxaç yaxınlığındakı həlledici döyüşdə Osmanlı türkləri güclü top atəşinin köməyi ilə bir neçə hücum nəticəsində 15 mindən çox macarı və onların kralı Lüdoviki öldürdülər. Moxaç savaşından sonra Süleyman Macarıstanın paytaxtı Budanı tutdu və öz adamını orada taxta oturtdu. Bundan sonra Süleyman Avstriya ilə müharibəyə başladı və Vyana yaxınlığında məğlubiyyətə uğrasa da, sülh müqaviləsində Macarıstana olan hüquqlarının Avstriya Habsburqları tərəfindən qəbul edilməsinə nail oldu. Avropada işlərini başa çatdıran Süleyman Şərqdə işğallara başladı: 1534-38-ci illərdə Səfəvilər dövlətinin ərazilərinə soxuldu, Təbriz və Bağdad şəhərlərini tutdu. Süleyman eyni zamanda Fransa ilə «Müqəddəs Roma imperiyası»na qarşı ittifaqa girdi. Süleymanın keçmiş dəniz qulduru Barbarossanın sərkərdəliyi ilə göndərdiyi donanma 1538-ci il sentyabrın 27-də Prevez yaxınlığındakı döyüşdə Venesiya və Avstriyanın birləşmiş qüvvələri üzərində qələbə çaldı və bundan sonra Osmanlı imperiyasının Aralıq dənizi üzərində 30 illik nəzarəti təmin olundu. 1555-ci ildə Səfəvilər dövləti ilə sülh bağlandı. Müqaviləyə görə, Ərzurum, İrəvan, Van, Təbriz və Gürcüstan Osmanlı imperiyasının tabeliyinə keçdi. Avstriyaya yürüşü zamanı 72 yaşlı Süleyman 1566-cı il sentyabrın 5-də hərbi düşərgəsində öldü. Hərbi və diplomatik sahələrdəki uğurlarına görə Süleymana «Möhtəşəm» ləqəbi verilmişdir. Öz vətənində isə sultana «Qanuni» ləqəbi verilmişdir. Süleyman öz imperiyasında incəsənətin və maariflənmənin qayğısına qalırdı.

Süleyman Rüstəm (təxəllüsü; əsl adı Süleyman Əliabbas oğlu Rüstəmzadə; 1906 — 89) — Azərbaycanın xalq şairi. Dəmirçi ailəsində doğulmuşdur. Süleyman Rüstəm Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, ictimai xadimdir. İbtidai təhsilini Süleyman Sani Axundovun direktor olduğu rus-müsəlman məktəbində almışdır. Təhsilini N.Nərimanov adına Sənaye Məktəbinin elektromexanika bölməsində, pedaqoji texnikumda, Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsində və I Moskva Dövlət Universitetində davam etdirmişdir. Süleyman Rüstəm 16 yaşından yazmağa başlamışdır.
Süleyman Rüstəmin ən məşhur əsərləri "Çimnaz xanım yuxudadır" (1922) birpərdəli komediyası, "Ələmdən-nəşəyə" (1927), «Addımlar» (1930), «Ulduzlar» (1934), «Gecənin romantikası» (1938), "İki sahil" (1950) şerlər toplusu, «Partizan Əli», «Yaxşı yoldaş», «Ana və poçtalyon» poemaları, «Qaçaq Nəbi» tarixi pyesi və başqalarıdır.

sünnilər — sünniliyin davamçıları.

sünnilik — islamda (şiəliklə yanaşı) iki əsas dini cərəyandan biri. Müsəlmanlar arasında sünnilər çoxluq təşkil edirlər. Sünnilər Quranla bərabər, sünnəni də qəbul edirlər. Şiəlikdən fərqli olaraq sünnilik müsəlman ali hakimiyyəti (imam — xəlifə) barəsində məsələ həll edilərkən «bütün icmanın razılığı»na, əslində isə onun dini-siyasi rəhbərliyinə əsaslanır.

sünnə (ər. "əs-sünnə" — «adəf, „qayda“, „qanuri“, „qayda-qanun“) — bütün müsəlman icması və hər bir müsəlman üçün Məhəmməd peyğəmbərin həyatı nümunə və təqdir kimi, insanın və cəmiyyətin həyatının bütün problemlərini həll etmək üçün maddi mənbə kimi nümunə sayılır. Sünnə Məhəmməd peyğəmbərin davranışından, deyimlərindən və deyimsiz bəyəndiklərindən ibarətdir. Sünnə nəsildən-nəslə şifahi ötürülürdü və sünnilərdə hədis, şiələrdə isə xəbər kimi qeydə alınmışdır. Allaha hansı davranışın xoş gəlməsi barədə Qurandan sonrakı mənbə kimi sünnəyə hörmətlə yanaşılır. Sünnənin öyrənilməsi müsəlman təhsilinin mühüm hissəsidir. Müsəlmanlarda adi danışıqda sünnə, sadəcə, doğru, düzgün, müvafiq hərəkət mənasını verə bilər. Bununla əlaqədar olaraq bir sıra müsəlman ölkələrində „sünnə“ sözü „sünnət adət“ mənasında işlədilir.

Süveyş böhranı (1956)  - Misir tərəfindən Süveyş kanalının milliləşdirilməsi İngiltərə, Fransa və İsrail tərəfindən Misirə qarşı təcavüz edilməsinə bəhanə oldu. Misir xalqının qətiyyətli müqaviməti və sülhsevər qüvvələrin dəstəyi təcavüzkarları hərbi əməliyyatları dayandırmağa məcbur etdi. 1956-cı ilin dekabrında İngiltərə və Fransa, 1957-ci ilin martında isə İsrail öz qoşunlarını Misirin ərazisindən çıxardılar.

syoqun — 1192 — 1867-ci illərdə Yaponiyada hərbi-feodal hakimlərin titulları; onların dövründə imperator sülaləsinin real hakimiyyəti yox idi.

 

Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər:

  • Rauf Məlikov, Tarix elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın qədim tarixi» şöbəsinin elmi işçisi
  • Nizami İbrahimov, Tarix müəllimi, «Azərbaycan tarix müəllimləri» ictimai birliyinin üzvü.
Top